Reyhan dünyanı heyran edib

Elm və təhsilin inkişaf etdirilməsi
Azərbaycan hələ sovetlər dönəmində də dünya elminə öz töhfələrini vermiş alimləri ilə ad çıxarıb. Tariximizin hər səhifəsində azərbaycanlıların izini görmüşük, hünərindən qürurlanmışıq.
Azərbaycan SSR Elmlər Akademiyasının ilk prezidentlərindən olan Yusif Məmmədəliyev kəşfləri ilə dünya kimya elminə yeniliklər gətirib. Bir çox böyük layihələrdə onun əməyi danılmaz fakt kimi göstərilib.
Süni intellekt nəzəriyyəsinin, eləcə də qeyri-səlis məntiqin banisi dünya şöhrətli alim, Kaliforniyanın Berkli Universitetinin professoru Lütfi Zadənin adı isə qürur mənbəyimiz olub. Bu böyük azərbaycanlı alim həmin universitetin ömürlük professoru seçilmiş yeganə şəxsdir. Süni intellekt nəzəriyyəsinin banisi kimi tanınsa da, onun digər 5 kəşfi modern dünya üçün əsl inqilab sayılır. Təəssüratlar nəzəriyyəsi, sistemlər nəzəriyyəsi, sözlə işləyən kompüter nəzəriyyəsi, optimal süzgəclər nəzəriyyəsi və "soft kompyutinq” də onun adı ilə bağlıdır. Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alimdir. Yalnız 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.
Dünyanın raket texnikasını dərindən bilən az alimlərindən biri olan Kərim Kərimovun elmi potensialı ilə də öyünürük. K.Kərimov hələ ali məktəbə sənəd verərkən savadı yoxlanıb və istedadına görə birdən-birə beşinci kursa qəbul edilib. Müharibə vaxtı hərbi sursatların və döyüş mərmilərinin hazırlanması ilə məşğul olsa da, K.Kərimov sonradan ömrünü tamamilə elmə həsr edib. Alim ballistik raketlərin radioölçmə sahəsində, kosmik parametrlərin və aparatların hazırlanmasında mühüm elmi kəşflərə imza atıb.
-Digər bir dünya şöhrətli alimimizin kristalloqraf, geologiya-mineralogiya elmləri doktoru, professor Xudu Məmmədovun əsərlərindən Amerikada, Avropa ölkələrində istifadə olunur. Alim bəzi əsərlərini hətta özü ingilis dilində yazıb. İndi həmin nəzəriyyələr kristalloqrafiya elmi sahəsində əsas mayak rolunu oynayır. 50-dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristal quruluşunu öyrənib, tədqiqatlarında elektronoqrafiya, rentgen-spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə edib. Xudu Məmmədov həm də estetika ilə intellektuallığın, fəlsəfə ilə elmin sintezini yaradanlardan biri kimi tarixə düşüb.
Bu siyahını xeyli uzatmaq olar. Mədəniyyətimizə, tariximizə, ədəbiyyatımıza, elmimizə möhrünü vuran o qədər istedad sahibləri var ki... Bu qədər zəngin mədəniyyəti, biliyi olan xalqı heç vaxt sıradan çıxarmaq olmaz. Ənənəvi söz olsa da bu reallığı indi dünyanın ən inkişaf etmiş xalqları qəbul edir, razılaşır. Gələcəyə baxanda da görürük ki, Azərbaycanın dünyaya səs salacaq nəhəng alimlər ordusunun sırası heç vaxt seyrəlməyəcək. Yeni nəslin içərisində boy göstərən neçə-neçə elm adamları, gənc istedadlar Azərbaycanın adını tarixə qızıl hərflərlə yazdıra biləcəklər. Gənc ixtiraçı Reyhan Camalova da artıq o yolun yolçularındandır.
"Dünyada iz qoymaq istəyirəm”
15 yaşlı Azərbaycan övladı hələ 5 yaşından kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Nəhayət, o yağış suyunu enerjiyə çevirən qurğu - "Rainergy” layihəsi ilə gündəmə gəlib, dünyada tanınıb. "Rainergy” yağışdan elektrik enerjisi alan cihazdır. Reyhan müsahibələrinin birində deyir ki, yağış suyu xüsusi filtrlərdən keçdikdən sonra içməli su kimi də istifadə oluna bilər: "Hazırda dünyada alternativ enerji mənbələrindən istifadə geniş yayılıb. Elə sözügedən "Rainergy”cihazı da alternativ enerji mənbəyi olaraq yağışdan elektrik enerjisi alır, yağışlı bölgələrdə yaşayan insanların enerji tələbatlarını ödəyir. Filipin, İndoneziya, həmçinin Hindistanın bəzi bölgələri üçün xüsusi ilə çox əlverişlidir. Bu cihazın işləmə prinsipi hidroelektrik stansiyaların işləmə prinsipinə bənzərdir və buradan alınan enerji akkumlyatorda toplanır ki, daha sonra insanlar bu enerjidən ehtiyacları olduqları zaman istifadə etsin. Cihaz küçə lampalarının və reklamların gecələr işıqlandırılmasında da istifadə oluna bilər”.
Qeyri-adi istedada malik gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, "Nobel” mükafatı qazanmağı düşünür.
Planlarlından danışan gənc ixtiraçı deyir ki, dünyada Lütfi Zadə kimi iz qoymaq istəyir: "Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri olan biri olmaq istəyirəm”.
İvanka Tramp azərbaycanlı qızın ixtirasını alqışlayıb
ABŞ Prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, xanım Tramp çıxışında deyib:
"Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhan çox gəncdir. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkət yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var - "Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm”.
Məlumatda deyilir ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir.
GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradıb.
ABŞ Səfirliyi mədəniyyət və professional mübadilə proqramları, həmçinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə Azərbaycanda sahibkarlara güclü dəstək göstərir. Qadın və qızlar lazımi təcrübə və imkanlar əldə etdikləri zaman onlar maliyyə baxımından azad olur və özlərinə güvənirlər. ABŞ Səfirliyi Reyhanın uğurunun dəstəklənməsində iştirak etməkdən və onun müstəsna nailiyyətlərini işıqlandırmaqdan məmnunluğunu bildirib.
Ailənin dəstəyi hər zaman lazımdır
Reyhan Camalovanın ixtirası və GES haqqında fikirləri maraqlıdır. Onun sözlərinə görə, "Rainergy” qurğusunun kütləvi buraxılışı üçün artıq sərmayədarlar müəyyən təkliflər irəli sürüblər. Gənc ixtiraçı ümumi hündürlüyü 9 metrə çatan qurğunun əsasən musson iqlimi hakim olan ölkələr üçün əhəmiyyət daşıdığını qeyd edib.
"GES-dən gözləntilərim çox böyükdür. GES mənim gələcək uğurlarım üçün qızıl açardır”, - deyə Reyhan bildirib.
Reyhanın məşhurlaşmağında ailəsinin də böyük rolu olub: "Ailəm mənə çox dəstək olub. Adi kağız parçasından maket düzəltdikdə belə, məni tərifləyib, özgüvən yaradıblar. Atam həkimdir və elmi araşdırmalarda çox maraqlıdır. Hər dəfə onunla nələrisə müzakirə edir, elmi araşdırmaları izləyir, bununla bağlı filmlərə baxırdıq. Bütün ideyalarımı birinci atama danışır, məsləhətləşirdim. "Rainergy” də belə meydana gəldi. Hazırda dünyada alternativ enerji mənbələrinə ehtiyac çoxalıb. Avropanın bir çox ölkələrində günəş panellərindən, külək enerjisindən çox istifadə edirlər. Günəş, külək, hətta çaylardan da enerji almaq mümkündür. Yağışdan niyə almayaq? Layihəni hazırladıq və müsabiqələrə qatıldıq”.
Mehriban Əliyeva Reyhana dəstək verib
Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar - dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb. Görüşdə gənc ixtiraçılar öz layihələri və gələcək planları barədə geniş məlumat veriblər. Qeyd edilib ki, Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur. Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər.
Mehriban Əliyeva bildirib ki, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. O, ölkəmizdə bu cür gənc nəslin formalaşması ilə fəxr etdiyini vurğulayaraq, dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara daim diqqət yetiriləcəyini qeyd edib.
Reyhan Camalovanın adı "Forbes”in siyahısına düşüb
Azərbaycanlı şagirdin adı ilk dəfə "Forbes” jurnalının "30 yaşdan aşağı 30 nəfər” siyahısına daxil edilib.
Dünyada 30 yaşınadək nailiyyət qazanmış insanların adlarının yer aldığı siyahıda yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunun yaradıcısı 15 yaşlı Reyhan Camalova da var.
Gələcək, öz intellektual potensialından daha çox istifadə edən ölkələrindir
İqtisad elmləri doktoru, sosioloq Əhməd Qəşəmoğlu da gənc azərbaycanlının uğuruna sevinir:
- Reyhan Camalovanın uğuru daha geniş təbliğ olunmalıdır. Bu, gənclərimizi yaradıcılıq işinə, keyfiyyətli təhsilə daha çox həvəsləndirə bilər. İndiki vaxtda bu bizə çox lazımdır. Ölkəmizdə, gənclər arasında intellektual potensialın hərəkətə gəlməsinə kömək ola bilər. Gələcək, öz intellektual potensialından daha çox istifadə edən ölkələrindir.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov da razılaşır ki, gənc kadrlar işə cəlb edilməli və onlara geniş imkanlar verilməlidir: "İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanda 30 yaşından aşağı bir nəfər də elmlər doktoru yoxdur. Bu əlbəttə ki, yaxşı göstərici deyil. Amma Reyhan Camalova bu istiqamətdə bir ilkə imza ata bilər. Bu, Azərbaycan elmi, Azərbaycan təhsili üçün çox vacibdir. Təsəvvür edin ki, 15 yaşlı, regionda təhsil alan bir qız, azərbaycanlı ixtiraçıdır. Bu ixtira isə, yerli əhəmiyyətli deyil.
Reyhan xanım 2017-ci ildə qurulan Reynerci startapının təsisçisidir. Yağış suyundan enerji istehsalını nəzərdə tutan bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. Bu, Azərbaycan elmində, Azərbaycan təhsilində təkrarı olmayan mühüm hadisədir. Bəli, Azərbaycan elmi hər dövrdə alimlərinin kəşfi ilə dünyada tanınıb. Amma heç vaxt regionda yaşayan 15 yaşlı orta təhsil alan biri dünya əhəmiyyətli uğura imza atmayıb.
Reyhan Camalova Azərbaycan məktəblisinə bir müsbət örnəkdir, nümunədir. Onun fəaliyyəti dərsliklərə salınmalı, uğurları 4500 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin hər birinə öyrədilməlidir.
Hesab edirəm ki, Təhsil Nazirliyi, elm fondu və digər qurumlar Reyhan Camalovanı xüsusi nəzarətə götürməli, onun yüksək təhsil alması üçün bütün imkanlar yaradılmalıdır.
Reyhan Camalovaya xüsusi diqqət yetirsək, o yaxın zamanlarda Azərbaycana Nobel mükafatını gətirəcək. Bunu əminliklə deyə bilərəm”.
Yusif Yusubov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.