Rusiya Ermənistandan çəkilən deyil

Politoloqlar və ictimaiyyət nümayəndələri Tofiq Zülfüqarovun proqnozunu alt-üst etdilər



Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Lider televiziyasında yayımlanan "Panoram” verilişində Rusiyanın Ermənistandan gedəcəyi proqnozunu verib.
Onun bu bəyanatı isə sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib.
O, Rusiyanın mövcud şərtlər daxilində Ermənistanın təhlükəsizliyini müdafiə etməyə qadir olmadığını söyləyib.

T.Zülfüqarov Ermənistanda baş verən son hadisələrin bu ölkənin cəmiyyətinin Qərbin həyat tərzini seçdiyini düşünür. Digər analitiklər, ictimaiyyət üzvləri isə Rusiyanın Ermənistandan gedəcəyinin inandırıcı olmadığı düşüncəsindədir.

Polemikaya qoşulan hüquq müdafiəçisi Sahib Məmmədovun fikrincə, Jellostone vulkanının püskürmə və dünyanı məhv etmə ehtimalı Rusiyanın yaxın vaxtda çökəcəyi və Ermənistandan gedəcəyi ehtimalından min dəfə realdır: 

"Siyasətçi, diplomat belə danışmır. Bu falçılıqdır. Mərhum politoloq Vəfa Quluzadənin Rusiyanın çökəcəyi ritorikalarının eynisidir. Məsələ belədir ki, Rusiya zəiflədikcə təhlükəli olur. Bunu da nəzərə almaq lazımdır. Ermənistana Rusiyadan uzaqlaşmaq sərf etmir. Rusiya isə Ermənistanı itirə bilməz. Amma dünya düzənində gözlənilməz proseslər baş verərsə və sizin dediyiniz olarsa, bu bizim üçün əlverişli şərait yaradar”.

Politoloq Nəzakət Məmmədova:

 "Rusiya Ermənistandan getməsi üçün ya Rusiya dağılmalıdır, ya Ermənistan. Ya da yer-göylə birləşməlidir”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Rusiyanın Ukraynanı nə günə qoyduğunun canlı şahidi olduğunu deyib:

"Ukraynanı dağıtdılar. Ukrayna Rusiyadan əl çəkdi, amma bununla belə Rusiyanın Ukraynadan əl çəkmək kimi fikri yoxdur. Tam nəzarətindəki Ermənistandan niyə əl çəksin ki?”

Professor Qulu Məhərrəmli qısa olaraq sabiq XİN başçısının fikirlərini fantastik janrda söhbət adlandırıb.

Feysbukda gedən müzakirələrə Tofiq Zülfüqarov özü də reaksiya verib: 

"Ukrayna Rusiya üçün daha vacibdir, yoxsa Ermənistan... Birmənalı Ukrayna. Onda niyə Rusiya ordan çıxdı? Bu suala cavab versəniz, sizə hər şey aydın olacaq. Bir neçə il əvvəl Ermənistan Rusiya üçün forpost idi. İndi isə Ermənistanı "qulpsuz çamadan” adlandırırlar. Yəni qulpsuz, lazımsız yükdən azad olacaqlar. Bu Rusiyada ictimai rəyin dəyişməsinin və siyasi reallığın göstəricisidir.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı isə öz fikirlərini bu cür əsaslandırıb: "Ukraynadan çıxan Yanikoviç idi, Rusiya deyildi. Çıxıbsa, özü ilə Krımı da aparıb. Donbas kimi konflikt yaradıb. Bu, Ukraynanın ərazisinin neçə faizi nəzarətdən çıxıb?”

Politoloq Əhəd Məmmədlinin fikrincə, Rusiya Ermənistandan heç yerə gedən deyil. Onun sözlərinə görə, Rusiya Suriyaya qayıdıb, Ermənistandan hara gedir? Ümumiyyətlə rus dövləti qurulandan bu xalq könüllü olaraq heç yerdən heç yana getməyib:

"Ermənistan Cənubi Qafqaz regionunda yeganə ölkədir ki, orada Rusiyanın hərbi bazası var, Moskva niyə ordan getsin ki? Rusiya Ermənistandan ancaq o vaxt gedə bilər ki, Cənubi Qafqazla vahid sərhədləri olmasin. Bu da ancaq o vaxt ola bilər ki, Şimali Qafqaz Rusiyanın nəzarətindən çıxsın. Rusiya Ermənistanı cəzalandıra bilər, amma çətin ki bu ölkədən çıxsın. Rusiya Ermənistanı Azərbaycan və Gürcüstana dəyişərək bu ölkədən çıxa bilər, lakin, Azərbaycanla Gürcüstan razı olarmı yenidən Rusiyanın hərbi bazalarına qapı açsın? Çətin ki, razı olarlar. Düzdür, bizim üçün Rusiyanın könüllü, ya könülsüz Ermənistandan çıxması yaxşı hal olar. Bu olan halda Ermənistan Azərbaycanla üz-üzə qalacaq, bizə də bu lazımdır torpaqlarımızı azad etmək üçün”.

Siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov da inanmır ki, Rusiya Ermənistandan və ya keçmis SSRİ-yə daxil olan Qafqaz və Orta Asiya dövlətlərindən hansındansa uzaqlaşsın:

 " Rusiya bu ölkələrin hər birini öz coğrafiyası daxilində hesab edir və ABŞ-ın hər iki regiona daxil olmasına imkan vermək niyyətində deyil. Elə Ermənistanda son günlər baş verənlər də bunun göstəricisidir. Paşinyan və parlament arasındakı olaylar da onu göstərir ki, parlament seçkiləri elə də asan keçməyəcək. Artıq böyük siyasi qruplaşmaların bir çoxu Paşinyanı tərk edərək əks cəbhədə cəmləşir. Bu, hətta Sarkisyan dövründə müxalifətdə olan və
anti-Rusiya çıxışları edən qruplara da aiddir”.

Şəymən