Qripə qarşı mübarizənin ən effektiv yolu BUDUR...






"Bakı əhalisi arasında rast gəlinən kəskin respirator virus xəstəliyi mövsümlə əlaqədar güclənib”.

Bu barədə "Sherg.az”a tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı bildirib. 

O vurğulayıb ki, hava şəraiti ilə əlaqədar yuxarı tənəffüs yollarının xəstəlikləri artıb:

"Temperaturun anidən dəyişməsi, günəş intensivliyinin azalması, nəmliyin çoxalması insan orqanizmində kəskin fərq yaradır. Bu fərq isə yuxarı tənəffüs yollarında virusların aktivləşməsinə səbəb olur. Respirator virus hava-damcı yolu ilə keçən xəstəlikdir və insandan-insana ünsiyyət yolu ilə keçir. Bu virusların yayılma və saxlanma ehtimalı, 1,5 radius əhatəsində olduğu üçün eyni yerdə olan insanlar daha çox yoluxurlar.

Qripə qarşı mübarizənin ən effektiv yolu bioloji immun sisteminin gücləndirilməsidir. Orqanizmin viruslara qarşı dözümlü olması üçün yaydan başlayaraq hazırlıq görməliyik. Bunun üçün çoxlu günəş şüası qəbul etməli, dənizə getməli, bol-bol meyvə-tərəvəz yeməliyik. Bundan başqa, şirniyyat və digər karbohidratlardan uzaq durmaq gərəkir. Orqanizmi vitaminlərlə zənginləşdirmək lazımdır ki, qripə qarşı dözümlü olsun. Hərarət yüksəldiyi, xəstəlik aktivləşdiyi zaman çalışmaq lazımdır antibiotiklərə müraciət olunmasın, sırf təbii üsullarla müalicə aparılsın. Limon, isti çay və "təbii aspirin” adlandırılan moruq mürəbbəsi ilə müalicə etmək olar.

Bəzən kollektivdə bir nəfər qripə yoluxan zaman xəstəlik digərlərinə də keçir. Çünki qrip hava-damcı vasitəsilə yayılan xəstəlikdir. Bu viruslar hətta bir müddət qaldıqdan sonra insanlara yoluxa bilir. Əlləri tez-tez yumaq, otağın havasını dəyişmək lazımdır. Ailədəki xəstə insanın təcrid olunması lazımdır. Çünki virusa yoluxan şəxs daşıyıcıya çevrilir”.

Aysel Aslan