“Çox pis xəstəlikdi. Allah heç kimə göstərməsin. İnsan hər an ölümünü gözləyir. Rafiq biləndə ki, bu xəstəliyi var, dedi ki, mən ölməkdən qorxmuram, amma ölümü gözləmək faciədir”
“Qızımı tək başına böyütmək çox çətindir”
Səbinə Hüseynova: “Rafiq müəllim o qədər mədəni insan idi ki, onun yoxluğu məni təsirləndirir”
“Çox pis xəstəlikdi. Allah heç kimə göstərməsin. İnsan hər an ölümünü gözləyir. Rafiq biləndə ki, bu xəstəliyi var, dedi ki, mən ölməkdən qorxmuram, amma ölümü gözləmək faciədir”
“Çox pis xəstəlikdi. Allah heç kimə göstərməsin. İnsan hər an ölümünü gözləyir. Rafiq biləndə ki, bu xəstəliyi var, dedi ki, mən ölməkdən qorxmuram, amma ölümü gözləmək faciədir”
Eşq və yaş bir-birlərinə təsir edən anlayışlar deyil. Bu baxımdan ikinci bahar insana verilən yeni bir şansdır və o, böyük bir xoşbəxtliyə çevrilə bilər. Onun da həyatında ikinci bahar yaşandı. İllər sonra o, böyük bir eşq yaşamaqla sevgidə yaşın o qədər də önəm daşımadığını göstərənlərdən oldu. Onu tanıyanlar daha çox səmimiyyətinə vurğun idilər. Tamaşaçılara gəlincə isə onu sevməyən var idimi ki? Azərbaycanın xalq artisti, Dövlət mükafatı laureatı, professor, Azərbaycan Televiziyasının məşhur siması, diktoru, 100-dən sox kino lentlərinin redaktoru, Rafiq Hüseynovu xatırlamaq istədik. O Rafiq Hüseynov ki, təkrarolunmaz səsiylə tamaşaçıların sevimlisi, televiziya diktoru kimi çalışmaq istəyən gənclərin kumiri olub. Ölümündən bir müddət keçsə də, hələ də yeri görünür, sevənləri darıxır, qızı atasına ehtiyac duyur, ona həyatının ikinci baharını yaşadan qadın isə bəzən güclü olub Rafiq Hüseynovun yadigarı olan qızı ilə təsəlli tapmağa çalışır.
Rafiq Hüseynovu xatırlamaq üçün onun qapısını döyməyə qərar verdik. Həyat yoldaşı Səbinə Hüseynova çox böyük hörmətlə Rafiq müəllimin qapısını üzümüzə açsa da, müsahibə vermək istəmədi. Dedi ki, ilinə qədər danışmaq istəmir. "Amma bir stəkan çayımı için, qonağım olun”.
Uzun söhbətdən sonra Səbinə xanım artıq özü də bilmədən müsahibə verirdi. Çox maraqlı, bir az təsirli söhbətimiz alındı. Rafiq Hüseynovu belə xatırladıq...
(Əvvəli ötən sayımızda)
- O təklif necə oldu? Romantik bir təklifmi gəldi?
- Gözləmirdim. Təbii ki, çaşdım. Dostyana bir ünsiyyət var idi. Birdən oldu. Amma məhz o təklif necə oldu, deməyəcəm.
- Təsirlənə bilmişdiniz?
- Təbii ki, təsirlənmişdim. Axı xarizmatik insan idi. Bir də Rafiq tanınmış bir şəxsiyyət idi. O təklif sadə bir insandan gəlmirdi.
- Aranızdakı yaş fərqi, Rafiq Hüseynov kimi insandan evlilik təklifi sizin özünüzdə suallar yaratmadı?
- Təbii ki, özümə də suallarım oldu. Yaxınlarım, dostlarım, elə insan olmadı ki, bu sualları mənə ünvanlamasın. Amma sevmişdim. Ailə qurdum, qadın olaraq xoşbəxt oldum. Ətrafdakıların sualları da mənim üçün maraqsız oldu.
- Bəs ailəniz necə, bu evliliyə qarşı çıxmadılar?
- Narazılıq da oldu, incidilər də, etiraz da bildirdilər. Amma mən evin tək övladı olduğum üçün üstümə də çox getmədilər. Əsas mənim ailəm idi. Onlar da mənim seçimimi qəbul etdilər.
- Rafiq müəllimlə xoşbəxt idiz?
- Mən onunla həqiqətən xoşbəxtliyi tapmışdım. Onunla ailə həyatımda bir də onu anladım ki, həyatda Rafiq kimi dürüst, səmimi, düzgün insan yoxdu. O, göründüyündən də artıq yalanı olmayan bir insan idi. Bu gün uşaqlarda belə yalan var, amma Rafiqdə yox idi. Bu keyfiyyətlər onu daha dəyərli etmişdi.
- Hiss edirdi ki, onu qısqanırsız?
- O da qısqanırdı, mən də. Amma göstərmirdik, büruzə vermirdik. O hissləri o an gizlədirdik.
- Bəs necə o məqamı aşa bilirdiz?
- Bilirsiz necə, axı bir yerdəydik. Bir yerdə tədbirə gedərdik, gələrdik, o münasibəti görürdük.
- Romantik insan olub?
- Deməzdim ki, Rafiq o qədər romantik insan idi, yox. Elə böyük romantikası olmayıb. Hətta kənardan hər hansı bir romantik hadisə baş verirdisə, gülürdü. Ona birtəhər gəlirdi. Həm də tərifləyirdi, xoş qarşılayırdı. Deyirdi, əhsən, bacarıb edir.
- Sizə qarşı hansı romantik addımları olub, ya da nə etdi ki, sizin sevginizi qazana bildi?
- Şəxsiyyəti ilə sevgimi qazanmışdı. Yəni Rafiq olduğu üçün sevə bildim onu.
- Övladı ilə münasibəti necə idi?
- Ata-bala aralarında çox isti, sıx münasibət var idi. Ürəkdən biri-birinə bağlı idi.
- İndi Leylinin neçə yaşı var?
- 17 yaşı var. 11-ci sinfi bitirir inşallah. Sənədlərini Rəssamlıq Akademiyasına verməyə hazırlaşır.
- Bəs nə əcəb televiziyaya marağı olmadı? Axı Rafiq müəllimin qızı üçün bu qapıları açmaq daha asan ola bilər...
- Leyli efirə, televiziyaya o qədər meyilli deyil. Ümumiyyətlə, özünə qapalı bir qızdı. Diqqət mərkəzində olmağı sevmir.
- Rafiq müəllim də diqqət mərkəzində olmağı sevməzdi deyəsən, baxmayaraq ki, efirdə diqqət mərkəzində olan insan idi...
- Rafiq müəllim qətiyyən diqqət mərkəzində olmağa çalışmırdı. Tanınırdı, təbii ki, ona diqqət hər zaman olub. Amma özü bunu sevən biri deyildi.
- Leyli ilə bağlı arzuları da yəqin ki, var idi?
- Leyli ilə bağlı arzuları çox idi. Onu artıq balaca qız yox, yetkin bir qız kimi görmək istəyirdi. Çünki elə bir dövrü idi ki, Leyli yeni bir geyim alırdı, atasına göstərirdi ki, ata, mənə necə yaraşır? Rafiq də tərifləyərək, fikrini deyirdi. Görürdüm ki, Rafiqin ürəyincə olur ki, qızı ondan nəsə soruşur. Hətta o qədər tərifləyirdi ki, ay Allah, qızıma necə gözəl yaraşır, qızım necə gözəldi. Leyliyə bir dəfə də olsa güldən ağır söz deməzdi. Bu illər ərzində ona bir dəfə də səsini ucaldıb nəsə demədi. Hətta mən ana olaraq nəsə deyəndə, mənə deyirdi ki, uşaqla işin olmasın. Özü bilər, ağıllı qızdı.
- Leylini harda görmək istəyirdi?
- Leylini savadlı bir xanım kimi görmək istəyirdi. Çox istərdi ki, uğurları bol olsun.
- Leyli necə, axtarırmı bu gün atasını?
- Çox darıxır atası üçün. Hər məqamda, hər anda onu axtarır. Düzdü, son vaxtlar başı dərslərə, hazırlıqlara qarışıb. Buna sevinirəm ki, darıxmağa vaxtı olmur. Amma darıxır. Hiss edirəm ki, ona ehtiyacı var (doluxsunur. Bir an göz yaşlarını gizlətməyə çalışsa da, bunu bacarmır).
Leyli hətta yemək bişirəndə deyir ki, bu, atamın sevdiyi yemək idi. Televizora baxanda deyir ki, atanın xoşladığı verilişdi.
- Sizə çətin deyil ki, Leylini atasız böyütmək?
- Çox çətindi. Qızımla bir yerdə olanda, ünsiyyət zamanı lap çətindi. Təkbaşına olanda özümə təsəlli verməyə çalışıram ki, hər şey yaxşı olacaq. Leylinin bu gün ata qayğısına, nəfəsinə daha çox ehtiyacı var. Mən də bunu bildiyim üçün bunları yaşamaq çətindi (doluxsundu). Bilirdim ki, Rafiq barədə danışsam kövrələcəm. Rafiq müəllim o qədər mədəni insan idi ki, onun yoxluğu məni təsirləndirir. İnsan səmimi insandısa, o dərhal diqqət çəkir. İnsan savadlı olsa belə əgər səmimi deyilsə, dəyəri görünmür. Əsas odur ki, Rafiqdə həm yaraşıq, xarizma, savad, səmimiyyət var idi. Kompleks şəkildə bu xüsusiyyətlər ona sevgi yarada bilirdi. Elə buna görə də Rafiq Hüseynov televiziya sahəsində brendə çevrilmişdi.
- Boş vaxtlarında məşğuliyyəti nə olurdu, nələri sevirdi?
- Kitab oxumağı çox sevərdi. Televiziyanı izləyirdi, bir də dostlarla ünsiyyəti çox sevirdi. Dostlarını dəhşətli dərəcədə çox sevirdi. Mən deyərdim Rafiq üçün dostluq tamamilə başqa bir dünya idi. İnsanda daxilən o qədər prinsipiallıq var ki, onun üçün dostluq da bir prinsipial məsələ idi. Bilsəz dostları onun üçün necə darıxır?.. Deyirlər insanın dostu çox olmur. Amma Rafiq üçün bu, istisna idi. Çünki həddindən artıq dostları çox idi, onu sevirdilər, onu çox istəyirdilər. İnsanlar hər zaman səmimi ünsiyyətə ehtiyac duyur. Rafiqdə bunu tapa bilmişdilər. Tam başqa sahənin insanları onunla bir masada oturanda onların ortaq nöqtəsini tapa bilirdi. Rafiq maraqlı həmsöhbət idi.
- Siz ən çox Rafiq müəllimin hansı tərəfləri üçün darıxırsız?
- Onun evdə nəfəsi, varlığı belə yetərli idi. Rafiqin varlığı mənə dəstək idi.
- Ev işlərində sizə kömək edərdi?
- Yox, qətiyyən. Amma yemək yeməyi sevirdi. Bişirdiklərimi sevərdi, bəyənərdi.
- Səyahəti sevən idi?
- Bir yerdə səyahətə getməyi çox sevərdi. Orda da dostları ilə ünsiyyətə üstünlük verərdi. Bir də qızı ilə vaxt keçirtməyi sevirdi. Hara gedirdiksə, muzeylərə, tarixi məkanlara, Leylini aparardı. Hətta xəstə olan vaxtı Leyli xarici ölkədə bir muzeyə getmək istəyirdi. Dedi ki, mütləq getməlisiz. Mən bir həftə dözəcəm, ancaq Leyli o muzeyi görməlidir. Getsin, baxsın. Onun üçün vacib idi ki, uşağın dünyagörüşü geniş olsun. Leylinin istəkləri onun üçün vacib idi.
- Xəstəliyini necə bildi, necə qarşıladı?
- Çox pis xəstəlikdi. Allah heç kimə göstərməsin. İnsan hər an ölümünü gözləyir. Rafiq biləndə ki, bu xəstəliyi var, dedi ki, mən ölməkdən qorxmuram, amma ölümü gözləmək faciədir.
- Nələri çatdırmağa çalışırdı? Axı ölümünü bilən insanlar bəzən nələrəsə çatmağa çalışır...
- Yox, elə bir çatdırmaq istədiyi nə isə yox idi. Sadəcə, bilirdi ki, xəstəliyi ciddidir. Mən ona deyirdim ki, hər şey yaxşı olacaq. Bu xəstəliyin bu gün müalicəsi var, sən inanmalısan. Hər zaman ona dəstək olmağa çalışırdım ki, xəstəliyə qalib gələ bilərik. Mən Heydər Əliyev Fonduna, Mehriban xanım Əliyevaya minnətdaram. Çünki Mehriban xanım bilən kimi ki, Rafiqdə belə bir xəstəlik var, xaricə getməlidir, dərhal göstəriş verdi ki, hara lazımdı getsinlər, hansı ölkəni istəyirlər, özləri seçsinlər, göndərək. Operativ şəkildə kömək oldu. Biz özümüz Türkiyəni seçdik, orda Alper adlı çox yaxşı həkim var idi. Əməliyyat oldu, uğurlu da keçdi. Sadəcə ikinci əməliyyatında ağ ciyəri zəif idi. Bir az ximiyada əziyyət çəkdi.
- Bəs sizə son sözü nə oldu?
- Son sözü olmadı Rafiqin. Sadəcə, söhbətlərimiz oldu. Bir də bir məqam yaşandı, xəstəxanada olanda əlimdən tutdu ki, dediki çox sağ ol, çox əziyyət çəkdin. Dedim bu nə sözdü, ağladım. Çox sağ ol nədi? Mən səni sevirəm, sən mənimçün dəyərlisən. Gözləri doldu. Baxışları fikirli idi. Görürdüm ki, fikir edir. Deyirdim fikir eləmə. Onun yanında dözümlü qadın olduğumu göstərməyə çalışırdım.
- İlinə hazırlıq görülür yəqin...
- Bəli, məzar daşının üzərində seçimlər aparırıq. İlinə qədər onun haqqında sənədli film hazırlanmalıdır. Eyni zamanda onunla bağlı yaradıcılıq, anım gecəsi keçirməyi düşünürük. Mən Heydər Əliyev Fonduna bir daha təşəkkür edirəm ki, Rafiq Hüseynovun adına, şəxsiyyətinə diqqət və qayğılarını hər zaman göstəriblər.
- Sonda bir neçə kəlmə ilə Rafiq müəllimi sizin dilinizdən bir də tanıyaq. Sizin üçün Rafiq müəllim kim idi?
- O mənim ailəm, uşağımın atası idi, mənim üçün hər şey, həs kəs idi Rafiq. Ən yaxın dostum, güvəndiyim, sevdiyim, hörmət etdiyim insan idi. Heyif ki, onu tez itirdim. Heyif ki, Leylini onsuz böyütməli oldum.
Tahirə Məmmədqızı