Ruhani Ermənistana səfər edə bilir, Netanyahu Bakıya gələ bilməz?
Siyasi ekspertlər hesab edir ki, İsrailin Baş nazirinin gəlişi Azərbaycanın daxili işidir
İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycana rəsmi səfər edəcək.
Azərbaycana səfəri zamanı İsrailin Baş naziri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.
Səfər çərçivəsində iqtisadi sahədə əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması gözlənilir.
Maraqlıdır, Netanyahunun Bakı səfəri İsrail məsələsində hər zaman böyük həssaslıq göstərən
İranı qıcıqlandıra, İran-Azərbaycan münasibətlərini gərginləşdirə bilərmi?
Politoloq Qabil Hüseynli bunun Azərbaycan üçün heç bir əhəmiyyət daşımadığını vurğulayıb.
İranın Ermənistanla hər cür əlaqə yaratdığını vurğulayan politoloq deyib ki, Həsən Ruhani
Ermənistana səfər edə bilir, İsrailin Baş naziri Azərbaycana gələ bilmir? Biz suveren dövlətik və
suveren siyasət yürüdürük. Biz istədiyimiz dövlətlə münasibət qururuq.
Bu vaxta qədər İsraillə diplomatik münasibətlər yaratmamışıq. İrana görə bunu etməmişik. Lakin
İran İsrailin bizə verə biləcəyi və ya edə biləcəklərinin heç mində birini də edə bilməz və etməz.
Bu baxımdan Netanyahunun səfəri İranı qıcıqlandırsa da, qıcıqlandırmasa da, İsraillə
münasibətlər önəmlidir. İsrail bizim üçün strateji bir dövlətdir. Onunla ticarət və diplomatik
əlaqələr yaratmağa böyük ehtiyac var. İsrail lobbisi ilə əməkdaşlıq, İsraillə birgə silah istehsalı
və s. kimi məsələlər var ki, bunların hamısı ölkəmiz üçün önəmlidir. Biz bunları yalnız İsraillə
görə bilərik. Biz texnoloji baxımdan inkişaf etmiş digər bir dövlətlə bunu görə bilmərik”.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan
İranın daxili işlərinə qarışmadığı kimi İranın da Azərbaycanın daxili işlərinə qarışmağa ixtiyarı
yoxdur: "Bir neçə gündən sonra İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək. Təbii
olaraq bizə qonşu olan İran Prezidentinin ölkəmizə düşmən olan Ermənistana səfər etməsi
Azərbaycanda diqqət mərkəzindədir və haqlı olaraq bu səfər bizdə narazılıq yaradır. Amma
dövlət rəsmiləri hər hansı formada bu narahatlıqlarını dilə gətirmirlər. Məsələ ekspertlər
səviyyəsində müzakirə olunur. Əks halda, bu, İranın daxili işinə qarışmaq kimi dəyərləndirilə
bilər ki, bu da Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirə bilər. İsraillə
Azərbaycan arasındakı əməkdaşlığın inkişafı, İsrailin Azərbaycandan neft alması, Azərbaycana
silah satması və Netanyahunun Bakı səfəri kimi məsələlər də Azərbaycanın daxili işi olduğu
üçün İranın hər hansı formada etiraz edəcəyini güman etmirəm. Sözsüz ki, bu səfər İranın
müəyyən dairələrində ciddi narahatlıq doğuracaq. Amma bizim daha ciddi arqumentlərimiz var.
Hər halda İsraillə İran arasındakı düşmənçilik Azərbaycanla Ermənistan arasındakı düşmənçiliyə
adekvat deyil. İkincisi, fərqli mahiyyət daşıyır.
İran özünü dünyaya islam təəssübkeşi kimi təqdim edir, amma cənub qonşusunun torpaqlarını
işğal edən, məscidlərini dağıdan dövlətlə əlaqələrini davam etdirib, qarşılıqlı səfərlər həyata
keçirir”.İranla Azərbaycan münasibətlərinin hazırda yüksək səviyyədə olduğunu vurğulayan politoloq
deyib ki, mövcud əməkdaşlıqlar fonunda İran rəsmiləri Netanyahunun Bakı səfərinə ehtiyatla
yanaşmalıdırlar.
"Tehran Bakıya "İsraillə əlaqələri kəs” şərtini qoya bilməz”
İsrailin yəhudi lobbisi Azərbaycanı həmişə müdafiə edir, lakin İranın səsi çıxmır.
Bu barədə Sherg.az-a İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfərindən
danışarkən keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, İsrail və Azərbaycan münasibətlərinə İran tərəfinin müdaxilə haqqı yoxdur:
"Belə bir qayda yoxdur ki, Azərbaycanın İranla münasibətləri yaxşıdırsa, İsraillə əlaqələri
pozulmalıdır. Hətta qardaş ölkə Türkiyə ilə İsrail arasında müəyyən anlaşılmazlıq yaşandıqda,
Azərbaycanla İsrailin münasibətləri yaxşı idi. Azərbaycan müstəqil dövlətdir, siyasətini də
müstəqil qurur. İstənilən halda qonşu ölkə ilə münasibətlər də yüksək səviyyədə saxlanmalıdır.
Ticarət, gediş-gəliş, əlaqələr genişləndirilməli, hətta viza məsələsi həll edilməlidir. Amma
qətiyyən Tehran Bakıya şərt qoya bilməz ki, bizimlə yaxınlaşdıqda, İsraillə əlaqələri kəsin.
Beynəlxalq arenada İsrailin yəhudi lobbisi yüksək səviyyədə Azərbaycanı müdafiə etdikdə,
İranın səsi belə çıxmayıb. Bu səbəbdən İsraillə münasibətlər pozula bilməz. Biz qonşu dövlətə
görə neçə il İsraildə səfirlik açmadıq. Bundan böyük güzəşt ola bilməz. İranın da sevmədiyimiz
dövlətlərlə, xüsusilə düşmən ölkə Ermənistanla əlaqələri var. Biz ona İrəvanla əlaqələri kəsməsi
barədə şərt qoya bilmərik. Dövlətimiz, onun daxili və xarici siyasəti müstəqildir”.
Şəymən
Aysel