Rusiya artıq sanksiyalardan ehtiyatlanmır

Əks təqdirdə, Krıma quru yol açmaq cəhdini etməzdi



Avropa Birliyinə üzv olan ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyaları mart ayından daha 6 ay uzatmaq barədə qərar verib. XIN başçıları sanksiyaların uzadılmasına səbəb kimi Ukraynada vəziyyətin gərginləşməsini göstərib. Bir sıra ekspertlərin fikrincə, Qərbin basqıları Putinin geri çəkilməsinə yox, əksinə, daha da aqressivləşməsinə səbəb olacaq.

Rusiyaya tətbiq olunan sanksiyaların vaxtının uzadılmasına münasibət bildirən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu da Putinin yumşalacağını gözləmir. Politoloq hesab edir ki, sanksiyalar Qərb ölkələrinin özünə də iqtisadi ziyan vurur: "Sadəcə olaraq son günlər avronun məzənnəsinin dollara nisbətdə düşməsi və Avropa ixracının həcminin, Qərb mallarının rəqabət qabiliyyətinin artması sözügedən ölkələrin itkilərini xeyli dərəcədə kompensasiya edib”. Politoloqun sözlərinə görə, sanksiyaların uzadılması üçün şəraiti çox güman ki, elə Rusiyanın özü yaradıb: "Bəlkə bununla rəsmi Moskva daxili səfərbərliyi öyrənmək istəyir. Əks halda, sanksiyanın bitmə müddətinin yaxınlaşdığı bir vaxtda Rusiya Krıma quru yol açmaq cəhdini etməzdi”.

"Region” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurullayev isə deyib ki, Rusiya sanksiyalara 2016-cı ilə kimi dözsə də, bir neçə aydan sonra ölkədə iqtisadi vəziyyət daha da çətinləşəcək: "Rusiyaya qarşı sanksiyalar uzadılmamışdan öncə ABŞ prezidenti Barak Obama Moskvaya qarşı sərt sanksiyaların olacağı barədə bəyanat verib. Rusiya 450 milyard dollar olan rezerv büdcəsindən artıq 50-60 milyardını xərcləyib. Bu ilin sonuna, 2016-cı ilin əvvəlinə qədər Rusiya bu rezervləri xərcləyərək ayaqda dura bilər. Lakin nə qədər dirəniş göstərsə də, rezervlərin tükənməsi dövlətin əsaslarını sarsıdacaq və Kreml rəhbərliyi acınacaqlı vəziyyətə düşəcək”.

İsmayıl