“Reket” jurnalistlər mətbuat adına ləkədir
Bu cinayətkarlardan yaxa qurtarmaq üçün qanunlar sərtləşməlidir
Məlumdur ki, ötən gün "Realliq.info” və digər "reket” informasiya saytlarının rəhbəri İkram Rafiq oğlu Rəhimov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bəlli olub ki, İkram Rəhimov reket saytlar yaradaraq, ayrı-ayrı vətəndaşlar barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarda yayırmış. Həmin yazılar müqabilində vətəndaşlardan pul tələb edən İ.Rəhimov bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplayıb. Rəhbərlik etdiyi "reket” saytlar Mətbuat Şurasının müvafiq komissiyası tərəfindən "qara siyahı”ya salındığı üçün qurumun rəhbərliyini və üzvlərini hədəfə alıblar. Bu barədə çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırıldıqdan sonra sözügedən şəxsin saxlanılmasına qərar verilib. Məhkəmə qərarı əsasında aparılmış əməliyyat tədbirləri ilə İkram Rəhimovun silsilə cinayət əməlləri də müəyyən olunub. Hazırda istintaq araşdırmaları davam edir.
"Reket” jurnalistlərin fəaliyyəti ilə bağlı "Şərq”ə danışan "Axar.az” saytının baş redaktoru Anar Niftəliyev "reket”lərdən yaxa qurtarmaq üçün qanunvericiliyin təkmilləşməli olduğunu bəyan edib. Baş redaktor təklif edib ki, saytların qeydiyyatdan keçmə proseduru müəyyənləşməlidir:
"Televiziyalar necə qeydiyyatdan keçirsə, yəni müəyyən əmlaka, təhsilli kadrlara malik qurum qeydiyyat üçün necə müraciət edirsə, saytların da qeydiyyatında bənzər, bir az daha sadə qanunvericilik bazası yaratmaq olar. Məsələn, domen almaq, sayt və yaxud agentlik kimi fəaliyyət göstərmək istəyən şəxs ilk növbədə bu iş üçün lazım olan avadanlığa, ofisə və peşəkar kadrlara malik olduğunu göstərməlidir. Güman edirəm ki, onların bu göstəricilərini yoxlamaq funksiyasını Mətbuat Şurasına vermək mümkündür. Yalnız Mətbuat Şurasının müvafiq rəyini alandan sonra adama domen verilməlidir. Belə olduğu halda həm də Mətbuat Şurasının məsuliyyəti artmış olacaq. Həmçinin, MŞ-yə bu göstəricilərə uyğun gəlməyən saytların bloklanması üçün müraciət etmək səlahiyyəti də verilə bilər. Yoxsa aylar, bəlkə də illərlə davam edən məhkəmə çəkişmələrindən sonra bir "reket”in saytı bloklanır. Lakin Mətbuat Şurasının açıqlamasında da deyildiyi kimi, həmin şəxs bir saatın içində 5 sayt aça bilər. Çünki domen almaq üçün heç bir şərt yoxdur. İstənilən şəxs 20 manatını verib, qeydiyyatdan keçə və fəaliyyət göstərə bilər”.
A.Niftəliyevin sözlərinə görə, yalnız şikayət olunduğu halda "reketçiliklə" məşğul olan ayrı-ayrı fərdlərə qarşı həyata keçirilən hüquqi tədbir kütləvi mübarizə sayılmır:
"Bəs şikayət olunmayanlar necə olsun? "Reketliklə” məşğul olan sayt və ya "jurnalistlər"in hamısından hüquq-mühafizə orqanlarına və yaxud Mətbuat Şurasına şikayət edilirmi? Axı şantaja məruz qalan çox adam abrına qısılır, pulunu verir və səsini çıxartmamaqla "reketliklə” məşğul olanların, bir növ, "inkişafına" şərait yaradır. MŞ-yə və ya hüquq-mühafizə orqanlarına şikayəti edilməyən "reketlər" azdırmı? Onları media olaraq, bizlər bəzən daha yaxşı tanıyırıq və əksəriyyətinin hazırda heç də "qara siyahı"da və yaxud haqq etdiyi yerdə olmadığını yaxşı bilirik”.
Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə də "Şərq”ə deyib ki, "reket” jurnalistika məhvə məhkumdur. JAM sədri bəyan edib ki, mətbu ictimaiyyət "reket jurnalistika"ya qarşı amansız olmalıdır: "Reket” jurnalistlər mətbuatın üz qarasıdır.
"Reket" jurnalistlərin kökünü kəsmək üçün bütün vicdanlı qələm adamları səfərbər olmalıdır. Mətbuat Şurasının "reket jurnalistika"ya qarşı apardığı mübarizəni alqışlayıram. Şura yarandığı gündən mətbu sferanın saflaşması uğrunda mübarizə aparıb. Mübarizə bu gün də davam edir. Odur ki, indiki həssas məqamda Mətbuat Şurasını meydanda tək qoymaq olmaz. Qurumun rəhbərliyinə qarşı atılan böhtanlara hamılıqla cavab verməliyik. MŞ həmişə müstəqil mətbuatı, azad fikri müdafiə edib. Dəfələrlə şahidi olmuşam ki, Əflatun Amaşov jurnalistləri ayrı-ayrı məmurların, əlində ciddi maliyyə resursları olan iş adamlarının hücumundan qoruyub. Bununla paralel olaraq, "reket" jurnalistlərə münasibətdə prinsipial mövqe sərgiləyib. Bu isə qarşı tərəfi qıcıqlandırıb, onların şər-böhtan kampaniyasına başlamasına səbəb olub. Əsas odur ki, Azərbaycan cəmiyyəti ayıqdır, ağı qaradan seçməyi bacarır. Bu baxımdan Azərbaycan Mətbuat Şurasına olan hücumları enerji itkisi hesab edirəm. Bu cür cəhdlər nəticəsiz qalacaq”.
"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da bildirib ki, "reket” adlandırılan dilənçi və şantajçı saytlar, qəzetlər ciddi cəzalandırılmalıdır:
"Bu cür şəxslər həqiqi jurnalistikanı gözdən salır. Şantajla məşğul olur, insanları ləkələyir, rüşvət alır və hər cür hoqqalardan çıxırlar. Adını da "mətbuat azadlığı” qoyurlar. Axı azadlıq anarxiya demək deyil. Dövlət qurumları vətəndaşların şərəf və ləyaqətini qorumağa borcludur. Belə saytların sayı-hesabı yoxdur. Bir çoxu milli və dövlət təhlükəsizliyinə də təhlükə yaradırlar. Cəbhədə döyüşlər başlayanda şahidi olduq, dezinformasiyalar baş alıb gedir, əhalidə qorxu yaradır, düşmən mənafeyinə uyğun materiallar yayımlanırdı”.
Ekspertin sözlərinə görə, "reket” saytlar hansısa şirkətlərin və məhsulun reklamı üçün aldadıcı məlumatlar yayırlar:
"Gənclərə əxlaqsızlıq təbliğ edilir, çoxsaylı problemlər yaradırlar. KİV güclü silahdır, əhaliyə çox ciddi təsir imkanlarına malikdir. İctimai rəyi formalaşdıran institutdur, onu nəzarətsiz buraxmaq olmaz. Ümid edirəm ki, proses bununla bitməyəcək və media məkanında qanunsuz işlərlə məşğul olan bütün saytlar barədə ciddi tədbir görüləcək”.
İsmayıl