Ruslar kobra kimidir

Kobra başını qəflətən və gözlənilmədən qaldırır
Rusiyanın hakim dairələri tezliklə Putindən xilas olmağı və mühasirəni yarmağı düşünürlər


Avropa Şurası Parlament Assambleyasının komissiya iclasında Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin qurumun aprel sessiyasına qədər dondurulması qərarı verilib. İclasda həmçinin Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq edilməsi ilə bağlı təkliflər də səsləndirilib.

Siyasi ekspertlərin fikrincə, bu qərar Rusiyanın nüfuzdan düşməsinə və təsir gücünün zəifləməsinə səbəb olacaq. Amma politoloqlar Rusiya prezidenti Vladimir Putinin Qərbin qarşısında geri addım atacağını düşünmürlər. Qərarı şərh edən siyasi icmalçı Qabil Hüseynlinin sözlərinə görə, bu cəza Rusiyaya ciddi etimadsızlığın nümayişidir. Politoloqun fikrincə, qərar Rusiyanın beynəlxalq imicinə ciddi zərbə vuracaq və Moskvanın beynəlxalq münasibətlərdə

oynamaq istədiyi fəal rolu məhdudlaşacaq: "Rusiyanın Avropa Şurasından müəyyən müddətə uzaqlaşdırılması aşağılayıcı cəzadır. Avropa Şurası nüfuzlu beynəlxalq təşkilatdır. Rusiya isə qurumdan qovulmaq ərəfəsindədir. Qərb açıq şəkildə Moskvanı dünyadan təcrid etməyə çalışır. Doğrudur, Rusiya özünə yeni müttəfiqlər axtarır, amma bu müttəfiqlər dünya siyasətinə həlledici təsir imkanlarına malik deyil”. Q.Hüseynli hazırda Rusiya rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğunu deyib: "İndiyə qədər "babam mənə kor deyib, gəlib-gedənə vur deyib” fəlsəfəsi ilə hərəkət edən Putin birdən-birə ciddi müqavimətlə üzləşib.

Putin Qərbə güzəştə getdiyini nümayiş etdirsə, rus xalqının gözündən düşəcək. Güzəştə getməsə isə Qərbin öldürücü sanksiyalarına tuş gələcək. Artıq Putin və onun ətrafı yaxşı başa düşürlər ki, Rusiya üçün heç də yaxşı aqibət hazırlanmır. Rusiyanın hakim dairələri tezliklə Putindən xilas olmağı və mühasirəni yarmağı düşünürlər. Sadəcə olaraq hələlik bunu həyata keçirməyin yollarını bilmirlər. Qənaətimcə, bu məsələdə hərbiçilər, generallar daha diribaş davranacaq və yaxın günlərdə Putini taxtından salacaqlar. Əslində savadlı və inkişaf etmiş rus xalqının Putinin şıltaqlıqlarına dözməsi və onun çaldığı havaya oynaması təəccüblüdür. Amma ruslar kobra kimidir. Kobra başını qəflətən və gözlənilmədən qaldırır. Güman edirəm, çox yaxın günlərdə ruslar ayağa qalxacaq”. Politoloq bildirib ki, Rusiyada qurulan avtoritar rejim sırf Putinlə bağlıdır: "Putindən sonra hakimiyyətə gələn rəhbər mövcud reallığı düzgün dəyərləndirəcək və Qərblə dil tapmağa çalışacaq”.

İsmayıl