"Saakaşvilinin məqsədi əhalini qaldırmaq idi və buna nail oldu"





"Mixail Saakaşvilinin insanları ayağa qaldırması, həbsi həm ölkənin daxilində, həm də beynəlxalq aləmdə müəyyən dairələrin reaksiyasına səbəb oldu”.

Bu barədə "Sherg.az”a politoloq Fikrət Sadıqov danışıb. 

O xatırladıb ki, Ukrayna və Gürcüstanda bir çox hadisələr onun adı ilə sıx bağlıdır:

"Saakaşvilinin hərəkətlərindən hiss olunur ki, hakimiyyətdən narazı olan dairələri ayağa qaldırmaq onun üçün çətin deyil. Çünki bir neçə ildən sonra indiki hakimiyyət artıq bir sıra vədlərinə əməl etməyib, korrupsiya ilə mübarizəsini güclü şəkildə aparmayıb. Digər məsələlərdə də hakimiyyətin zəifliyi görünür. Bundan istifadə edən M. Saakaşvili indiki hakimiyyətə qarşı mütəmadi şəkildə addımlarını atır, ardıcıl olaraq, hakimiyyəti dəyişməyə çalışır. Burada ona imkan verən, şərait yaradan isə indiki hakimiyyətin zəifliyidir. Həmçinin hakimiyyətə qarşı bir sıra Ukrayna dairələrinin etirazı var.

Açıq şəkildə hiss olunur ki, Saakaşviliyə kömək edən xarici qüvvələr də var. Son hadisələrdə Ukrayna prezidenti Pyotr Poroşenkonu qəbul etməyən, onu hakimiyyətdən getməsini istəyən oliqarxların da izi görünür. İndidən proqnoz vermək çətindir, hadisələr qısa müddətdə dəyişir. Hər halda artıq nəticə çıxarmaq lazımdır ki, bütün bunlar hakimiyyətin zəifliyindən yaranır.

Görünür Saakaşvilinin arxasındakı qüvvələrə qarşı müqavimət göstərmək çətindir. Saakaşvilinin əsas məqsədi əhalini qaldırmaq idi və buna nail oldu. Ukraynada, Kiyevdə yeni Maydan hadisələrinin baş qaldırması reallıqdır. İndiki hakimiyyətə qarşı duran güclər, siyasi dairələr öz sözünü deyəcək”.

Qeyd edək ki, Bir qədər əvvəl Kiyevdə keçirilən məhkəmədə Saakaşvili yenidən həbsxanaya qayıdacağı təqdirdə aclıq aksiyasını davam etdirəcəyini bildirib. Eks-prezident, bildirib ki, özünü əsir götürülən əsgər kimi hiss edir. Xatırladaq ki, bu gün Mixail Saakaşvili Kiyev şəhər Peçorsk rayon məhkəməsinə aparılıb. O, cinayətkar dəstə yaratmaqda və hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur.

Aysel Aslan