"...Rusiyada da Xocalı faciəsinin tanıdılmasına çalışmalıyıq"




Bu petisiya Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınmasına müsbət təsir edəcək. Təşəbbüsün nəticəsinin olacağına əminəm”.

Bunu Sherg.az- a Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün hazırlanan petisiyanı dəyərləndirərkən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri , tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı deyib.

Onun sözlərinə görə, petisiyanın təqdim olunması ilə tezliklə olmasa da, sonda müsbət nəticəyə nail ola bilərik:

"Xocalı faciəsini törədən rus hakimiyyəti indi yoxdur, hazırda şimal qonşumuzda başqa hökumətdir. Adətən, biz hökumətlərin fəaliyyətinə qiymət veririk. Rusiyada tarixçi alim Oleq Kuznetsov kimi vicdanlı, obyektiv insanlar çoxdur. O, Moskva metrosunu partlatmış erməni cinayətkarların üzə çıxarılmasını tələb edib, Həmin hadisəyə siyasi qiymət verilməsini təmin etməyə çalışmışdır. Bu alim görür ki, erməni terrorizmi tək Azərbaycana qarşı deyil, hətta Rusiyaya qarşı da çevrilib. Bu məsələnin qaldırılması Rusiya üçün də önəmlidir. Rusiya imperiyasını müdafiə edən qüvvələr bunun əleyhinə çıxsa da, Rusiyada demokratik-müxalif qüvvələr də mövcuddur. Prezident yanında araşdırma mərkəzlərinin nümayəndələri var ki, erməni terrorizmini pisləyir, Azərbaycanın haqqını müdafiə edir.

Biz əvvəlki illərdə olduğu kimi Avropada Amerikada deyil, Rusiya ictimaiyyətində də Xocalı faciəsinin tanıdılmasına çalışmalıyıq. Azərbaycana qarşı törədilən soyqırımına qiymət verilməsini təmin etməliyik ki, gələcəkdə belə faciələr törədilməsin. Haqq bizim tərəfimizdədir. Ona görə, vicdanlı insanlar, haqqın tərəfini saxlayanlar heç vaxt terrorizmi dəstəkləyə bilməz”.

Qeyd edək ki, Xocalı soyqırımının Rusiya Dövlət Duması tərəfindən tanınması üçün petisiya hazırlanıb. Petisiyanın müəllifi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran, erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovdur.

Aysel Aslan