Adil Qeybulla: “Yaxşı olar ki, şirin çaya üstünlük verilsin. Çaya bal salıb içmək də xeyirlidir”
Sabah qəbul imtahanıdır
Abituriyentlərin 96 faizi stress altında olacaq
Adil Qeybulla: “Yaxşı olar ki, şirin çaya üstünlük verilsin. Çaya bal salıb içmək də xeyirlidir”
Adil Qeybulla: “Yaxşı olar ki, şirin çaya üstünlük verilsin. Çaya bal salıb içmək də xeyirlidir”
Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə ilk qəbul imtahanları may ayının 13-də II və III ixtisas qrupları üzrə keçiriləcək. Abituriyentlərin imtahan öncəsi həyəcan və stress keçirdiyini nəzərə alıb həkim və psixoloq məsləhətini onların nəzərinə çatdırmağa gərək duyduq.
Aparılan araşdırmalara görə, imtahan zamanı abituriyentlərin 96 faizi stress altında olur, bu da imtahanda iştirak edənlərin nəticələrinə mənfi təsir edir.
Xüsusilə də imtahana bir neçə gün qalmış abituriyentlər daha çox həyəcan yaşayır. Odur ki, abituriyentlərin diqqət etməli olduğu bəzi vacib məqamlar var. Ekspertlər imtahan ərəfəsində yaradılan mühitin abituriyent üçün bütün il boyu öyrəndiyi biliklər qədər vacib olduğunu deyirlər. Abituriyentlərlə yanaşı, valideynlərin də üzərinə imtahandan öncə, eləcə də imtahan günü bəzi öhdəliklər düşür. Sırf imtahan ərəfəsində valideynlər əvvəlki vaxtlardan çox övladlarına dəstək olmalıdır. İmtahan öncəsi ən vacib məqamlardan biri də yuxu və qida rejiminə diqqət etməkdir. Mütəxəssislərin fikrincə, məhz bu iki faktor imtahan nəticələrinin yaxşı olmasında önəmli rol oynayır. İmtahan zamanı isə sualların çətindən asana doğru cavablandırılması məsləhət görülür.
Psixoloqlar isə hesab edir ki, imtahan öncəsi olan gərginlik cərrahi əməliyyat öncəsi olan gərginlikdən qat-qat yüksəkdir və əlbəttə ki, sağlamlığa güclü təsir göstərir. Uzun müddət kitab oxumaq, tapşırıq etmək, eyni əzələ və orqanlara düşən gərginlik, intensiv əqli fəaliyyət, istirahət və yuxu rejiminin pozulması və ən əsas emosional yüklənmə əsəb sisteminin gərginləşməsinə səbəb olur. Baş ağrısı, ürək bulanması, dəridə səpkilər, özünü itirmə, panika, qorxu, yuxusuzluq - bütün bunlar imtahan ərəfəsində uşaqların keçirdiyi narahatlıqların yalnız bir qismidir.````
Tibb elmləri doktoru, professor Adil Qeybullanın sözlərinə görə, abituriyentin keçirdiyi həyəcan isə imtahan zamanı ona intellekt və biliklərini tam realizə etmək imkanı vermir. Bunun nəticəsidir ki, bəzən bilikli, hazırlıqlı abituriyent də hafizəsində olan bilikləri sistemləşdirə, məntiqi nəticə çıxara bilmir. Bu isə özünü imtahanın nəticəsində göstərir. Belə hallar var və az da deyil. A.Qeybulla deyib ki, imtahanlarda maksimum uğur qazanmaq üçün abituriyent imtahana bir neçə gün qalmış ciddi hazırlıqları dayandırmalıdır:
"İmtahan, onun gedişi, nəticəsinin necə olacağı barədə söhbətlər tamamilə yığışdırılmalı, abituriyent imtahandan öncəki 1-2 günü ancaq istirahətə və bu zamanadək aldığı biliklərin sistemləşdirilməsinə sərf etməlidir. Abituriyent imtahanqabağı sərbəst olmalı, gəzintiyə çıxmalı, beynini sakitləşdirməlidir. Abituriyent normal yuxu yatmalıdır. İmtahandan qabaqkı axşam abituriyent yatmazdan öncə müxtəlif sakitləşdirici otlardan, yaxud valerian dəmləyib içsə, həm rahat yatar, həm də həyəcanı azalar. Çünki rahat yuxu belə vaxtda çox vacibdir. Rahat, normal yuxu beyni sakitləşdirir. Beyin istirahət edir və bu da səhərki imtahanda insanın toparlanmasını - konsentrə olmasını asanlaşdırır”.
Professor hesab edir ki, valideynlər də abituriyentə təzyiq etməməlidir. Çalışmaq lazımdır ki, ailədə gərginlik olmasın. Ailə mənəvi dayaq olmalı, uşaqda özünə əminlik hissini gücləndirməlidir: "Abituriyentə "imtahanda uğur qazanmasan, biabırçılıq olacaq və s. kimi psixi gərginlik gətirən ifadələr işlətmək qətiyyən yolverilməzdir. Abituriyentə qarşı psixoloji pressinq qətiyyən olmaz. Abituriyent bilməlidir ki, imtahanın nəticəsi necəliyindən asılı olmayaraq heç bir halda faciə deyil. Bu fikri abituriyent özünə təlqin etməlidir. Abituriyent imtahanın nəticəsini yox, imtahanın gedişini düşünməlidir. İmtahan verərkən nəticəni düşünmək, fikrin yayınması səhvlərə yol açır. Abituriyent düzgün tapdığı cavabı da cavab blankına səhv köçürür. Ona görə də abituriyent daxilən rahat və sakit olmalı və ancaq dünənədək aldığı biliyi həyəcansız realizə etməlidir”.
Professor səhər imtahana gedəcək abituriyentlərin yeməklərinə fikir verməsini də önəmli sayır:
"Birinci növbədə axşam tez yatıb səhər erkən qalxmaq lazımdır. Səhər yeməyində yaxşı olar ki, qədərində duzsuz pendir, adi kərə yağı, mümkündürsə, bal yeyilsin. Səhər yeməyi çox olmamalıdır. Heç bir halda mədəni yükləmək olmaz. Çünki mədə yüklənəndə qan dövranının böyük hissəsi mədədə toplanır və qidanın həzminə yönəlir. Belədə beyinə lazımi miqdarda qan çatmır. Bu da abituriyentin özünü səfərbər etməsinə və biliyini realizə etməsinə mane olur. Yaxşı olar ki, şirin çaya üstünlük verilsin. Çaya bal salıb içmək də xeyirlidir. Südü hər bir orqanizm müxtəlif cür qəbul edir. Eləcə də kakao, yaxud qəhvəni. Ola bilər ki, səhər süd içmək abituriyentin mədə-bağırsaq sistemində problem yaratsın. Eləcə də qəhvə. Qəhvə təzyiqi qaldıran içki vasitəsidir. Ancaq bu cür içkilər mədəni qıcıqlandıra da bilər. Ümumiyyətlə, imtahana gedən adama səhər-səhər yağlı, mədəni qıcıqlandıra biləcək yeməklər vermək düzgün deyil”.
Psixoloq Taryel Faziloğlunun açıqlamasına görə, abituriyentlərin imtahan zamanı böyük stress keçirməsinin kökündə duran əsas səbəb, onların universitetə girməyi başlıca hədəfə çevirmələridir: "Bu həyəcan da imtahan yaxınlaşdıqca onları təsir altına alır deyə, stress keçirir, affect vəziyyətə düşürlər. Tövsiyyə edirəm ki, ali məktəbə qəbul olmağı yox, həyatda nail olmaq istədikləri daha böyük hədəfləri qarşılarına məqsəd qoymalıdırlar. O zaman imtahan onlar üçün texniki bir mərhələdən başqa heç nə ifadə etməyəcək və həyəcanları yox olub gedəcək.
Çox təəssüflər olsun ki, bizim abituriyentlərin yeganə hədəfi universitetə daxil olmaqdır. Az qala imtahandan kəsilməyi dünyanın axırı kimi qəbul edirlər. Bu düşüncə də onları sərbəst düşünməsinə gətirib çıxarır”.
Valideynlərin uşaqların üzərindəki təzyiqə gəldikdə isə psixoloq deyib ki, bu cür hallar yaşanan ailələrdə nəticə çox acınacaqlı olur.
Uşaqlar onlara yüklənən qeyri-real məsuliyyət hissindən azad ola bilmirlər və nəticədə psixoloji travma keçirirlər: "Bu cür abituriyentlər imtahanda yüksək nəticə göstərib universitetə girsə belə, valideynlərinin təzyiqi onların şüuru altında aqressiya mənbəyinə çevrilir və zamanla öz yerini psixoloji pozuntulara verir. Valideynlərə məsləhət görərdim ki, uşaqlarına imtahana hazırlıq mərhələsində psixoloji təzyiq göstərməsinlər. Əksinə, onlara məsuliyyət hissini uşaq yaşlarından aşılasınlar. Övladlarını daha uzunmüddətli hədəflərə kökləsinlər. Mənim də övladım ali məktəbə daxil olub - eqosu kimi hisslərə önəm verməsinlər. Universitetin uşaqlarının gələcək həyatındakı bir mərhələ olaraq qəbul etsinlər”.
Şəymən