Qüds görüşündən sonra cəbhədə vəziyyət gərginləşib - Ermənistan bu birlikdən narahatdır






"İslam ölkələrinin əksəriyyəti Qüds məsələsinə qarşı birlik nümayiş etdirir. Bu birlik isə erməniləri də narahat edir”.

Bunu "Sherg.az”a ötən gün cəbhə xəttində baş verən insident və təxribatların səbəbini izah edərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı deyib. 

O bildirib ki, Ermənistan türklərin, islam dünyasının bir araya gəlməsinə hər zaman qarşı olub:

"Bu dövlət Azərbaycana açdığı atəşlə də onda qıcıq yaradan həmin birliyə qarşı olduğunu ifadə edir. Ona görə, İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən toplantısından, ölkə başçısı İlham Əliyevin Qarabağ və Qüds problemləri haqqında çıxışlarından dərhal sonra cəbhədə vəziyyətin gərginləşməsi bununla əlaqədar ola bilər.

Buna baxmayaraq, fikrimcə bu hadisələr ermənilərin xislətindən irəli gəlir. Onlar qətiyyən geri çəkilmək istəmir. Düşmən nə qədər bacarır, Azərbaycana, müsəlmanlara qarşı əllərindən gələn pisliyi etməyə çalışırlar. Nəticədə bu gün atəşkəs ciddi pozulur. Ermənilər danışıqlar yolu ilə məsələnin həll olunmasını, mövqelərindən geri çəkilməyi istəmirlər.

Bu ermənilərin barışmaz mövqeyidir. Onlar Azərbaycan əsgərinə atəş açmaqdan, cəbhədə vəziyyəti gərginləşdirməkdən heç vaxt çəkinmirlər. Son vaxtlar aparılan danışıqlar, nazirlərin, ölkə başçılarının görüşü düşməni maraqlandırmır. Azərbaycan və Ermənistan tərəflərini masa arxasında oturtmaları heç vaxt müsbət nəticələnməyəcək. Çünki düşmən hər zaman haqsız mövqedədir”.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Salahov Fizuli Süleyman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, səbr diləyib.

Aysel Aslan