Rektor müəllimlərə vahid forma geyindirəcək

“Əgər müəllim aşırı açıq geyinirsə, geyimi ona pedaqoji həyatında müəyyən problemlər yaradırsa, bu cür qadağalar tətbiq etmək olar”
“Ali məktəbdə dərs deyən müəllimin geyimi ilə danışığı arasında uyğunluq olmalıdır”


Bakı Slavyan Universitetinin (BSU) yeni rektoru Nurlana Əliyeva müəllimlərin geyimindən danışıb. Xanım rektor qeyd edib ki, BSU-da ciddi olmasa da, müəyyən kadr islahatları aparılacaq. Onun sözlərinə görə, BSU-da müəllim və şagirdlərin geyimi ilə bağlı ciddi tələblərin qoyulması düzgün deyil: "Müəllimin zahiri görkəmi və daxili bütövlüyü bir-birinə uyğun olmalıdır. Müəllimin zahirinə baxan kimi bilinməlidir ki, bu, müəllimdir. Tələbələrin qarşısında mühazirə oxuyarkən digər əlamətlərlə diqqəti cəlb etməməlidir. Özünün səliqə-səhmanı və ciddiliyi ilə diqqəti cəlb etməlidir. Müəllimin geyimi korporativ geyim olmalıdır. Tələbənin geyimi isə öz ruhuna, tutduğu mövqeyə və gördüyü işə uyğun olmalıdır”.

Rektorun addımına münasibət bildirən təhsil üzrə ekspert Nabatəli Qulamoğlu diqqətə çatdırıb ki, insan hüquqları bəyannaməsinə görə, olduğu məkandan asılı olmayaraq hər kəs geyimində azaddır: "Amma bura Azərbaycandı. Ölkəmizdə mental qaydalar var. Həmin qaydalar ali məktəblərdə də özünü göstərir. Ali məktəbdə dərs deyən müəllimin geyimi ilə danışığı arasında uyğunluq olmalıdır. Forma və məzmun arasında rabitə olmayanda bu hal insanın beynində oturuşmur. Bu reallıqlar fonunda rektorun addımını təqdir edirəm. Amma beynəlxalq norma baxımından bu, tamamilə yanlış qərardır. Azad geyinmək insan haqları bəyannaməsində öz əksini tapıb. Hər bir müəllim istədiyi tərzdə geyinib, tələbə qarşısına çıxa bilər”.

Ekspertin qənaətincə, geyim məsələlərinə görə müəllimləri çox sıxmaq yaxşı hal deyil: "Müəllimə geyim tətbiqi o vaxt mümkündür ki, müəllim aşırı açıq-saçıq geyinsin. Əgər müəllim aşırı açıq geyinirsə, geyimi ona pedaqoji həyatında müəyyən problemlər yaradırsa, bu cür qadağalar tətbiq etmək olar. Yoxsa hansısa müəllimə "cins şalvar geymə” deməyin nə məntiqi var axı? Yaxud da kişi müəllimlərə "mütləq qalstuk taxın” deməyin heç bir mənası yoxdur. Amma yenə deyirəm ki, müəllimin həddən artıq açıq-saçıq geyinməsi yaxşı hal deyil. Həmin müəllim tələbələrin də lağ obyektinə çevrilir. Belə müəllimləri auditoriyaya buraxmağın tərəfdarı deyiləm”.

Ayyət Əhməd