Qlobal informasiya cəmiyyəti qurulur
İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
Üçüncü minilliyin başlanğıcında olsaq da, XXI əsrin informasiya-kommunikasiya texnologiyaları (İKT) əsrində yaşayırıq. Qeyd edək ki, BMT-nin Baş Assambleyasının qərarına əsasən informasiya cəmiyyəti minilliyin ideologiyası kimi qəbul edilib. Beləliklə, artıq dünyada qlobal informasiya cəmiyyəti qurulur. Bütün tərəqqipərvər və inkişaf etmiş dövlətlər həyatı tələbata çevrilən bu proseslərdə fəal iştirak edir, minilliyin ideologiyasında təmsilçilik fəaliyyətini genişləndirirlər.
İKT-dən istifadənin səviyyəsinə görə Azərbaycan MDB məkanında liderdir
Ölkəmiz İKT-nin infrastruktur, yeni kadrlar ordusunun yaranması baxımından qabaqcıl respublika kimi tanınır. Müasir texnologiyalardan istifadə demək olar ki, gündəlik həyatımızın bir parçasına çevrilib.
"Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 02 aprel tarixli Sərəncamı ilə təsdiq edilib. Strategiyada bu sahənin inkişafı üzrə 2020-ci ilə kimi konkret məqsəd və vəzifələr müəyyən olunub.
İKT-dən istifadənin səviyyəsinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır. Belə ki, Azərbaycan Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları 2016” hesabatında "Şəbəkələşmə Hazırlığı İndeksi”nə görə əvvəlki mövqeyindən 4 pillə irəliləyərək dünyanın 139 ölkəsi arasında 53-cü yerə yüksəlib. Həmin hesabatda hökumətin gələcəklə bağlı İKT sektoruna yanaşması üzrə dünya ölkələri arasında 8-ci yeri, İKT sektorunun təbliğində hökumətin uğuruna görə 8-ci, hökumətin xidmətlərinin səmərəliliyində İKT-dən istifadə üzrə isə 12-ci yeri tutub.
"Elektron Hökumət” layihəsi İKT-nin inkişafının mühüm elementidir
Son illər inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri "Elektron Hökumət”in formalaşdırılması hesab edilir.
"Elektron Hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
Yaradılan imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "Elektron Hökumət” portalı tətbiq edilir.
"Növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşırıq”
Ötən illər ərzində qəbul olunmuş müvafiq qanunlar və normativ hüquqi aktlar İKT sahəsinin irəliləyişi yolunda geniş imkanlar açmaqla bərabər, azad bazar və sağlam rəqabət prinsiplərinin gözlənilməsinə, vətəndaşların və dövlət orqanlarının İKT-dən istifadəsinə lazımi şərait yaradıb. Ölkə başçısı, Prezident İlham Əliyev də hazırda respublikamızda "elektron hökumət”in formalaşdırılmasına böyük diqqət yetirildiyini vurğulayıb. Prezident bildirib ki, "elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi reallaşdırılır: "Həmçinin elektron imzanın istifadəsi üçün infrastruktur davamlı təkmilləşdirilir.
2013-cü ilin fevralında Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması müstəqillik dövründə qazandığımız ən yüksək texniki nailiyyətlərdəndir. İndi növbəti telekommunikasiya peykinin orbitə çıxarılmasına hazırlaşırıq”.
Portalın 700 minə yaxın qeydiyyatlı istifadəçisi var
"Elektron hökumət” portalının koordinatoru Cəmşid Naxçıvanski bildirib ki, hazırda, ölkədə "elektron hökumət”in formalaşdırılmasına ciddi diqqət yetirilir. "Elektron hökumət” portalı vasitəsi ilə dövlət orqanlarının informasiya sistemləri arasında informasiya mübadiləsi aparılmasından danışan C.Naxçıvanskinin sözlərinə görə, elektron imzanın istifadəsi üçün infrastruktur davamlı olaraq təkmilləşdirilir:
"Elektron hökumət infrastrukturu çərçivəsində reallaşdırılan layihələr müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə xidmət anlayışını tam yeni bir mərhələyə daşımaq üçün nəzərdə tutulub. Bu mərhələ informasiyaya giriş, xidmətlərin açıqlığını özündə ehtiva edən şəffaf idarəetmə mexanizmi ilə spesifikasiya olunur.
Vahid elektron xidmət platforması kimi "Elektron hökumət” portalı bütün dövlət qurumlarının xidmətlərini vətəndaşlara, sahibkarlara və qeyri-rezidentlərə bir məkandan təqdim edir.
2012-ci ildə fəaliyyətə başlayan "Elektron hökumət” portalında 89 qurumun 45 dövlət təşkilatının 438 xidməti aktivdir. 2017-ci ilin 9 ayı ərzində portaldakı xidmətlərin bir çoxu optimallaşdırılıb, portala 38 yeni xidmət əlavə olunub. Cari ildə portalda qeydiyyatdan keçmiş istifadəçilərin sayı 120 mindən çoxdur. Ümumilikdə portalın 700 minə yaxın qeydiyyatlı istifadəçisi var. Gün ərzində 60-65 min vətəndaş portala müraciət edir.
Portal dövlət qurumları arasında məlumat mübadiləsini həyata keçirir. Bunun nəticəsində, elektron xidmətlərin təşkilində bir neçə qurumun müştərək fəaliyyətinə nail olunub. Belə ki, bu il portal üzərindən vətəndaşların istifadəsinə verilmiş "Güzəştli mənzil sistemi”nə müraciət zamanı 5 dövlət qurumu arasında 7 məlumat mübadiləsi aparılır. Sadələşdirilmiş proseslər 7 mindən artıq vətəndaşa sosial mənzil almaq üçün heç yerə getmədən, sadəcə "Elektron hökumət” portalı üzərindən Mənzil İnşaatı Dövlət Agentliyinə müraciət etmək imkanı yaradıb. Həmçinin, portalda "Elektron ipoteka sistemi” yaradılıb və həmin sistemə müraciət edənlərin sayı 8 mindən çoxdur.
"Elektron hökumət” portalı dövlət və sahibkarlar arasında şəffaf münasibətlər yaradır. Belə ki, portalda olan Apelyasiya Şuralarına onlayn müraciət xidməti, Yerli İcra Hakimiyyəti Orqanlarının qəbul etdiyi qərardan narazı olan vətəndaşa bu barədə Apelyasiya Şurasına elektron şikayət ünvanlamaq imkanı verir.
Habelə, bu il "Elektron hökumət” portalı üzərindən aktiv olan elektron arayışların sayı 18-ə çatdırılıb. Həmin arayışlar vətəndaşlardan ən çox tələb olunan arayışlardır və bu arayışların vətəndaş tərəfindən əldə edilməsi bəzən sutkalarla vaxt tələb edirdi. "Elektron hökumət” portalı ilə bağlı gələcək planlardan biri də elə vətəndaşa aid bütün növ məlumatların elektron formada təmin etmək, həmçinin, bir sıra xidmətlərdə bu növ dataların dövlət qurumları arasında məlumat mübadiləsi yolu ilə əldə olunmasına şərait yaratmaqdır”.
"Elektron imza” - virtual mühitdə etibarlı imzanız
Koordinator "Elektron hökumət” quruculuğunun digər əsas elementi olan "Elektron imza” infrastrukturuna da toxunub. O deyir ki, təsdiqləyici vasitə olan "Elektron imza” həm də bir sıra elektron sistemlərdə istifadəçinin sistem tərəfindən identifikasiya - tanınmasına xidmət edir: "Bu baxımdan bu gün elektron imzanın aktiv istifadə olunduğu virtual məkanlardan biri elə "Elektron hökumət” portalıdır.
Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən hazırlanmış onlayn imzalayıcı bir sıra müraciətlərin istifadəçi tərəfindən birbaşa imzalanmasına imkan yaradır. Ötən bir ildə elektron imzanın tətbiq sahələrinin genişlənməsi səbəbindən ona olan tələbat da xeyli artıb. İndi elektron imzalara sertifikat şəklində olmaqla bərabər həm də token (flaş karta bənzər qurğu) şəklində istifadəçilərə təklif olunur. Belə ki, 2017-ci ilin 9 ayı ərzində 18 722 elektron imza sertifikatı öz istifadəçisinə təqdim olunub. 2016-2017-ci il ərzində ümumilikdə 41714 elektron imza sertifikatı istifadəyə verilib. 2015-2017-ci illər ərzində elektron imza sertifikatları vasitəsilə imzalama sayı 23 milyona yaxın olub.
Elektron imza sertifikatlarının əldə olunması sadələşəcək. 2019-cu ildən yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılması nəzərdə tutulur ki, həmin vəsiqələrin daxilində elektron imza sertifikatları da olacaq. Bunun üçün zəruri olan infrastruktur artıq hazırdır. Elektron imzaya sahib olacaq vətəndaşlar elektron sistemlərlə işləmək, vahid elektron xidmətlər portalından faydalanmaq, həmçinin, təhlükəsiz elektron yazışmalar aparmaq imkanına malik olacaq.
Bu il beynəlxalq miqyasda elektron imzaların qarşılıqlı tanınması məsələsi də gündəmdədir. Hazırda bir sıra ölkələrlə danışıqlar aparılır, ilkin olaraq Türkiyə, İran, Qətər və Ukrayna ilə reallaşdırılması nəzərdə tutulan layihə dövlətlərarası elektron ticarətin genişlənməsinə zəmin yaradacaq”.
"Bax, İstifadə et, Yarat!”
Açıq məlumatlar Açıq Hökümət təşəbbüsünün bir hissəsi kimi Elektron Hökümətin ayrıca bir elementidir. C.Naxçıvanski qeyd edib ki, Data.gov.az portalında mövcud olan xidmətlər sayəsində insanlar onlar üçün faydalı ola biləcək məlumatları rahat əldə edə bilir:
"Eyni zamanda, portalda dövlət qurumları tərəfindən açıq edilən məlumatlardan faydalanmaqla proqramçılar cəmiyyət üçün faydalı ola biləcək tətbiqlər yarada bilir. Məsələn, bu günlərdə Məlumat Hesablama Mərkəzi tərəfindən elan edilən "Bax, İstifadə et, Yarat!” adlı mobil tətbiq müsabiqəsi çərçivəsində sosial əhəmiyyətli, funksional mobil tətbiqlər hazırlanıb. Təqdim olunan 19 mobil tətbiqdən 3 ən uğurlu tətbiq sahibi mükafatlandırılıb. Sözügedən mobil tətbiqlərin hazırlanmasında daha çox Dövlət Statistika Komitəsi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirliklərinin Açıq Hökumət Məlumatlarından istifadə edilib.
Qeyd edək ki, portalda məlumatlar və məlumatlar toplusunun siyahısı müntəzəm olaraq təkmilləşdirilir.
Açıq hökumət Məlumatlarının inkişafı informasiya bərabərsizliyi anlayışı tamamilə aradan qaldırılmaqla yanaşı texnologiya əsaslı biznesi genişləndirəcək. Bu məqsədlə bu il "Açıq Hökumət Məlumatları” portalının yeni versiyası hazırlanıb, portal üzərindən təqdim olunan servislərin sayı 650-dən çox olub”.
"Elektron hökumət” portalı vasitəsilə 89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir
"Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri, İT üzrə mütəxəssis Asim Vəliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Elektron Hökumət”in formalaşması istiqamətində xidmətlərini yüksək qiymətləndirib. Mütəxəssisin sözlərinə görə, nazirlik digər dövlət qurumları ilə sıx fəaliyyət göstərir və müvafiq infrastrukturun yaradılmasına çalışır: "Artıq elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılıb, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulub. Bütün dövlət qurumları elektron hökumət sistemindən bəhrələnərək vətəndaşlara elektron xidmətlərin göstərilməsini təmin edə bilir. Hazırda "Elektron hökumət” portalı vasitəsilə 89 qurum tərəfindən vətəndaşlara 440 sayda elektron xidmət göstərilir. Bütün bunları nəzərə alaraq layihəni, onun icrasını, hazırkı vəziyyəti yüksək qiymətləndirirəm.
İnformasiya texnologiyalarının təhsilə tətbiqi gənclərə böyük üstünlüklər qazandırır
"Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim olunmasına xidmət edir.
Bu gün ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Sözsüz ki, onlar arasında üstünlük gənclərdədir. İT-nin təhsilə tətbiqi, müasir cəmiyyətin inkişafı yolunda qaçılmaz bir prosesdir və reallaşdırılan bu proses ali məktəb tələbələrinə bir çox üstünlüklər verir. Qeyd etmək istərdim ki, kompüter və İT bacarıqları tədris fəaliyyətinin bütün istiqamətlərini əvəz edə bilən universal vasitə deyil, yalnız bu prosesdə istifadə olunan alətdir”.
Aysel Aslan
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi vİnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.