Rus bölməsində təhsilə maraq milli təhsilin zəifliyi ilə bağlıdır

Firudin Cəlilov: “Təsəvvür edin ki, azərbaycanlı ailədən olan uşaq öz dilində deyil, yabançı dildə oxuyur. Füzulini, Nizamini tanımır”
Aqşin Yenisey: “Şəxsən bizim kənddəki qohumların ailələrində adını yaza bilməyən gəlinlər var, uşaq böyüdürlər”


Azərbaycanda valideynlərin rus bölməsinə marağı əvvəlki illərlə müqayisədə 2-3 dəfə artıb. Bu barədə Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirib. Qurum rəsmisinin sözlərinə görə, əvvəllər şagirdlərin rus bölməsi üzrə əhatə dairəsi 6 faizdən bir az yuxarı idisə, hazırda bu rəqəm 14-15 faizə çatıb:

"Məktəbi, tədris dilini seçməkdə valideynlər azaddır. Bu, valideynlərin hüququdur. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır. O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.

Bu tendensiyanın yaranma səbəbləri barədə danışan sabiq təhsil naziri, professor Firudin Cəlilov qeyd edib ki, rus bölməsində dərslər daha yaxşı proqramla keçirilir. Rusiyada tətbiq olunan proqramlardan istifadə olunur. Rus bölməsinin müəllimləri savadlıdırlar, dünya görüşləri çox zəngindir. Məhz bu səbəblərə görə, valideynlər övladlarını rus bölmələrinə qoyurlar: "Bunlar obyektiv səbəblərdir. Vəziyyətdən çıxış yolu odur ki, milli məktəblərin səviyyəsini yüksəltmək lazımdır. Orta məktəblərə kişi müəllimləri cəlb etmək və dərslikləri maraqlı etmək gərəkir”.

Sabiq nazirin qənaətincə, bu tendensiyanın mənfi tərəfləri çoxdur: "Təsəvvür edin ki, azərbaycanlı ailədən olan uşaq öz dilində deyil, yabançı dildə oxuyur. Füzulini, Nizamini tanımır. Öz foklorundan xəbəri yoxdur. Milli bazadan uzaqlaşıb ayrı bir xalqın nəzəriyyəsinin təsiri altına düşür. Əlbəttə, bu axının ziyanı çoxdur”.

Şair, publisist Aqşin Yenisey isə söyləyib ki, övladlarını rus dili bölməsinə qoyanlar ölkənin mədəni, savadlı və gələcəyi düşünən təbəqəsidir: "Təəssüf ki, müstəqillik dövründə təhsilin səviyyəsi xeyli aşağı düşdü. Bunun günahkarı təkcə nazirlik deyil. Xalqın mental düşüncəsi də istənilən geriləmənin sürətlənməsinə şərait yaradır. Və bu geriləmələr məktəblərdə Azərbaycan dili bölmələrində özünü daha qabarıq şəkildə göstərir. Xüsusilə 10-11-ci sinif Azərbaycan dili bölməsinin şagirdlərinin çoxu məktəbə oxumaqdan başqa nə üçün desəniz gedirlər; meyxana deməyə, xırda xuliqanlıqlar etməyə, oğru dünyasını yamsılamağa və s. Ağlı başında olan adamlar bunu görür, ona görə övladlarının xilası üçün onları nisbətən məktəbə oxşayan rus dili bölmələrinə qoyurlar və məncə, doğru edirlər. Geosiyasi proseslər də onu göstərir ki, Azərbaycanın indiki halda xilası müsəlman dünyasından nə qədər uzaq qala bilməyindədir. Təəssüf ki, biz bu müddət ərzində ədəbiyyatın, incəsənətin inkişafına fikir vermədik. Buna görə Azərbaycan dili elitarlaşmadı. Yenə də imperiya dövründə olduğu kimi əyalət, məişət dili səviyyəsində qaldı. Bu gün yenə Azərbaycanda mədəniyyətin, elmin dili rus dilidir. Bu danılmazdır. Ona görə dövlətin dil siyasəti dəyişməlidir və bu özünü ilk növbədə təhsil sahəsində göstərməlidir. Kənd yerlərindən isə heç danışmağa dəyməz. Əyalətdə nəinki rus, heç öz dilimizdə də yazıb-oxumağı bacarmayanların sayı getdikcə çoxalır. Şəxsən bizim kənddəki qohumların ailələrində adını yaza bilməyən gəlinlər var, uşaq böyüdürlər. Gələcəyini fikirləşən bir valideyn nə üçün öz övladını belə bir avamlığın qurbanına çevirsin ki?!

Ayyət Əhməd