“İndi o yalnız öz şəxsi maraqlarını düşünür və bir lider kimi məhv olmadığını, var olduğunu dünyaya nümayiş etdirməyə çalışır”
Ukrayna Prezidenti Petro Poroşenko yeni ilədək postunu tərk edə bilər. Bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevdə keçirdiyi "xalq yığıncağı”nda iddia edib. Saakaşvili bildirib ki, o, Poroşenkoya qarşı genişmiqyaslı hücum hazırlamağı təklif edir:
"Mən sizi əmin edirəm ki, yaxşı çalışsaq, şansımız var ki, Yeni ili onsuz qarşılayaq”. Bundan əvvəl Saakaşvili bildirib ki, silahdaşları Poroşenkonun impiçmenti üçün ölkə ərazisində imza toplamağa başlayıblar. Məlumata görə, "Yeni Qüvvələr Birliyi” Partiyasının lideri Mixail Saakaşvili Ukraynada Ali Radanın daimi komitəsinin ərazisini zəbt edib. Baş prokuror Yuri Lutsenko bildirib ki, Saakaşvili tərəfdarları ilə birgə komitənin yerləşdiyi əraziyə daxil olaraq, binanın qapı və pəncərələrini qırıb: "Bu hadisə cinayətdir və ona hüquqi qiymət verilməlidir”. Ukrayna Prezidenti Petro Poroşenko Saakaşviliyə cinayət işi açılmasına münasibət bildirib. Prezident deyib ki, Saakaşvilinin həbsi ətrafında baş verən hadisələr bütün Ukraynanı dəhşətə gətirib: "Düşmən bizi arxadan vurmağa və zəiflətməyə çalışır. Məni heyrətə gətirmək asan deyil, ancaq baş verənlər heyrət doğurur. Əlbəttə, təhlükəsizlik orqanları peşəkar davranaraq, milli və dövlət maraqlarını müdafiə etdi. Ən sevindirici hal odur ki, Ukrayna xalqı Moskvadan maliyyələşən adama öz yerini göstərdi. Ukrayna xalqı və ordusu hər zaman düşmənə qarşı gəlməyə hazırdır”.
Ukraynadakı prosesləri şərh edən politoloq Şahin Cəfərli deyib ki, Saakaşvilinin "sərhəd əməliyyatı” ilə Ukraynaya qayıtması və burada fəaliyyətə başlaması siyasi intihar idi. Onun sözlərinə görə, demokratik seçkilərin keçirildiyi bir ölkədə "impiçment” tələbi ilə küçə aksiyalarına başlamaq rasional deyildi:
"Üstəlik, Rusiya kimi bir "div”lə müharibə aparan bir ölkədə daxili sabitliyin həyati əhəmiyyəti var. Bu, istəmədən də olsa, Rusiyanın əlinə oynamaq deməkdir. Məhz bu səbəblə ukraynalılar ölkədəki vəziyyətdən narazı olmalarına baxmayaraq, "Mixo Maydan”a dəstək vermədilər. Əksər müxalif qüvvələr də aksiyalara qoşulmadılar. 2019-cu ildə Ukraynada prezident və parlament seçkiləri keçiriləcək. Saakaşvili səbrlə partiyasını təşkilatlandırsaydı, gənc nəsli öz tərəfinə çəkərək seçkilərdə nəticə əldə edə bilərdi. Amma bu yolu seçmədi. Yəqin hesablayıb ki, seçki yolu ilə hakimiyyətə gələ bilməyəcək, yaxud ona imkan verməyəcəklər. Ukrayna baş prokuroru deyib ki, Saakaşvili Yanukoviçə yaxın oliqarxlardan pul alıb, hakimiyyəti ələ keçirmək istəyirmiş”.
Ekspert bildirib ki, Saakaşvilinin Ukraynada prezident olmaq hüququ yoxdur:
"Prezidentliyə namizəd azı 10 il ölkədə yaşamalıdır. Vətəndaşlıqdan çıxarıldıqdan sonra isə heç deputat da ola bilməz. Ukraynanın durumu məlumdur, ölkəni çalxalamaq olmaz. Üstəlik, Ukrayna konstitusiyasında impiçment proseduru nəzərdə tutulmayıb. Məncə, Saakaşvili seçkiləri gözləməliydi. İndi o yalnız öz şəxsi maraqlarını düşünür və bir lider kimi məhv olmadığını, var olduğunu dünyaya nümayiş etdirməyə çalışır. Demokratik seçki olan yerdə nə inqilab? Prezidentin partiyası ən nüfuzlu vaxtında 20 faiz səs aldı, indi isə maksimum 11-12 faiz reytinqi var. Yəni seçkidə uduzması ehtimalı böyükdür”.
İsmayıl