“Qızımın məktəbə sevgisi azalıb”
Dərs yükü uşaqları da bezdirib, valideynləri də
Tanınmış jurnalist Çoşqun Eldaroğlu şagirdlərin, xüsusən də aşağı sinifdə oxuyan uşaqların dərs yükündən narazılıq edir. Jurnalist bildirir ki, birinci, ikinci sinif şagirdlərinə o qədər ev tapşırığı verilir ki, uşaq bezir: "Hər dəfə ev tapşırığını yerinə yetirmək zamanı gələndə uşaq dilxor olur. Çünki onu 3-4 saatlıq ağır iş gözləyir. Onsuz da hər gün pis şərtlərlə ictimai nəqliyyatda məktəbədək uzun yol gedir.
Üstəlik, ağır dərs proqramı və bitib tükənməyən ev tapşırıqları. Hiss eləyirəm ki, məktəbə sevgisi azalıb. Çox yorulur. Yeni il bayramı ərəfəsində cəmi 5 gün dincəlmək imkanı qazandılar, onun da 2-si şənbə-bazara düşürdü, dərsə getməmək haqqıydı. Dostlarla danışanda məlum oldu ki, Ukraynada şagirdlər qış tətilindən yanvarın 15-də, Norveçdə isə 10 günlük istirahətdən sonra qayıdıblar. Mən hər dəfə qızımı məktəbə aparanda aşağı sinif şagirdlərinin ağır çantaları necə çətinliklə daşıdığını görürəm. Çünki əlavə dərs vəsaiti çoxdu.
Qızım ikinci sinifdə oxuyur. Təkcə riyaziyyatdan 4 dərs vəsaiti var. Başqa fənlərin dərslik yükü də öz yerində. Birinci sinifdə Mirzə Ələkbər Sabirin həyat və yaradıcılığını keçmişdilər, dünən baxıram ki, Ameriqo Vespuççinin Amerikanı kəşfindən danışılır. İbtidai sinif şagirdlərini bu qədər yükləmək hansı məntiqə söykənir? İkinci sinif Azərbaycan dili kitabında bəzi mətnlər üç səhifəni əhatə eləyir. Riyaziyyatdan evə elə məsələlər verilir ki, təkcə valideyn həll üçün xeyli baş sındırmalı olur. Norveçdəki ikinci sinif riyaziyyat kitabında gördüyünüz misalların həllini qızımdan burada hələ birinci sinfin əvvəllərində tələb eləyirdilər”
Jurnalist Azərbaycan təhsil sistemini Norveç təhsil sistemi ilə müqayisə edərək deyir: "Müqayisə üçün sizi Norveçdəki dərs vəsaitləri ilə tanış eləmək istəyirəm. Aşağıda şəkillərini qoymuşam. Norveçdə heç bir halda aşağı sinif şagirdlərinə qiymət yazılmır, yalnız kiçik ulduzlar və yapışqanlı şəkillər verilir. Uşaqlara ilk qiymət 8-ci sinifdə yazılır. İbtidai sinif şagirdləri üçün hələ dərs ilinin əvvəlində hədəflər yazılı şəkildə tərtib olunur və hər dəfə şagirdin individual inkişafına nəzər salmaq üçün görüşərkən (ildə 4 dəfə) bu hədəfləri, inkişaf səviyyəsini təhlil eləyirlər. Uşaq, valideyn və müəllimin üçlükdə ayrıca yarım saatlıq görüşü olur. Uşağın fikri dinlənilir və axırda lazım olarsa, valideyn müəllimlə təklikdə danışır.
Hər həftə müəllim həftəlik tədris planı hazırlayaraq, uşaqların çantasındakı qovluğa qoyur. Qovluqları və məktəb ləvazimatlarını dövlət alır. Həftəlik tədris planında hər gün məktəbdə keçiləcək mövzu, hədəf və ev tapşırığı qeyd olunur.
Ev tapşırıqlarının yerinə yetirilməsi 35-40 dəqiqədən çox vaxt aparmır. Yəqin ki, şəkillər sizə çox şey deyir. Məsələn, Norveçdəki ikinci sinif riyaziyyat kitabında gördüyünüz misalların həllini qızımdan burada hələ birinci sinfin əvvəllərində tələb eləyirdilər. Norveç dili kitablarında ibtidai sinif şagirdlərinə oxumağa əsasən kiçik və orta həcmli mətnlər verilir. Bizdəki kimi kitabda siyasi yüklü material əksini tapmır, daha çox insanpərvərlik təbliğ olunur. Aşağıda uşaqların televizora baxdığı mətnin şəklini görürsüz. Həmin hekayədə qardaş və bacının başqa ölkədə yaşayan bir ailəyə köməyindən bəhs olunur. Həmin ailə sel nəticəsində evini itirib. Qardaş və bacı qərara alır ki, şirniyyat sataraq, həmin ailəyə kömək eləsinlər”. "Dərslik elə tərtib edilməlidir ki, uşaq bu dərsliyi bağlayıb kənara itələməsin, əksinə, sevsin”
Təhsil eksperti Məlahət Mürşüdlü də jurnalistin dediklərini təsdiqləyir. Xanım ekspert "Şərq”ə söyləyib ki, dərsliklərin məzmununda yenilənmə zamanın tələbidir: "2007-ci ildən Azərbaycan təhsil sistemində ibtidai siniflərdən başlayaraq kurikulum tətbiq olunmağa başlayıb. Kurikulumun mənası yeni yol deməkdir. Bu proqramda dərsliyin məzmununda yeniləşmə zamanın tələbidir. Çünki dərsliklərimizin məzmununda yeniləşməyə ehtiyac var. Ancaq bu məzmun ibtidai sinif şagirdlərinin və onlara evlərdə dərslərini hazırlamaqda kömək edən valideynlərin qəbul edəcəyi, anlayacağı səviyyədə olmalıdır. Valideynlərlə razıyam. Bəzi dərsliklərdə çətin məsələ-misallardan, "Oxu” dərsliklərində şivədən, dialekt sözlərdən, uşaqların qavraya bilməyəcəyi şeirlərdən çox istifadə edirlər. Bu da dərsliklərimizin dilinə ağırlıq, akademiklik gətirir. Dərslik elə tərtib edilməlidir ki, uşaq bu dərsliyi bağlayıb kənara itələməsin, əksinə, sevsin. İbtidai sinif şagirdi kitabı üçün darıxmalıdır. Onları sevə-sevə açmalıdır. Ancaq təəssüf ki, bizdə bu baş vermir”.
Digər təhsil eksperti Kamran Əsədov da deyir ki, ibtidai sinifdə oxuyan şagirdlərin tədris proqramları elə qurulmalıdır ki, məktəbli məktəbdən, dərsdən bezməsin, yorulmasın:
"İbtidai sinif vahid təhsil sisteminin ilk pilləsidir. Məktəbli bu yola necə başlayırsa, sona qədər də elə davam edir. Təhsil aldığı müddətdə onda hansısa köklü dəyişikliklər edilməsi çox çətin olur. Lakin təəssüflər olsun ki, hazırda orta məktəblərin ibtidai sinfində tədris olunan proqramın ağırlıq səviyyəsi dünya standartlarına uyğun deyil. Hazırda istifadə olunan orta məktəb proqramı uşaqların intellektual, fiziki və psixoloji inkişafına uyğun şəkildə qurulmayıb, onun şəxsiyyət kimi formalaşmasında heç bir rola malik deyil. Çünki ibtidai sinif dərslikləri informasiya yükünə malikdir. Bildiyiniz kimi, Azərbaycanda orta məktəblərin birinci sinfinə gedən uşaqların heç də hamısı uşaq bağçası və məktəbəqədər təhsil pilləsini bitirmiş şəxslər deyil. Bu pillədə təhsil alan uşaqların sayı birinci sinfə gedənlərin cəmi 25 faizidir.
Deməli, birinci sinfə gedən 75 faiz uşaq məktəb, dərs, oxuyub-öyrənmək kimi bir sıra digər vərdişlərə də sahib deyil. Amma onlar dərsə başlayanda hamısına eyni səviyyədə yanaşılır. Məhz bu zaman böyük sayda şagird həddindən artıq informasiya ilə yüklənir”.
Ekspert hesab edir ki, ibtidai siniflərdə istifadə olunan dərsliklərdə olan söz və cümlələrin, tapşırıqların sayı dünya standartlarından çoxdur:
"Bizdə 6-7 yaşlı uşaqlar üçün yazılmış dərsliklər dünya standartlarında 14-15 yaşlılar üçün yazılmış dərsliklərə uyğun gəlir. Şagirdləri məktəbdə informasiya yükündən azad etmək üçün məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların sayını artırmaq və dərslikləri sadələşdirmək lazımdır”.
Anar