Ən əsası geyimə diqqət etmək lazımdır
Rusiyada bu il payız fəsli başlayandan qrip virusunun bir neçə növü yayılıb.
Dövlət qurumlarının məlumatına görə, qonşu ölkədə "Honkonq”, "donuz” və "B” tipli qrip viruslarına qarşı kütləvi peyvənd vurulması ilə bağlı kampaniya başladılıb və bu, iki həftə davam edəcək.
Qeyd edək ki, mediada Ukraynada da təhlükəli qrip viruslarının yayılması barədə xəbərlər də yayılıb.
Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev isə deyib ki, qonşu və yaxın dövlətlərdə vəziyyətin necə olmasından asılı olmayaraq, ölkədə qripə qarşı kütləvi peyvəndləşmə üçün heç bir əsas yoxdur və vəziyyət ölkənin tibb xidmətlərinin tam nəzarətindədir. Bununla belə, baş epidemioloq tövsiyə edir ki, qripə yoluxmaqdan ehtiyat edən vətəndaşlar peyvənd etdirə bilərlər.
Baş epidemioloq bildirib ki, əgər təhlükə yaranarsa, bütün profilaktik tədbirlər görüləcək. Bununla yanaşı, İbadulla Ağayev vətəndaşları adi profilaktik qaydalara riayət etməyə çağırıb.
Baş epidemioloq bu məsələnin Səhiyyə Nazirliyinin diqqətində olduğunu da vurğulayıb.
Soyuq aylarda viruslardan qorunmaq üçün riayət edilməli olan profilaktik qaydalardan söz açan tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, insanlar havanın mütəmadi olaraq dəyişməsinə diqqət etməli və hər hansısa virusa yoluxmamaq üçün müvafiq tədbirlər görməlidirlər.
Professorun sözlərinə görə, insanlar bəzən geyimlərini düzgün seçmirlər və çox vaxt soyuqdəymə də bundan başlayır.
Zəif qidalanma, immun sisteminin aşağı olması da xəstəliyə yol açır. Qış fəslində daha çox kəskin hərarətlə müşahidə olunan xəstəliklər baş qaldırır. Normal halda insanın yuxarı tənəffüs yollarında 10-dan çox infeksiyalar, viruslar, paraviruslar, adenoviruslar var ki, həmin viruslar tənəffüs yollarında qalır. İmmun sistemi zəiflədikdə, soyuqdəymə olduqda həmin viruslar fəallaşır və qripəbənzər əlamətlər yaradır.
Xəstə insanların bir-birini yoluxdurduğunu təəssüflə vurğulayan A.Qeybulla hesab edir ki, soyuqdəymə xəstəliklərindən mütləq qorunmaq lazımdır:
"Bunun üçün də ictimai nəqliyyatda, əhalinin kütləvi toplandığı yerlərdə maskalardan istifadə etmək, çoxlu vitamin qəbul etmək, maye içmək və qidalanmaya mütləq diqqət etmək lazımdır. Ən əsası da geyimə diqqət etmək lazımdır. Qeyd edim ki, viruslar yalnız orqanizmin resuslarından asılıdır. Sadəcə, insanlar özlərini qorumalıdır ki, həmin viruslara yoluxmasınlar”.
A.Qeybullanın sözlərinə görə, sözügedən virusların Azərbaycanda yayılmasının qarşısını almaq üçün təxirəsalınmadan profilaktik tədbirlər görülməlidir.
İlk növbədə sərhəd-keçid məntəqələrində şübhəli şəxslər yoxlanılmalı və nəzarətdə saxlanılmalıdır. İnfeksiya ocağı olan ölkələrlə aviareyslər xüsusi diqqətdə saxlanılmalıdır. Əgər ölkəyə daxil olmaq istəyən hansısa xarici ölkə vətəndaşında yoluxucu virus aşkar olunarsa, həmin şəxs öz ölkəsinə qaytarılmalıdır. Ən azından virus təhlükəsi keçənə qədər trans-sərhəd zonasının əməkdaşları ciddi rejimdə işləməlidir”.
Şəymən