Qızlar hara tələsir?

Cəmiyyət özü uşaqlarını tez ərə verən ailələri qınaq etməlidir
Erkən nikahlar hər hansı bir regionun yox, bütünlükdə ölkənin problemidir




Son illərə qədər ölkənin ən çox cənub bölgəsində qeydə alınan erkən nikah problemi artıq Bakıətrafı kəndlərin və eyni zamanda digər regionların bəlasına çevrilib. 2015-ci ildə Azərbaycanda erkən nikah faktlarının ən çox qeydə alındığı rayonların adları açıqlanıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov 2015-ci ildə erkən nikah halları ən çox Şabran (18 fakt), Ağsu (22 fakt), Salyan (27 fakt) və Şəkidə (37 fakt) qeydə alınıb.

Məsələyə münasibət bildirən sosioloq Əbülfəz Süleymanlı erkən nikahların iki cür həyata keçirildiyini vurğulayıb: "Valideynlərin istəyi və məcburiyyəti ilə və bilavasitə qızın öz istəyi ilə. Yəni onların həyatında sevdikləri şəxs olur və erkən yaşda onunla ailə qurmaq qərarına gəlirlər. Bunları da biri-birindən fərqləndirmək lazımdır. Erkən qurulan ailə həyatının bir qismi uğurlu, bir qismi isə uğursuz olur. Lakin son vaxtlar, xüsusilə bəzi zonalarda sırf valideynlərin təkidilə qızların erkən yaşda ailə həyatı qurması hallarına rast gəlinir və öz mənfi fəsadlarını daha çox biruzə verir. Çünki hələ ailə həyatı qurmağa hazır olmayan və özü uşaqlıq yaşından çıxmamış qızlar valideynlərinin məcburiyyəti ilə ailə qurmağa sövq olunurlar. Bu da həmin ailədə problemlərin olmasından irəli gəlir və qızlarının da sonrakı həyatında problemlərin yaranmasına səbəb olur”.

Məsələnin həlli yollarına aydınlıq gətirən sosioloq hazırda bununla bağlı maarifləndirmə, təbliğat aparıldığını deyib: "Bunlar xüsusilə valideynlərə ünvanlanmış təbliğatlardır. Belə ki, onlar öz övladlarını erkən nikaha sövq etməkdən çəkinsinlər. Belə problemin kökündə, eyni zamanda, ənənəvi davranış modelləri dayanır. Bu, daha çox ucqar rayon və kəndlərdə özünü biruzə verir. Onlar hələ də ənənəvi stereotiplərdən uzaqlaşa bilmirlər, elə hesab edirlər ki, qız artıq müəyyən yaş dövrünə çatan kimi əvvəlki dövrlərdəki tək mütləq ərə verilməlidir. Lakin indiki dövr tam fərqlidir, istər insanların münasibətləri, ailə həyatına hazır olmaları, istərsə də Kütləvi İnformasiya Vasitələrinin insanlar üzərindəki təsiri baxımından. Amma bu kimi ailələr müasir dövrlə ayaqlaşa bilmir və qızlarını erkən yaşda ailə qurmağa məcbur edirlər. Demək olar ki, onlar ənənəvi düşüncə tərzindən çıxış edərək bu kimi addımlar atırlar”. Onun sözlərinə görə, bu problemin kökündə iqtisadi amil də dayanır: "Belə ki, ailəsində uşaqların sayı çox olur və belə hesab edirlər ki, qızlarını tez ərə verərək, iqtisadi yükü azaltmış olurlar. Ancaq sonrakı fəsadlarını düşünmürlər, yəni ailə həyatının dağılmağı, onun geri qayıtması, üstəlik də çox vaxt dünyaya gətirdiyi övladla birlikdə”.

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyir ki, mövcud vəziyyəti aradan qaldırmaq üçün maarifləndirmə, bölgələrdə, ictimaiyyət arasında güclü təbliğat aparılmalıdır: "XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Bu gün qadın-kişi hüquqlarının bərabərliyindən danışırıq, qadınlara bərabər imkanlar, bərabər nəticələr verilməsini tələb edirik. Amma qızlarımız təhsildən yayınıb erkən nikaha gedirsə, bundan necə danışa bilərik. Ona görə də biz bununla bağlı bütün istiqamətlərdə işimizi gücləndirməliyik. Bu hadisənin artmaması, qarşısının alınması üçün əlimizdən gələn hər bir şeyi - ictimai səfərbərlikdən, ictimai qınaqdan tutmuş qanunlarımızın təkmilləşməsinə və möhkəmlənməsinə qədər bütün işlər görülməlidir”.

N.Cəfəroğlunun sözlərinə görə, erkən nikahlar hər hansı bir regionun yox, bütünlükdə ölkənin problemidir və cəmiyyət özü buna qınaq etməlidir: "Cəmiyyət bilməlidir ki, erkən nikah əslində ailənin təməlinin dağılmasıdır. Qız yetkin olanda daha ailəcanlı olur, ailənin, uşağın dəyərini dərk edir, öz məsuliyyətini anlayır. Yeniyetmə yaşında olan qızlar ailə üzvlərinin, valideynlərin təzyiqi əsasında özlərindən qat-qat böyük kişilərə ərə verilirlər. Bir müddət sonra xasiyyətləri tutmadıqda və ya zorakılığa məruz qaldıqda boşanmağa məcbur olurlar. Boşandıqda isə rəsmi nikahları olmadığından heç bir mülkiyyət hüququ əldə edə bilmirlər. Bu məsələ bu gün də ciddi problem olaraq qalır”.

Şəymən