"Radarlar pul yığmaq məqsədilə quraşdırılırsa..." - AÇIQLAMA

"Radarların quraşdırılması üçün nişanların arasında olan məsafələrin standart ölçüsü yoxdur”.
Bunu "Sherg.az”a Sumqayıtdan Bakıya kimi 7 radar quraşdırılmasına qarşı etirazlara münasibət bildirərkən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib. 
O bildirib ki, bəzi yollarda radarların aralıq məsafələrini müxtəlif amilləri nəzərə alaraq hesablayırlar:
"Amma hazırda bəzi radarlar var ki, ümumi yolda olan sürətə və s. görə nizamlama həyata keçirir. Həmin radarlar orta sürətə uyğun hesablama aparır ki, sürücü qaydanı nə dərəcədə pozub. Bu təhlükəsizlik cəhətdən daha çox qayda-qanun pozulan yollarda güclü nəzarəti yerinə yetirmək üçün radarları sıx yerləşdirirlər.
Yol nəqliyyat mədəniyyəti artdıqca nəzarət formaları aşağı düşür. Yol mədəniyyət normaları aşağı olduğu ölkələrdə isə nəzarəti gücləndirirlər. Əvvəllər yol nəqliyyat xidmətinin işçiləri yollarda daha çox durur, hərəkətə nəzarət edirdilər. İndi isə bu, bir növ avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Nəzarət xüsusi kameralar vasitəsilə təşkil edilir.
Qəzalarla ən gərgin olan yol Sumqayıt-Bakı yoludur. Ola bilər, həmin yolda nəzarəti başqa formada yerinə yetirib, radarları az da qoya bilərdilər. Amma radarların çox olması da mənfi təsir göstərmir. Ümumi yol boyu nəzarət çox olarsa, sürücülər də qayda-qanunlara daha çox əməl edəcəklər. Ona görə, subyektiv fikirlərə əsaslansa, yol nəqliyyat işçiləri hansısa formada sürücüləri incitsə, buna haqq qazandırmaq düzgün deyil. Lakin həmin nəzarət formasında insanlar qayda-qanunla hərəkət etməli, heç radarlara fikir də verməməlidirlər.
Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, radarların quraşdırılması hərəkətin təhlükəsizliyinə kömək edir. Heç bir halda radarların yol hərəkətinə mane törətdiyini deyə bilmərik.
Bəzi sürücülər yol nəqliyyat hadisələri törətdikdə və ya qaydaları pozmağa meylli olduqda onlarda radarlara qarşı narahatlıq yaranır. Bütün addımlar yol nəqliyyat hadisələrinin azaldılmasına xidmət edir. Görülən tədbirlər qayda pozuntularının azaldılmasına, təhlükəsizliyin təmin olunmasına yönəlibsə, buna müsbət yanaşmaq lazımdır, Yox, əgər bu insanlardan cərimələr yığmaq, onlarda narazılıq yaratmaq məqsədi daşıyırsa, bu məsələlərə etiraz etmək olar”.
Qeyd edək ki, bu barədə iradları Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib. Sumqayıt ayırıcından Bakıya kimi təxmini 16 km-lik yolda 7 radar, 2 Yol-Polis məntəqəsi saydığını deyən xalq şairi bunu Gennesin Rekordlar kitabına düşməli biabırçılıq adlandırıb.
Aysel Aslan