Rusiya Sarkisyanı əvəzləmək üçün indidən yeni fiqur axtarır

Ermənistan prezidentliyinə iddialı kimi Ohanyan göstərilir



Ermənistan ictimaiyyətində növbəti prezidentin kim olacağına dair müzakirələr davam edir. Onlar arasında ən şanslı namizədin Qarabağ klanına mənsub olan müdafiə naziri Seyran Ohanyan olduğu bildirilir.

Məlumata görə, bu ölkənin "Joxovurd” qəzeti adıçəkilən nazirlə əlaqə saxlayaraq onun 2018-ci il seçkilərində prezident ambisiyalarının olub-olmadığı ilə maraqlanıb. Nazir isə açıqlamasında qeyd edib ki, hazırda ölkəsində hakimiyyətin bütün qanadları fəaliyyət göstərir: "Dövlət idarəçiliyində müvafiq sistem qurulub və sistemdə öz yerimi tuturam. Bu postda çoxlu vəzifələrim var. Onlar çox geniş və məsuliyyətlidir. Müdafiə naziri kimi görüləsi hələ çox işim var və onları görməkdə davam edirəm”.

Nazirin prezidentlik şansını dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu "Şərq”ə bildirib ki, Rusiya Sarkisyanı əvəzləmək üçün indidən yeni fiqur axtarır. Çünki Ermənistan tamamən Moskvadan asılıdır. Kreml istəmir ki, bu ölkədəki nəzarəti əldən versin: "Ohanyan isə həm Sarkisyanı, həm də Moskvanı razı salan adamdır. Onun şansları yüksəkdir. Buna rəğmən ciddi sosial baza yığacağına inanmıram. Ermənilər ona səs verməyəcək. Düşmən ölkədə müxalifət də güclənib. Hakimiyyətdən və ordudan narazılıq artıb. Bu səbəbdən hesab edirəm ki, Ohanyan səsvermə yolu ilə seçilməyəcək. O, həmin posta təyin olunacaq”. Ekspertin qənaətincə, Koçaryan Ohanyana rəqib ola bilər: "Düzdü, bütün diqqət nazirin üzərinə cəmləşib. Lakin öncə onun siyasi kimliyinə baxılacaq. Bu adam siyasi fiqur kimi fəaliyyət göstərməyib. Siyasi proseslərə münasibət bildirməyib. Ohanyanın siyasi fəallığı nəzərə çarpmır. Onun üçün çətin olacaq. Sarkisyan onu seçibsə, bu namizədi Kremllə razılaşdırmaq məcburiyyətindədir”.

Ayyət Əhməd