Ramil Səfərov döyüşməyə hazırdır

Zabitimizin atası şəhidlərimizin ailəsinə başsağlığı verib



Qəhrəman zabitimiz Ramil Səfərovun atası Sahib Səfərov şəhidlərimizin ailələrinə başsağlığı verib. Dünən "Şərq” qəzeti redaksiyasına telefon açan S.Səfərov son günlər cəbhə xəttində ermənilərin törətdiyi təxribatlardan hiddətləndiyini bildirib:

- Şəhidlik ən şərəfli yoldur. Hər adam o zirvəyə çata bilmir. Azərbaycan əsgərləri ermənilərin hər cür təxribatının qarşısını igidliklə alır. Biz ilanın başını öz yuvasında əzəcəyik. Mən buna əminəm. Azərbaycan əsgəri də, bütün Azərbaycan xalqı da Ali Baş Komandanın bir əmrinə bənddir ki, düşməni məhv etsin. Erməni silahlıları bu cür təxribatçı hərəkətləri ilə heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan əsgəri ayıq-sayıqdır və düşmənə layiqli cavabı verir. Mən şəhidlərimizin ailələrinə başsağlığı verirəm, bu cür igid övladlar yetişdirən valideynlər qarşısında baş əyirəm.

S.Səfərov Ramil Səfərovun da ordumuzdakı itkidən təsirləndiyini və şəhidlərin ailələrinə başsağlığı verdiyini dedi:

- Ramili də bu xəbər təsirləndirib. Ramil işləyir, hərbi vəzifəsini yerinə yetirir. Və istənilən an cəbhədə döyüşməyə hazırdır.

Məlahət