Bu amil də, jurnalistlərin radioda işləmək marağının qarşısını alan səbəblərdəndir
Radio-jurnalistika mediada daha çətin sahədir
Burada görünmədən, jestsiz dinləyiciləri cəlb etmək lazımdır
Bu amil də, jurnalistlərin radioda işləmək marağının qarşısını alan səbəblərdəndir
Bu amil də, jurnalistlərin radioda işləmək marağının qarşısını alan səbəblərdəndir
Jurnalistikanın əsas qollarından biri radio jurnalistikasıdır. Uzun illərdir ki, radionu bir çox məziyyətləri ilə yanaşı, həm də şifahi nitq daşıyıcısı kimi ana dilimizin gözəlliyini, incəliyini, ədəbi normalarını təbliğ edən vasitə kimi tanıyıb qəbul etmişik. Bu gün televiziya ilə yanaşı, radio da mürəkkəb proseslərin getdiyi müasir ədəbi dilin, onun normalarının daşıyıcısı və milyonlar üçün nümunəvi nitq mədəniyyəti tribunasıdır. Radio jurnalistikası həm məzmun, həm də texnoloji baxımdan dəyişir, yenilənir. Dinləyici auditoriyasını cəlb etmək üçün yeni-yeni formalar axtarışında olur, həm də bu formalarla məzmun arasındakı qarşılıqlı əlaqələri təmin etməyə çalışırlar.
Bu axtarışların səmərəli olması üçün radio jurnalistikası sahəsində müəyyən baza biliklərinin olması çox vacibdir.
Məlumdur ki, radio hər evi, kəndi, şəhəri və ya bütün ölkəni əhatə edir. Universal ünsiyyət vasitəsi olan radio ötən illərdəki qüdrətini itirsə də, media vasitəsi kimi bir neçə saniyəyə böyük qitələri qısa dalğalar vasitəsilə birləşdirir, insanları müxtəlif məlumatlarla təmin edir. Çağdaş radio-jurnalistikanı internetdən ayrı təsəvvür etmək mümkün deyil, çünki internetin yaranması ilə radio yeni və hüdudsuz bir arena, həm də əlavə texnoloji imkanlar qazanıb. Hazırda radio yayım daha keyfiyyətli səs almağa imkan verən geniş mərkəzi rəqəmsal serverlərdən aparılır. İndi internet sayəsində minlərlə radiostansiya geniş auditoriya dilimlərinə xidmət etməkdədir. Bu gün universitet tələbələrinin radiostansiya yaratması, internet radioya sahib olmaları, öz verilişləri ilə efirə çıxmaları nisbətən əlverişli və ucuz başa gəlir. Digər tərəfdən sosial media da radioya, bu sahədə çalışan jurnalistlərə öz diktəsini edir.
Ümumiyyətlə, radioda mühit texniki cəhətdən çox əlverişlidir və proqramların canlı yayımda nümayişi üçün ideal şəraitə malikdir. Məsələn, ən son xəbərlər informasiya agentliklərindən, yerli və xarici müxbirlərdən gəlir, dinləyici telefonla danışır, interaktivlik auditoriyanı əldə saxlamağa imkan verir, yerli stadiondan son idman xəbərləri çatdırılır, böyük saraylardakı konserti dinləmək imkanı var – radio bütün gün ərzində bilavasitə insanlarla canlı ünsiyyət qurur: onları məlumatlandırır, maarifləndirir, zövqlərini oxşayır, problemlərini dilə gətirir, dərdlərinə şərik olur.
Buna baxmayaraq bu gün radioda çalışmağa meyil edən jurnalistlərin sayı azdır. Bunun da bir çox səbəbləri var. Əksər jurnalistlər televiziyada işləməklə daha çox üzdə olmaq və tanınmaq istəyirlər. Görünür, radio jurnalistikasına marağın az olmasının bir səbəbi də məhz budur: Radioda daha az tanınmaq və şöhrətpərəstlikdən uzaq olmaq. Bu, həqiqətən də radio junalistikasına marağın azalmasına səbəb ola bilərmi? Görəsən, ekspertlər nə düşünürlər?
"Türküstan” qəzetinin baş redaktoru Aqil Camal "Şərq”ə açıqlamasında bildirib ki, bu gün Azərbaycanın radio məkanına nəzər saldıqda vizuallığın az rol oynadığını görürük:
"Eyni qaydada, jurnalistlər qəzet və saytlarda da görünmürlər. Burada köşə yazarlığı və reportajlarda çəkilən şəkillər istisnadır. Radioda isə ən azından səs var. Məncə, radioya axının olmaması yaradıcılıq və ya karyera məsələsi ilə bağlı deyil. Burada başlıca məsələ radiolarda verilişlərin sayının az olması, az əməkdaşla çalışmalarıdır.
Bu gün radio məkanımızda verilişlər sürücülərə, sərnişinlərə hesablanıb. Verilişlərin mövzuları da buna uyğun qurulub. Ardıcıl mahnılar, avto-proqramlar və s. Xəbərlər isə bir neçə dəqiqə içərisində bir diktor tərəfindən oxunur. Xəbərlər içərisində radionun özünün hazırladığı müsahibələr, reportajlar, hadisə yerindən isti-isti informasiya ötürülməsi yoxdur. Digər bir yeri isə müəllif proqramları tutur. Bir sözlə, radio sahəsinə jurnalistlərin axın etməməsinin başlıca səbəbi, radioda işçi tələbatının olmaması ilə bağlıdır. Özünü adlı-sanlı sayan radiolar az sayda əməkdaşla bütün günü efiri "təmin edirlər".
"Yeniçağ.az”ın reportyoru Səxavət Məmməd bildirib ki, radio jurnalistikasının tarixi televiziya jurnalistikasından daha qədimdir:
"Ancaq son dönəmlər, nədənsə, radio-jurnalistikaya maraq azalıb. İnsanlar görünməyi, üzdə olmağı daha çox sevirlər. Ona görə də, radiodan qaçırlar. Radio-jurnalistika daha çətin sahədir. Görünmədən, jestsiz, dinləyiciləri özlərinə cəlb etməlisən. Radio-jurnalistikada hər şeydən önəmli səsdir. Bəlkə də səsinə güvənən jurnalistlərimiz də azdır.
Açığı, mənə bir neçə dəfə radio jurnalisti olmaq təklifi edilib. Tərəddüd etmişəm. Düzdür, indi də görüntülü bir işlə məşğul deyiləm, ancaq radio jurnalisti olmaq, nədənsə, məni özünə cəlb etmədi. Radio-jurnalistlərlə söhbət zamanı hamısı deyir ki, bu işin də öz maraqlı tərəfi var. Dinləyici sənin kimliyini bilmir, daim səsini eşidir. Onlara sirr olaraq qalırsan. Bəlkə bu sahənin cəlbediciliyi də bundadır.
Həmçinin ola bilər ki, radio-jurnalistikaya maraq maliyyə baxımından da cəlbedici olmaz. Hər halda maraqlı ideya və maliyyə ilə bu sahəyə diqqət artırmaq olar. Bundan əlavə jurnalistika fakültələrində radio və televiziya jurnalistikası kafedraları var. Onlar da kadr yetişdirməlidirlər. Jurnalistika fakültələrinin isə nəinki radio, ümumiyyətlə, jurnalist yetişdirdiyi mübahisəlidir”.
Tanınmış tədqiqatçı-jurnalist, media və sosial sahə üzrə ekspert, Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bildirib ki, kənardan baxana döyüşmək asan gəldiyi üçün Azərbaycanda istənilən sahədə, xüsusilə də jurnalistika sahəsində fəaliyyətə başlamaq, özünü təsdiqlətmək və uğur qazanmaq kənardan baxanların bəziləri üçün asan görünür. Amma əslində media sahəsində uğur qazanmaq həddən artıq çətin və məsuliyyətli işdir.
Çünki media yeganə sahədir ki, bu sahədə uğur qazanmaq üçün təkcə jurnalistika üzrə nəzəri biliklər kifayət etmir: "Bunun üçün jurnalistlərdən hərtərəfli dünyagörüş, savad, intellekt, həyati təcrübə, fitri istedad, qabiliyyət və sair tələb olunur. Bir sözlə, peşəkar jurnalist olmaq üçün əllərin qabarlı olmalı, yuxusuz, ac-susuz günlər keçirməli, hər zəhmətə qatlaşmalı, bütün əzab-əziyyətlərə sinə gərməlisən. Bu proses həm də uzun zaman tələb edir. Bütün bunlara görə də əksər insanlar daha asan yolla populyarlıq qazanmağa çalışırlar. Bu da təbii ki, jurnalistikamızda mənfi tendensiyalara yol açır”.
Ekspert bildirir ki, mediamızın ən çətin qollarından biri də radio jurnalistikasıdır və bu sahədə peşəkar jurnalistlərimizin sayı barmaqla sayılacaq qədər azdır. Onun dediyinə görə, keçmiş SSRİ dövründə radio jurnalistikası sahəsində çalışmaq, özlərini sınamaq istəyən jurnalistlər kifayət qədər olub: "Çünki sovetlər dönəmində digər sovet respublikalarında olduğu kimi, Azərbaycanda da radio sahəsi öz əhəmiyyətli roluna görə jurnalistikanın digər sahələrindən xüsusilə fərqlənib. Söhbət ondan gedir ki, SSRİ dövründə əmək fəaliyyəti ilə məşğul olan insanlar daha çox radiolarda səsləndirilən mahnılara, audioverilişlərə qulaq asardılar. Yaxşı xatırlayıram. Mən uşaq ikən pambıq yığımında iştrak edən pambıqçılar istirahət edəndə mütləq radiolarda səsləndirilənlərə böyük həvəslə və maraqla qulaq asardılar. Üstəlik, həmin dövrlərdə radio xalqla dövlət arasında bir körpü rolunu oynayırdı. Belə ki, o zamanlar vətəndaşların şikayətlərinin, oxucu məktublarının geniş ictimaiyyətin diqqətinə çatdırılmasında radiolar böyük rol oynayırdı. Həm də əksər dinləyicilər radiolara ünvanladıqları məktublarda, məsələn, hər hansı bir aşığın timsalında dastanlara qulaq asmağı, özlərinin, yaxud kimlərinsə şeirlərinin səsləndirilməsini xahiş edirdilər. Radiolar isə bu xahişlərin böyük əksəriyyətini yerinə yetirirdi. Amma Azərbaycan müstəqillik qazandıqdan sonra radioların fəaliyyətində nəzərəçarpacaq qədər dəyişikliklər müşahidə olunmağa başladı. Söhbət ondan gedir ki, müstəqillik illərindən üzübəri respublikamızda özəl radiolar fəaliyyət göstərməyə başladı. Müstəqil fəaliyyət mexanizmini həyata keçirən həmin radiolarda həm ciddi, həm də bayağı verilişlər translyasiya olundu. Bununla da radiolarımız SSRİ dövründəki nüfuzunu tamamilə itirdi. Üstəlik, həm gənc nəslin, həm də yaşlı nəslin nümayəndələri artıq radiolardan çox telekanallara, internet şəbəkələrinə maraq göstərməyə başladılar. Bir sözlə, keçmiş SSRİ dövründəki şanlı nüfuzunu itirmiş radiomuz indiki insanlarımızın zövqünü tam oxşayacaq və geniş dinləyici auditoriyası toplayacaq qədər verilişlər hazırlamaq gücünə sahib deyillər”.
Mərkəz rəhbəri bildirir ki, istər dövlət, istərsə də özəl radiolarda cavan və peşəkar kadrlar kifayət qədər azdır:
"Həmin radiolarda ayrı-ayrı verilişlərdə diktor, aparıcı, redaktor və digər müxtəlif məsul vəzifələrdə çalışanların böyük əksəriyyəti məhz yaşlı nəslin nümayəndələridir: "Bəzi məlumatlara görə, radiolarda çalışan jurnalistlərimizin əməkhaqları onları qane etmir. Üstəlik, iş rejimi, iş qrafiki çox gərgindir. Bu baxımdan da jurnalistika fakültəsini bitirən jurnalistlərimizin böyük əksəriyyəti əvvəlcədən radio jurnalistikasını seçməyəcəklərini bəyan edirlər. İstər jurnalistika fakültəsini bitirənlərdən, istərsə də digər ali məktəblərin məzunları olanlardan bəziləri isə radiolarda işə başlasalar da, sonradan həmin sahəni tərk edirlər və telekanallara, yaxud, yazılı və elektron KİV-lərdə çalışmağa üstünlük verirlər. Digər bir amil də budur ki, radiolarda çalışan jurnalistlər arasında tanınanlar çox az saydadır. Çünki tanınmaq, irəli çəkilmək üçün uzun zaman lazımdır. Təbii ki, gənclərimiz daha az müddətdə daha çox tanınmaq, populyarlaşmaq arzusundadırlar”.
Təbriz Vəfalı qeyd edir ki, radio-jurnalistika sahəsində mövcud olan problemləri həll etmədən bu sahədə gözlənilən uğuru qazanmaq qeyri-mümkündür. Onun dediyinə görə, bu sahəyə meyli artırmaq üçün bir sıra tədbirlər dövlət səviyyəsində də həyata keçirilə bilər:
"Məsələn, radio-jurnalistika sahəsində çalışmaq istəyəcək gənclərimiz üçün stimullaşdırıcı tədbirlər həyata keçirilməlidir. Belə ki, jurnalistika fakültəsinin tələbələrinə radiolarda yarımştat olmaqla işləmək imkanı yaradılmalıdır. Yazılacaq senarilərə, yaxud, hazırlanacaq verilişlərə görə qonorarların məbləği yüksək olmalıdır. Üstəlik, radioverilişlərin xalqa, insanlara sevdirilməsi üçün sanballı verilişlərin hazırlanmasına xüsusi diqqət yetirilməlidir və sair. Əgər dediyim problemlər öz həllini taparsa, radiolarımız keçmiş SSRİ dövründəki kimi həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda nüfuz qazana bilərlər”.
(Davamı var...)
Yeganə Bayramova