"Rusiya NATO-nu özü üçün ən ciddi və real təhlükə hesab edir"

"Bu qarşıdurmanın nə vaxtsa silahlı toqquşma müstəvisinə keçə biləcəyi inandırıcı görünmür. Çünki hər iki tərəf nüvə silahına sahibdir"


ABŞ-ın Dəniz Qüvvələrinə məxsus 154 metrlik hərbi gəmi Çanaqqala boğazından keçərək, Egey dənizinə daxil olub. "USS Ross” adlı gəmini Türkiyə Sahil Təhlükəsizliyinin şəxsi heyəti müşayiət edib. Xatırladaq ki, bundan bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nu hədələyib. Nazir hərbi alyansın aktivləşməsinə cavab olaraq ölkəsinin Qərbi və Cənub Hərbi Dairələrində silahlı qüvvələrin sayını artıracağını elan edib: "Alyansın hərbi sərhədlərimizdə qoşunlarını çoxaltmasına cavab olaraq öz hərbi potensialımızı artırmağa məcburuq”. 

Müdafiə naziri Sergey Şoyqu isə hazırda istehsala başlayacaq "Kinjal” raketlərinin köməyilə istənilən ölkənin hava hücumundan müdafiə sistemini yara biləcəklərini söyləyib. NATO-nun öz sərhədlərini Şərqə doğru genişləndirməkdə olduğu, Rusiyanın isə buna ciddi müqavimət göstərdiyi ortadadır.

Tərəflərin getdikcə gərginləşən qarşıdurmasını "Şərq”ə dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, Rusiya NATO-nu özü üçün ən ciddi və real təhlükə hesab edir. Xüsusilə də NATO-nun Şərqə doğru genişlənməsi Rusiyanın hərbi-siyasi dairələrində az qala yaxınlaşan böyük faciə kimi qarşılanır: 

"Əslində Kremlin NATO-dan ciddi təhlükə gözləməsi əsassız deyil. Çünki NATO həqiqətən də Rusiyanın təhlükəsizlik maraqlarını təhdid edən əsas beynəlxalq hərbi-siyasi faktordur. Üstəlik, Alyansın idarə edilməsində Amerikanın müstəsna rolunun olduğunu nəzərə aldıqda, bu alyansın Rusiya üçün təhlükə mənbəyi olduğu inkaredilməz reallığa çevrilir. Hər halda ABŞ-Rusiya münasibətlərinin indiki məzmun və keyfiyyəti, bu iki superdövlət arasında qarşıdurmanın dərinləşməkdə davam etməsi Kremli NATO-dan təhlükə gözləmək məcburiyyətində buraxır.

Digər tərəfdən, hərbi təşkilatın hazırda öz mövcudluğunu qoruyub-saxlaya bilməsində də ABŞ-Rusiya qarşıdurmasının birbaşa təsiri var. Belə ki, Ağ Ev SSRİ-nin dağılmasından sonra NATO-dan uzaqlaşmaq niyyətinə düşən Qərb dövlətlərini Rusiya faktoru ilə qorxudaraq, alyansın tərkibində saxlamağa çalışır və hələlik buna nail ola bilir”.

Siyasi ekspert bildirib ki, NATO-nun hazırda Rusiyaya qarşı hərbi-siyasi alyans olduğunu bir neçə il əvvəl baş verən hadisələr də sübut edir: "Alyans-Rusiya münasibətləri müzakirə edilərkən Rusiya Prezidenti Vladimir Putin ölkəsinin NATO-ya üzv qəbul edilməsi üçün müraciət etməyə hazır olduğunu bəyan etmişdi. Ancaq o dövrdə Rusiyanın quruma üzvlük niyyətini dinləmək belə istəmədilər. Dərhal NATO-Rusiya münasibətlərinin gərginləşdirilməsinə yönəlik addımlar atıldı. İndi təşkilat sürətlə Rusiyanın sərhədlərinə doğru yaxınlaşır və bu reallıq Rusiyanı ciddi şəkildə narahat edir. Ona görə də Rusiya özünü gələcək təhlükələrdən qorumaq üçün müəyyən planlar qurmağa çalışır”.

E.Xalidbəylinin fikrincə, NATO-Rusiya münasibətlərində gərginləşmənin bundan sonra da davam edəcəyi qətiyyən istisna deyil: 

"Ancaq bu qarşıdurmanın nə vaxtsa silahlı toqquşma müstəvisinə keçə biləcəyi də inandırıcı görünmür. Çünki hər iki tərəf nüvə silahına sahibdir. Nüvə silahına sahib olanların bir-birinə hərbi müdaxiləyə cəsarət göstərəcəyi inandırıcı deyil. Bu baxımdan qarşıdurmanın bundan sonra da davam etməsi və hər iki tərəfin "soyuq müharibə” dövründə olduğu kimi yenidən sürətlə silahlanmaya meyl göstərmə ehtimalı daha real təsir bağışlayır. Bu proses həm də ABŞ və NATO təhdidinə qarşı Rusiya, Çin və Şimali Koreya hərbi-siyasi ittifaqının yaradılması ehtimalını gücləndirə bilər”.

İsmayıl