İŞİD-in yeni strategiyası meydan savaşına ara vermək və yenidən terror aktları törətməkdir
Məqsəd isə terrorçularla döyüşən dövlətlərin gözünü qorxutmaq, onları Yaxın Şərqə qoşun yeritməkdən vaz keçirməkdir
Ötən gün Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva bölgəsində terror aktları törətməyi planlaşdıran İŞİD terror qruplaşmasının üzvlərini saxlayıblar. Verilən məlumata görə, terrorçular xaricdən idarə olunublar. Onlar 2017-ci ilin sentyabrında insanların kütləvi toplaşdığı yerlərdə və nəqliyyat infrastrukturu obyektlərində partlayışlar vasitəsilə səs-küylü terror aktları törətmək istəyiblər.
FTX əməkdaşları saxlınalan silahlıların qaldıqları yerlərdə axtarış apararkən əldəqayırma bombalar, əl qumbaraları, Makarov tapançaları ələ keçiriblər. Bir neçə gün əvvəl isə Moskvada minalanmış obyektlər barədə anonim zəng alınıb.
Nəticədə 8 idarənin əməkdaşları təxliyə edilib. Bundan başqa sentyabr ayı ərzində Rusiyada 4-5 terror aktının qarşısı alınıb. Ekspertlərin fikrincə, son dönəmlər ciddi hücumlara məruz qalan İŞİD üzvləri terror törətməklə həm qisas almaq, həm də mərkəzi hökumətləri Suriya və İraqda döyüşmək fikrindən daşındırmaq niyyətindədirlər.
Məsələni "Şərq”ə şərh edən politoloq İlqar Vəlizadə deyib ki, hadisələrin səbəbini Rusiyada yox, Suriya və İraqda axtarmaq lazımdır:
"Son vaxtlar Yaxın Şərqdə hərbi-strateji vəziyyət dəyişib. Rusiyanın hərbi hava hərbi qüvvələrinin yardımı ilə Suriya və İraqda hökumət qoşunları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD böyük zərbə alıb. Məlumatlara görə, terrorçu qruplaşmanın üzvləri xeyli itkilər veriblər və işğal etdikləri əraziləri itiriblər. İŞİD rəhbərləri yeni taktikalarını işə salıblar. Onlar hesab edirlər ki, müqaviməti təkcə Suriya və İraqda deyil, uzaq ölkələrin ərazilərində də göstərməlidirlər. Məqsəd isə terrorçularla döyüşən dövlətlərin gözünü qorxutmaq, onları Yaxın Şərqə qoşun yeritməkdən vaz keçirməkdir.
Moskvada baş verən hadisələr həmin taktikanın təzahürüdür. Təkcə Moskvada deyil, Parisdə, Londonda və digər Avropa ölkələrində də bunun şahidi oluruq. İŞİD-in yeni strategiyası meydan savaşına ara vermək və yenidən terror aktları törətməkdir. Oxşar olaylar bir müddət əvvəl İran parlamentində də yaşandı”.
Ekspert bildirib ki, İŞİD-lə mübarizə aparan ölkələr terror təhdidlərinə hazırdır:
"Rusiya və Türkiyə kimi ölkələr öncədən tədbir görürlər. Moskvada xüsusi xidmət orqanlarının apardığı əməliyyatlar göstərir ki, dövlət qurumları terror reallığını dərk edir və vaxtında qarşısını alırlar”.
İsmayıl