Rüstəm Behrudi küsdü

Tanınmış şair ad günü təbriki almadığı üçün AYB-dən istefa verib
Birlik sədrinin və üzvlərinin istefaya münasibəti birmənalı deyil


Şair Rüstəm Behrudi Azərbaycan Yazıçılar Birliyindən istefa verib.
O, bu barədə özünün şəxsi feysbuk hesabında yazıb. Şair bu addımını doğum günündə üzvü olduğu qurumun rəhbərliyi tərəfindən təbrik edilmədiyi ilə əsaslandırıb: "Uzun illər ərzində ədəbiyyat tüccarlarına doğum günlərində mədhiyyə oxuyan AYB-nin ədəbi orqanları bircə dəfə də olsun doğum günlərində adımı çəkməyib. Niyə? Görəsən şeirləri türk dünyasında dillər əzbəri olan bir şairə bu cür münasibət hardan qaynaqlanır?”.

İndiyədək nə "Ədəbiyyat” qəzeti, nə "Ulduz” jurnalının onu doğum günündə yada salmadığını vurğulayan şair belə deyib: "Məni saya salmayan bir qurumda niyə qalmalıyam?!”. R. Behrudi bu addımının həm də AYB rəhbərliyinə etiraz olduğunu söyləyib. Qeyd edək ki, sentyabrın 12-si şairin 59 yaşı tamam olub.

Rüstəm Behrudinin istefa bəyanatına münasibət bildirən Azərbaycan Yazıçılar Birliyinin sədri Anar isə şairin tələskənlik etdiyini deyib: "Tələsməyə ehtiyac yox idi. Təbrik də olacaq, tədbir də. Sadəcə indi Yazıçılar Birliyinin binası təmirdədir. Üstəgəl, qurumda böyük əksəriyyət məzuniyyətdədir. Təmir bitib, hamı məzuniyyətdən qayıdandan sonra onun ad gününü təbii ki, qeyd edərik”.

Anar R.Behrudini istedadlı şair adlandırıb və deyib ki, o, olduqca tələsik qərar verib. "Bəlkə reklam, piar üçündür” deyə versiya yürüdən AYB sədri daha sonra aşağıdakıları vurğulayıb: "Amma belə piar əsl şairə yaraşmaz. Rüstəm isə əsl şairdir”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca da Rüstəm Behrudinin istefasından xəbərsiz olduğunu bildirib: "Neyləyək? Ayrılır ayrılsın da... Yazıçılar Birliyi bir cəmiyyətdir. Gələn gəlir, gedən də gedir. Gedəni saxlamaq olmaz. Rüstəm Behrudi çox istedadlıdır, biz ondan razıyıq. Rüstəm Behrudi AYB üzvü olub, amma heç bir tədbirdə, görüşdə iştirak etməyib. Biz onun qapısına gedib, onu axtarıb, tapıb salam verəsi deyilik ki. Bütün üzvlərimizin adları siyahıda var, gəlirlər, yada salırlar, xatırladırlar.

Bu cür münasibət yüngül münasibətdir. İncimişdisə, gəlib deyərdi ki, incimişəm. Biz hardayıq, göydə zadda oturmamışıq ki, onun iş yoldaşlarıyıq da. Gəlib deyərdi ki, mənim ad günümü niyə təbrik etməmisiniz. Mən də araşdırıb baxardım və günahkar kimdirsə cəzalandırardım. Mənim yanıma gəlmirdisə, Anarın yanına gələrdi. Anar da baxardı, lazımi tədbir görərdi.

Yoxsa ki, girəvə axtarırlar, o bir cür müğənnilərə dönüblər, kim necə istəyirsə, adını o cür gündəmə gətirir”.

F.Qoca R.Behrudiyə uğurlar arzulayıb: "İşi uğurlu olsun. Bəlkə başqa qurum tapıb gedib ora üzv olacaq?!”

"Ulduz " jurnalının nəsr, poeziya şöbəsinin redaktoru Vüsal Nuru da "Ulduz” jurnalının adından istefaya münasibətini bildirib: "Xəbər saytlarının birində Azərbaycan ədəbiyyatının ən dəyərli imzalarından biri olan, türk dünyasının sevimli şairi Rüstəm Behrudinin AYB-dən ayrıldığı xəbərini oxudum. Təəssüf edirəm ki, Rüstəm bəy bu qərarı verib. Təəssüf edirəm ki, o, AYB-nin orqanı olan "Ulduz” jurnalından, onun baş redaktoru Qulu Ağsəsdən, biz əməkdaşlarından inciyib. Çünki başda Qulu Ağsəs olmaqla, jurnalın bütün kollektivi ədəbiyyatımızın dəyərli imzalarına hər zaman diqqətlə, sevgiylə yanaşır. Biz öz sevgi, sayğımızı jurnalın səhifələrində ad günlərini qeyd etməklə bildirmək imkanımız yoxdu. Hamıya məlum olduğu kimi "Ulduz” jurnalı bir gənclik jurnalıdı və yalnız bədii əsərlər çap edir. Səhifə sayı az olduğunda geniş və əlavə materiallar təqdim edə bilmirik. Onu da xatırladım ki, AYB -də hazırda təmir işləri getdiyi üçün müvəqqəti çətinlikdi. Otaqlarımızda hələ ki, internet bərpa olunmayıb. O üzdən biz əzizimiz Rüstəm Behrudinin doğum günü olduğunu izləyə bilməmişik. Rüstəm Behrudi qəbul etsə, "Ulduz” jurnalı adından şairimizin doğum gününü təbrik edirik. Təqvimdə bir gün deyil, belə bir şairin doğuluşuna, var oluşuna, hər gün sevinirik.

Mən qərib, didərgin, kimsəsiz ruham

Göylərdə görünməz qəbrim var mənim.

Ölsəm tabutumu mələklər tutar,

Yasımı allahlar saxlayar mənim-

deyən şairə arzu edirik ki,

qalxdığı o zirvədə əbədiləşsin.

"Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs isə Rüstəm Behrudinin onlardan inciməsinin təəssüf doğurduğunu deyib: "Əvvəla, onu deyim ki, "Ulduz” jurnalı aylıq dərgi olduğu üçün bizim operativ təbrik imkanlarımız məhduddur. Biz yalnız ədəbi materiallar çap edirik. İndiyə

qədər "Ulduz” hər hansı bir şair və ya yazıçı haqqında təbrik verməyib. Təbrik missiyasını "Ədəbiyyat” qəzeti yerinə yetirir, o da ki kiminsə yubiley yaşı olanda. Amma bir dost kimi Rüstəm Behrudini təbrik edir, ona uzun ömür, yaradıcılığında böyük uğurlar arzulayıram. Rüstəm Behrudi AYB üzvü olsa da, olmasa da, bizim üçün yaxın dost olaraq qalacaq. O bizim ən əziz şairlərimizdən biridir. İnşallah, 60 yaşında böyük bir təbrik yazısı verərik!”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Qəşəm Nəcəfzadə isə deyib ki, AYB ancaq yubiley yaşı olan şairləri təbrik edir: "Rüstəm Behrudi Azərbaycan ədəbiyyatının böyük şairlərindən biridir. Mən demək olar ki, onun ilk oxucularındanam. Sözün açığı, Rüstəm Behrudinin təbrik məsələsini bu qədər qabartması məni təəccübləndirdi. Axı, 59 yaş yubiley yaşı deyil ki, ədəbi orqanlarda təbrik verilsin. Düzdür, şair sonradan öz fikirlərini belə əsaslandırdı ki, AYB-dən ayrılmağına səbəb ad gününün yaddan çıxması yox, Yazıçılar Birliyinin onun gözləntilərini doğrultmamasıdır. Onu da deyim ki, şəxsən mənim üçün Rüstəm Behrudinin AYB-dən ayrılması faciə deyil. AYB üzvü olmayan böyük şair ola bilməz deyə bir qanun yoxdur axı! Bizdə hər şey könüllülük prinsipi üzərində qurulub. Rüstəm Behrudi isə AYB üzvü olsa da, olmasa da, ən böyük türk şairlərindən biridir”.

Şəymən