“Rusiyanın Gürcüstana silah satması yeni siyasətin başlanğıcıdır”

“Gürcüstan Rusiyanın nəzarətinə keçəndən sonra bizim üçün də problemlər yaranacaq”




Rusiyanın "Kalaşnikov” şirkəti 10 ildən sonra Gürcüstana silah satışını bərpa edib. Bu barədə konsernin marketinq üzrə direktoru Vladimir Dmitriyev bildirib. Onun sözlərinə görə, şirkət yaxın 5 ildə tədarükün həcmini artırmaq niyyətindədir.

Konsern ilk dəfə olaraq Rusiyadan kənarda Tbilisinin "Kalibr” silah mağazasında brend-zona açıb. Konserndən deyilib ki, "Kalaşnikov”un Tbilisidəki brend-zonasında ənənəvi atıcı məhsullarla yanaşı, "Kalaşnikov” və "Baykal” markaları altında buraxılması planlaşdırılan əlavə məhsullar da təqdim olunacaq.

Qeyd edək ki, Rusiyanın "Kalaşnikov” konserni 2006-cı ildə Gürcüstana silah satışını dayandırıb.

Bunun gözlənilən addım olduğunu söyləyən siyasi elmlər doktoru Cümşüd Nuriyevin fikrincə, Rusiya uzun müddət idi ki, Gürcüstanın üzərində işləyirdi. Ekspertin sözlərinə görə, Bidzina İvanişvilinin Gürcüstanda hakimiyyətə gətirilməsi hər şeyi aydın şəkildə ortaya qoyur: "İvanişvili Moskvanın ən uğurlu layihələrindən biri idi. Amerikanın adamı olan Mixeil Saakaşvilini devirib, əvəzinə B.İvanişvilini gətirdilər. Hazırda B.İvanışvili baş nazir olmasa da,

Gürcüstanın bütün məsələlərinə o məsuliyyət daşıyır və hər şeyi o həyata keçirir. Bu mənada silah alqı-satqısı da gözlənilən idi. İkincisi, Rusiya öz silahını satmaq üçün yeni bazar axtarırdı və tapdı. Düzdü, Gürcüstan onun üçün böyük bazar deyil. Amma müəyyən mənada bazardır. Üçüncüsü də Rusiya Tiflisə silah satmasa, gedib onu Amerikadan alacaq”. Gürcüstanın təhlükə qarşısında olduğunu söyləyən C.Nuriyev bildirib ki, Ermənistan Axalkalaki iddiasını yenidən gündəmə gətirib: "Ümumiyyətlə, Gürcüstan çoxsaylı millətlərin formalaşdırdığı bir dövlətdir. Rusiyanın Gürcüstana silah satması Moskvanın yeni Qafqaz siyasətinin başlanğıcıdır. Amma avtomat "Kalaşnikov” daha çox məhlə döyüşləri üçün nəzərdə tutulub. Həmin silahlar region səviyyəsindən o tərəfə çıxa bilməz”.

Rusiyanın Gürcüstanı Amerikanın əlindən çıxardığını deyən ekspert diqqqətə çatdırıb ki, bu, gələcəkdə Azərbaycan üçün də geopolotik mənada ciddi problemlər yarada bilər: "Çünki Gürcüstan Azərbaycan üçün tranzit dövlətdir. Azərbaycanı Türkiyəyə bağlayan dövlətdir. Gürcüstan Rusiyanın nəzarətinə keçəndən sonra bizim üçün də problemlər yaranacaq”.

Ayyət Əhməd