Professor İsaxan Vəliyevin kitabının təqdimatı olub
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, professor İsaxan Vəliyevin yenicə çapdan çıxmış "Sabitlik və rifah naminə siyasət” kitabının təqdimat mərasimi keçirilib. Nəşrin redaktoru və "Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur. Səkkiz fəsildən ibarət kitabda müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yoluna - həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlara, xarici siyasət strategiyasına, milli təhlükəsizlik mənafelərinin təminatı sahəsində əldə etdiyi nailiyyətlərə, beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyinə, yeni neft və enerji diplomatiyasına elmi-nəzəri və praktik cəhətdən nəzər salınıb. Təqdimat mərasimində Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu kitabın əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən millət vəkili, akademik Nizami Cəfərov, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə və başqaları kitabın məziyyətlərindən ətraflı söhbət açıblar.
Akademik Nizami Cəfərov müəllifin kimliyi və şəxsiyyəti üzərinə diqqət çəkərək bildirib ki, politoloq və tarixçilərdən fərqli olaraq İsaxan Vəliyev peşəkar hüquqşünasdır. Bu baxımdan tarixi-siyasi proseslərə, son dövr hadisələrinə hüquq məntiqi ilə yanaşan müəllifin kitabdakı fikirləri maraq doğurur.
Millət vəkili S.Novruzov çıxışında tarixi dövlətçilik sistemlərinə nəzər yetirib, İ.Vəliyevin təqdim olunan kitabın mahiyyəti üzərində müasir Azərbaycan dövlətçilik sisteminə yanaşmanı təhlil edib. Dövlət üçün çətin, ağır günlərdə İ.Vəliyevin hüquq sistemində şərəflə çalışdığını qeyd edən S.Novruzov kitabda nəzəri yanaşmadan daha çox praktiki düşüncələrin əks olunduğunu xatırladıb.
Akademiyanın fəlsəfə institutunun direktoru İlham Məmmədzadə qeyd edib ki, müasir dövrdə sabitlik dövlətçilik üçün mühüm faktdır.
1993-cü ildən 2003-cü ilə qədər və sonrakı 15 il ərzində Azərbaycan dövlətçiliyində mühüm tarixi mərhələlərə diqqət yönəldərək ümummilli lider Heydər Əliyevin siyasi baxışlarını və İlham Əliyevin hakimiyyət dövrünü sabitlik və rifah dövrü kimi xaraktrizə edib. Azərbaycanla maarifçilik hərəkatının tarixinə diqqət yönəldən İ.Məmmədzadə qeyd edib ki, bu missiyanı Heydər Əliyev həm sovetlər dönəmində, həm də müstəqilliyin bərpasından sonrakı dövrdə də həyata keçirib və bu missiyanı İlham Əliyev davam etdirir.

AMEA-nın Fəlsəfə İnstitutunun Müasir siyasətin fəlsəfi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə kitabın müəllifini uzun illərdir ki, tanıdığını deyib. Qeyd edib ki, İ.Vəliyevin müasir Azərbaycan siyasətinin müxtəlif aspektləri ilə bağlı maraqlı tədqiqatları ölkənin xaricində də diqqətlə izlənilir. Sabitlik, rifah, mərhəmət, dövlət quruculuğu, insan hüquq və azadlığı barədə müəllifin kitabda müxtəlif məqalələr şəklində əksini tapan fərqli baxış sisteminə diqqət çəkən R.Mirzəzadə qeyd edib ki, kitabın oxucu auditoriyası bu baxımdan geniş olacaq.
Çıxışlarda qeyd olunub ki, kitabda əbədi müstəqilliyimizin banisi ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət siyasətinin müxtəlif istiqamətlərindən söhbət açılır. Güclü dövlət, müstəqil siyasət, yüksək sosial rifah ölkə rəhbərinin apardığı siyasətin prioritet hədəfləri kimi dəyərləndirilir, dövlətçiliklə siyasi varisliyin təntənəsi konkret faktlarla təhlil olunur. Nəşrdə, həmçinin respublikamızın keçdiyi uğurlu və şanlı inkişaf yoluna, milli dövlətçilik tariximizə ətraflı nəzər salınır.
Kitab elmi-analitik məzmunu, aktuallığı, milli inkişaf modelinə elmi yanaşma metodu ilə diqqət cəlb edir.
Tariximizin şanlı və parlaq səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinini dövlət quruculuğu siyasətinə işıq salan müəllif bildirib ki, Cümhuriyyət mövcudluğunun ilk günlərindən milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa töhfə verən, xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərini təmin edən qətiyyətli daxili siyasət yürüdüb. Həmçinin müəllif qeyd edib ki, 1991-ci ildə Xalq Cümhuriyyətinin ideyaları və tarixi varislik prinsipləri üzərində müstəqilliyini bərpa edən Azərbaycan xalqı bununla özünün qədim dövlətçilik ənənələrinə sadiqliyini göstərib. Azərbaycanda dövlətçilik ənənələrinin bərpası və inkişaf etdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, əbədi və dönməz xarakter alması, respublikamızın beynəlxalq nüfuzunun sürətlə artması, müstəqil Azərbaycan dövlətinin memarı, ümummilli lider Heydər Əliyevin yorulmaz və gərgin əməyi sayəsində mümkün olub. Ülu öndərin respublikamızda uğurla gerçəkləşdirdiyi məqsədyönlü siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirib. Azərbaycançılıq məfkurəsi ətrafında xalqın birliyini möhkəmləndirib, milli dövlətçiliyin hüquqi, iqtisadi və siyasi əsaslarını formalaşdırıb.

Kitabda müstəqil Azərbaycan Respublikasının keçdiyi inkişaf yoluna, həyata keçirilən iqtisadi, siyasi və hüquqi islahatlara, xarici siyasət strategiyasına, milli təhlükəsizlik mənafelərinin təminatı sahəsində əldə etdiyi nailiyyətlərə, beynəlxalq münasibətlər sistemindəki rolu və mövqeyinə, yeni neft və enerji diplomatiyasına elmi-nəzəri və praktik cəhətdən nəzər salınıb. Qeyd edilib ki, Prezident İlham Əliyev Respublikaya rəhbərlik etdiyi ilk gündən ölkə qarşısında duran problemləri və onların həlli yollarını düzgün müəyyənləşdirib. İslahatlar kursunun çevikliyinə, işləkliyinə nail olmaq məqsədilə mühüm tədbirlər həyata keçirib. Dövlət başçısının iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edən fərmanları, regionların tərəqqisinə təkan verən dövlət proqramları, sosial sahədəki siyasəti, struktur islahatları, ekoloji problemlərin həlli və qida təhlükəsizliyinin təmini istiqamətində atılan mühüm addımlar diqqətə çəkilib.

"Sabitlik və rifah naminə siyasət” kitabında tolerantlıq məkanı Azərbaycanın dünyaya təqdim etdiyi çoxmədəniyyətlilik formulunun müasir bəşəriyyət üçün zəngin humanizm nümunəsinə böyük əhəmiyyət verilib. Müəllif vurğulayıb ki, Azərbaycan artıq dünyada zəngin neft-qaz ölkəsi kimi deyil, həm də sivilizasiyalararası dialoqların carçısı, humanitar forumların təşkilatçısı, regionda sabitliyin və qarşılıqlı həmrəyliyin, əməkdaşlıq şəbəkəsinin mərkəzinə çevrilən ölkə kimi qəbul olunur. Kitabda xüsusi olaraq vurğulanır ki, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil respublikamızda mükəmməl iqtisadi doktrina müəyyənləşdirilmiş strategiya ölkə iqtisadiyyatının sürətli inkişafını və respublikamızın dünya iqtisadiyyatına inteqrasiyasını təmin edib. Uğurlu strategiyasının həyata keçirilməsi sayəsində Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilib.
İsmayıl