Rusiya əlindən gələni edəcək ki, Qarabağda müharibə olmasın

“Çünki münaqişənin həll olunması ilə Moskva Azərbaycan və Ermənistana təzyiq rıçağını itirmiş olur”



"Rusiya güc balansının pozulmasına imkan verməyəcək”. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Regiondakı genişmiqyaslı hərbi münaqişələrdən danışan Putin bildirib ki, Cənubi Qafqazda strateji güc balansını saxlamaq üçün rəsmi Moskva üzərinə düşən hər şeyi edəcək:

"Söhbət planetin qaynar nöqtələrində olan münaqişələrdən yox, bizə yaxın bölgələrdəki müharibə ocaqlarından gedir. Nəzərə almaq lazımdır ki, hansısa müharibənin başlanması beynəlxalq təhlükəsizlik sisteminin pozulması və yeni silahlanma yarışının başlanması demək olacaq”. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiya tərəfinin verdiyi açıqlamalarda ikili, ya üçlü məna axtarmaq lazım deyil: "Biz başa düşürük ki, Dağlıq Qarabağda vəziyyət necə mürəkkəbdir. Bilirik ki, əslində hansı metodlar vəziyyəti sabitləşdirə bilər”. Xatırladaq ki, dördgünlük müharibədən sonra Ermənistan Rusiyanın Azərbaycana silah satışında məhdudiyyətlər qoyması üçün dəfələrlə çağırış edib. Konkret olaraq cəbhə xəttində vəziyyət gərginləşdikdən sonra Ermənistan rəhbərliyi Rusiyanı Azərbaycana silah satmaqda günahlandırıb. Kreml isə İrəvanın ittihamlarını geri çevirib. Rəsmi Moskva bəyan edib ki, Rusiya Azərbaycan və Ermənistana silahı maraqları balanslaşdıraraq satır. Putinin açıqlaması ilə bağlı "Şərq”ə danışan tanınmış politoloq Tofiq Abbasov deyib ki, Rusiya Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğu üçün prosesdə yaxından iştirak edir. Ekspertin sözlərinə görə, Kreml müharibənin yenidən gündəmə gəlməsini qeyri-məqbul hesab edir: "Putin dəfələrlə açıq şəkildə gündəmə gətirib ki, Rusiya sərhəddində baş verən bütün olaylar Moskvanı narahat edir. Aprel savaşı sübut etdi ki, əgər kənar müdaxilə olmazsa, Azərbaycan öz torpaqlarını hərbi yolla ala bilər. Əslində ermənilərin mütəmadi olaraq atəşkəsi pozması, təxribatlara əl atması düşmənin güclü olmasından deyil, daxili və xarici siyasi proseslərdən irəli gəlir. İndiki halda erməni hakimiyyəti sülh istəmir, çünki barışıq onlara sərf etmir. Genişmiqyaslı hərbi əməliyyatların başlanması və Azərbaycan Ordusunun qələbə qazanması isə Rusiyaya sərf etmir. Çünki münaqişənin həll olunması ilə Moskva Azərbaycan və Ermənistana təzyiq rıçağını itirmiş olur. ABŞ və Fransadan fərqli olaraq Rusiyanın münaqişənin həlli prosesində daha "ürəkli” davranmasının əsas amillərindən biri coğrafi ərazidir. Rusiyanın münaqişə ocağına yaxın olması rusların prosesdəki rolunu artırır. Təbii ki, heç bir ölkə sərhədləri yanında qanlı müharibənin başlanmasını arzulamaz”. Politoloq bildirib ki, bəzi xarici qüvvələr Putinə xəbərdarlıq ediblər. Onlar deyiblər ki, Rusiyanı özlərinə düşmən bilən dövlətlər postsovet məkanında münaqişələrin sayını artıracaq və Orta Asiyada, Dnestryanı bölgədə toqquşmalar yenidən başlayacaq. Bu səbəbdən Rusiya regionda baş verə biləcək hər hansı münaqişənin qarşısını almağa çalışır. Xüsusən də Dağlıq Qarabağ savaşının yenidən hərbi müstəviyə keçməməsi üçün əlindən gələni edir”.

İsmayıl