Rəsulzadənin doğum günüdür

Sabir Rüstəmxanlı: “Nəzərdə tutulduğu kimi ona heykəl qoyulmalı idi. Amma icra edilmədi”
Natiq Məmmədli: “Müşahidələrimə əsasən onu deyə bilərəm ki, insanların Rəsulzadəyə münasibəti istənilən səviyyədə deyil”


 Azərbaycan xalqının milli lideri, demokratik cümhuriyyətimizin qurucusu, böyük öndər, dahi mütəfəkkir, ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Rəsulzadə bizim millət olaraq bəşəriyyət tarixinə bəxş etdiyimiz ən parlaq şəxsiyyətlərdən biridir. Damarlarında azərbaycanlı qanı axan hər bir gənc Rəsulzadə və onun ideyalarından örnək götürməlidir.

Çünki Azərbaycanın xoş sabahına gedən yol, məhz, həmin ideyaların reallaşmasından keçir. Bütün həyatını xalqının, millətinin azadlığı uğrunda mücadiləyə həsr edən böyük öndərimiz son nəfəsdə də üç dəfə "Azərbaycan” deyərək ölümüylə ölümsüzlüyə qovuşub. Hətta yalnız "İnsanlara hürriyyət, millətlərə istiqlal!” ifadəsinə görə belə Məhəmməd Əmin Rəsulzadəni sevmək, anmaq lazımdır.

Müstəqilliyə qovuşub, milli kimliyimizi dərk edən hər gənc azadlıq məfkurəsinin banisi, quberniyalara bölünmüş şimali Azərbaycanı bir dövlət kimi quran M.Ə.Rəsulzadəni yad etməyi bir növ özünün vəzifə borcu hesab etməlidir. Çünki indi ayaq basdığımız torpaq, tapındığımız milli dövlətçiliyimiz, hər zaman uca tutduğumuz ideyalarımız bizə məhz Rəsulzadədən miras qalıb. Amma nədənsə, milli liderin doğum gününə biganəlik var.

Rəsulzadə və Cümhuriyyət hökumətinin hakimiyyətdən lazımi diqqət almadığı iddiasına gəldikdə isə ictimaiyyət üzvlərinin bu istiqamətdə fikirləri haçalanıb. Kimi böyük demokrata bigalənikdə cəmiyyəti, kimi də dövləti nişan verib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, Rəsulzadənin doğum günü ilə bağlı hər il rəsmi dövlət proqramları keçirmək bəzən mümkün olmur: "Amma Azərbaycan xalqı hər il Rəsulzadəni xatırlayır və onun xatirəsini əziz tutmaq üçün Novxanıdakı heykəlini gül-çiçək yağışına tutur. Mənə elə gəlir ki, Rəsulzadənin doğum günləri ilə əlaqədar hər il rəsmi tədbirlərin keçirilməməsini dövlətin laqeydliyi kimi dəyərləndirmək doğru yanaşma deyil. Təbii ki, Rəsulzadəyə layiq olduğu səviyyədə qiymət vermək, onu yad etmək üçün Bakıda heykəlinin qoyulması zəruridir. Bu mənada Rəsulzadənin xatirəsinin yetəri səviyyədə anıldığını iddia etmək də doğru olmaz. Bunun üçün nəzərdə tutulduğu kimi ona heykəl qoyulmalı idi. Amma icra edilmədi. Həmçinin onun adının bəzi dövlət əhəmiyyətli müəssisələrindən götürülməsi də doğru addım deyildi. Ən azından bu olmaya bilərdi. Sadəcə olaraq bir şeyi unutmayaq ki, Rəsulzadə üçün bu dünyada ən ali dəyər bir daha yüksələn bayrağın bir daha yerə enməməsi idi. Azərbaycanın milli dövlətçiliyi yaşadıqca, Rəsulzadənin adı da yaşayacaq. Mənə elə gəlir ki, böyük liderə ən böyük abidə və xatirə elə budur.

Bu il Rəsulzadənin 131 illiyi olduğu üçün onun doğum gününün dövlət səviyyəsində qeyd olunmadığını vurğulayan "Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli isə ötən il onun 130 illik yubileyinin ölkədə yüksək səviyyədə qeyd olunduğunu xatırladıb: "Onun əsərlərinin dövlət vəsaiti hesabına çap olunması ilə bağlı prezident sərəncam da imzalamışdı. "Kaspi” qəzeti olaraq, biz də Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi ilə bağlı xüsusi buraxılış da yaymışdıq”.

N.Məmmədlinin sözlərinə görə, onu düşündürən əsas məsələ dövlətin yox, cəmiyyətin Rəsulzadəyə olan münasibətidir. Dövlət müvafiq zamanlarda öz funksiyasını yerinə yetirir: "Əsas sual doğuran odur ki, Rəsulzadənin ideyaları, milli mənlik şüuru cəmiyyətdə nə dərəcədə təbliğ olunur? Böyük demokratın təbliğatı elə Azərbaycan Xalq Cümhuriyyətinin təbliğatı deməkdir. Cümhuriyyətin yaddaşı isə tariximizin ən əsas və şanlı səhifələrindən biridir: "Müşahidələrimə əsasən onu deyə bilərəm ki, insanların Rəsulzadəyə münasibəti istənilən səviyyədə deyil. Çox istərdim ki, Rəsulzadənin doğum günü Cümhuriyyətin ən böyük tarixi hadisələrin biri kimi anılsın”.

Baş redaktor hesab edir ki, Rəsulzadənin beyinlərə yeridilməsi, ürəklərdə iz buraxması təbliğatla yanaşı, insanların ona münasibətindən də asılıdır: "Biz 1918-ci il 28 may tarixində Rəsulzadənin liderliyi ilə yaradılan Azərbaycan Cümhuriyyətinin qədrini bilməyən nəslin nümayəndələriyik. Bunu heç vaxt unutmaq olmaz. Necə ki, biz əsrin əvvəllərində Cümhuriyyətin və həmin dövrdə formalaşan milli-mənəvi dəyərlərimizə sahib çıxa bilmədik. Millət olaraq buna hazır deyildik. İndi də həmin dövləti və ideyaları yaradan şəxsiyyətlərə qarşı eyni münasibəti sərgiləyirik”.

Şəymən