Rəqəmlər dəhşətlidir...

Qayınanalar, qayınatalar odun üzərinə yağ tökməməlidir
Münaqişəli ailələr risk qrupuna daxildir, boşanmalar burdan başlayır






"5000 münaqişəli ailə potensial risk qrupudur”. Bu sözləri "Şərq”ə açıqlamasında "Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. M.Zeynalova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqladığı rəqəmlərə istinad etdiyini vurğulayıb.

Qeyd edək ki, Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova KİV-ə açıqlamasında münaqişəli ailələrin sayında artım müşahidə edildiyini təəssüflə bildirmişdi. A.Veysəlova qeyd etmişdi ki, Azərbaycanda təxminən 5000-ə qədər münaqişəli ailə var və onlarla iş aparılır: "Münaqişəli ailələr Daxili İşlər Nazirliyi və müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları tərəfindən nəzarətə götürülərək, qeydiyyata alınır. Münaqişəli ailələrlə işin aparılması, belə ailələrə daimi səfərlərin təşkil edilməsi çox vacibdir. 

Bu ailələr nəzarətə götürülür. Münaqişəli ailələrdə həm kişi, həm qadın, yaxud da valideyn-övlad münasibətlərində problem varsa, uşaqlarla müəyyən profilaktik işlər aparılır, səbəblər araşdırılır. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlardakı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində də həssas və risk qrupuna aid olan ailələrlə iş aparılır”. 

Dövlət Komitəsinin əməkdaşının sözlərinə görə, görülən tədbirlərin keyfiyyətli olması üçün davamlılıq çox vacibdir:

 "Münaqişəli ailələrdən danışarkən ortaya bir neçə nüans çıxır. Nikaha daxil olmaq istəyən cütlüklərin ailə, ailə öhdəlikləri ilə bağlı nə dərəcədə təsəvvürləri olur? Cütlük ər və arvad hüquqlarını nə dərəcədə bilir? Onlar dünyaya gələcək övladın məsuliyyətini hiss edə bilirlər? Azərbaycanda cütlüklər bu sadalananlara hazırdırlarmı? Ölkəmizdə nikaha daxil olmazdan əvvəl tibbi müayinə icbari qaydada tətbiq olunur. Cütlüklər həm də sosial-psixoloji cəhətdən evliliyə hazır olmalıdırlar. Yaxud da, tutaq ki, beş il əvvəl qurulmuş ailələrdə daimi konfliktli situasiyalar yaranır. Bunların da səbəbləri araşdırılmalıdır. Burada seminarlarla, "dəyirmi masa”larla yanaşı, daha təsiredici vasitələrdən istifadə olunmalıdır. Məsələn, sosial çarxların, ailədaxili münasibətlərin pozulmasına gətirib çıxaran səbəbləri özündə əks etdirən qısametrajlı filmlərin nümayiş etdirilməsi lazımdır. Bu cür filmlər insanların düşüncəsində böyük təsir buraxır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan ailəsi” film festivalı öz müsbət nəticələrini göstərməkdədir. Başqa bir məqam isə ondan ibarət olur ki, ailə boşanma mərhələsinə gəlib çatır. Bu ailədə şiddət, zorakılıq müşahidə olunur. Bu cür ailələrdə artıq hansısa preventiv və profilaktik tədbirlər öz təsirini göstərmir, hüquqi məsələlər ön plana çıxır”.

A.Veysəlova qeyd edib ki, kütləvi informasiya vasitələrində, cəmiyyətdə uğurlu ailə modellərinin, uğurlu ailə hekayələrinin daimi işıqlandırılması, təbliğ edilməsi çox vacibdir: 

"Adətən Azərbaycanda kişinin ailəni iqtisadi cəhətdən təmin edən bir rolu olur. Qadın isə mənəvi-psixoloji tərəfdən ailəni idarə edir. Amma bu, belə olmalı deyil. Bu yanaşma dəyişməlidir. Ata da övladın tərbiyəsində mühüm rol oynamalı, ailənin mənəvi-psixoloji sağlamlığına öz töhfəsini verməlidir. Ata yalnız pul qazanıb gətirən, ailənin maddi ehtiyaclarını ödəyən bir şəxs deyil. Onun ər, valideyn funksiyası var. O da bu funksiyanı hərtərəfli yerinə yetirməlidir”.

A.Veysəlovanın açıqlamalarının həqiqəti əks etdirdiyini vurğulayan M.Zeynalova da münaqişəli ailələrin potensial risk qrupu olduğunu bildirdi:

- Biz həmişə bu qənaətdə olmuşuq ki, münaqişəli ailələr risk qrupuna daxildir. Boşanmalar, ailədə parçalanma, uşaqların psixologiyasında pozğunluqlar, uşaqların ailədən soyuması, valideynlərə inamsızlıq, uşaqların ailədən qopmaları, qadınların insan alveri qurbanına çevrilməsi... bütün bunların mənbəyi ailədaxili zorakılıqla qoyulur. Ailədə kiçik münaqişələr, getdikcə böyüyür. Bir dəfə qadınına yüngül əl qaldıran kişi, ikinci dəfə bir az da sərt davranır, getdikcə isə döyülmələr, dava-dalaş artıq adi, hərgünki yaşam tərzinə çevrilir. Sonunda isə ya boşanma, ya da qətl hadisəsi baş verir. Nə qədər belə hadisələrin şahidi olmuşuq ki, ər arvadı, yaxud da qadın ərini qətlə yetirib. İnsan alveri də burda mütləq diqqətdə saxlanmalıdır. Çünki çox zaman məhz ailə münasibətləri pozulmuş, ailədə zorakılığa məruz qalmış qadınlar insan ticarətinin qurbanına çevrilir. 

Ona görə də ailə münaqişələrinin həllinə lap başlanğıcdan - gənc ailə qurulan zaman başlamaq lazımdır. Gənc ailədə vəziyyət gərgin hal alırsa, bunun səbəbləri tapılmalı və münaqişə həll edilməlidir ki, gərginlik artmasın, böyüməsin. Burada da qadın və kişinin doğmaları, yaxınları əsas rol oynayır. Qayınana da, qayınata da vəziyyətin yüngülləşməsinə xidmət etməlidir, daha odun üzərinə yağ tökməməlidirlər. Təəssüf ki, boşanmaların sayının artmasında da, ailə münaqişələrində də biz valideynlərin barışdırıcı deyil, qızışdırıcı mövqedə dayandığını görürük. Münaqişəli ailələrlə ciddi iş aparılmalıdır. Bu işdə yerli orqanlar kənarda qalmamalıdır. Hər bölgədə hansı ailədə vəziyyət necədir, yerli əhali də bilir, yerli orqanlar da. Yerli əhali də işə cəlb edilməlidir, yerli orqanlar da. Dövlət orqanları ictimai təşkilatlarla sıx əməkdaşlıq etməlidir, fəal qadınlardan ibarət xüsusi qrupların yaradılması da işin xeyrinə olar.

Məlahət Rzayeva