"Rusiyanın indiki şəraitdə Azərbaycana daha çox ehtiyacı var"

Putinin səfəri həm də Moskvanın bölgədə nüfuzunu nümayiş etdirməsi kimi qiymətləndirilə bilər


Sentyabrın 25-i Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov bildirib. Onun sözlərinə görə, Rusiya yaxın qonşuları ilə münasibətlərin inkişafında maraqlıdır: "Hesab edirəm ki, qarşıdakı səfər Rusiya və Azərbaycan arasında ciddi razılaşmalara səbəb olacaq. Tərəflər arasında bir sıra sahələrdə sənədlər paketinin imzalanacağı gözlənilir”. 

Komitə sədri vurğulayıb ki, Rusiya prezidentinin Bakıya səfərinin ardından hər iki dövlət başçısı sentyabrın 28-də Düşənbədə keçiriləcək MDB ölkələrinin sammitində iştirak edəcəklər. İndiki məqamda Rusiya prezidentinin Azərbaycana rəsmi səfərini dəyərləndirən politoloq Sədrəddin Soltan hesab edir ki, Rusiya Azərbaycanı həmişə diqqətdə saxlayıb. Ekspertin sözlərinə görə, Ermənistandakı hakimiyyət çevrlişindən sonra bu diqqət bir az da artıb: "Moskvanın sponsorluq etdiyi təşkilatlar Azərbaycanı üzv etməyə çalışırlar. 

Kreml bir sıra hallarda Azərbaycan vasitəsi ilə Ermənistana təzyiqlər edir. Azərbaycan üçün ən vacib məsələ Dağlıq Qarabağ bölgəsi və ətraf rayonların işğaldan azad edilməsidir. Rusiya ATƏT-in Minsk Qrupunun üzvü, həmsədr ölkələrdən biridir. Bu baxımdan Rusiyanın mövqeyi Azərbaycan üçün əhəmiyyətlidir. Bundan başqa, Rusiya regionun aparıcı gücüdür. Bununla belə Cənubi Qafqazda və Orta Şərqdə yaranmış vəziyyətə görə Rusiyanın indiki şəraitdə Azərbaycana daha çox ehtiyacı var”.

Analitik bildirib ki, Vladimir Putinin Azərbaycana səfəri həm də Moskvanın bölgədə nüfuzunu nümayiş etdirməsi kimi qiymətləndirilə bilər: 

"Azərbaycan üçün ən əhəmiyyətli məsələ torpaqlarının işğaldan azad edilməsidir. Səfər çərçivəsində bu məsələnin müzakirə olunacağı istisna edilmir. Ancaq bununla bağlı sənədin imzalanacağını gözləmirəm. Fikrimcə, daha çox iqtisadi xarakterli məsələlər müzakirə ediləcək. Habelə terrorçuluğa qarşı mübarizədə əməkdaşlıqdan danışılacağını, energetika, o cümlədən elektrik enerijisinin ötürülməsi, regional təhlükəsizlik və s. bu kimi məsələlərə dair sənədlərin qəbul olunacağını ehtimal edirəm”.

İsmayıl