Şahbaz və Dilqəm məcbur olduqları üçün o cür danışırlar

“Təki eşitdiklərimiz düz olsun, girovlarımızın vəziyyəti həqiqətən normallaşsın, işgəncə görməsinlər”
Deputat bildirib ki, əsirlikdə olan adamın başqa cür davranmaq şansı sıfıra bərabərdir

Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Şahbaz Quliyevin yeni videogörüntüləri ailəsinə təqdim olunub. 

Bu barədə girovun qardaşı İlham Quliyev məlumat verib. Onun sözlərinə görə, qardaşı videoda azyaşlı qızı üçün darıxdığını deyib:

"Artıq girovlara məktub yazmırıq. Məktub ləğv olunub. Onların videosunu çəkib bizə göstərirlər. Biz də öz görüntülərimizi onlara göndəririk. Şahbaz sonuncu dəfə vəziyyətinin normal olduğunu demişdi. İndi vəziyyəti bir az yaxşılaşıb. Hamıya salamı var. Dediyinə görə, artıq ona işgəncə vermirlər. Şahbaz həyat yoldaşı və qızına da video göndərib”. 

İ.Quliyev qardaşını müalicə edən həkimlə Bakıda görüşdüyünü vurğulayıb: 

"Həkim də bildirdi ki, Şahbaz müalicə olunub, səhhəti normaldır”. Məlumat üçün deyək ki, 2014-cü il iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər. Qondarma məhkəmənin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Şahbaz Quliyevin videogörüntüsü ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, əsir düşən, girov götürülən insanların ixtiyarları özlərində olmur. Onlara əvvəlcədən nə tapşırıq verilirsə, yerinə yetirməyə məcbur qalırlar: 

"Bunu əminliklə deyirəm. Bilirsiz ki, Xocalı soyqırımı zamanı mindən çox sakin ermənilər tərəfindən əsir və girov götürüldü. Nadir hallarda əsirlərin yanına Qırmızı Xaç Komitəsindən və başqa beynəlxalq humanitar təşkilatlardan gedənlər olurdu. Ermənilər beynəlxalq qurumlarla əsir və girovları görüşdürməzdən qabaq onları qorxudaraq tapşırıqlar verirdilər. Məsələn, deyirdilər ki, "sizdən necə olduğunuzu, yemək-içməyinizi, səhhətinizi soruşsalar, yaxşı olduğunuzu deyin, incidilmədiyinizi söyləyin”. 

Deputat bildirib ki, əsirlikdə olan adamın başqa cür davranmaq şansı sıfıra bərabərdir: 

"Çünki əksinə hərəkət etsələr, başlarına gələcək dəhşətləri təxmin edirlər. Şahbaz və Dilqəm də məcbur olduqları üçün o cür danışırlar. Düşmən girovluğundakı insanın vəziyyəti, səhhəti necə olar?! Özü də erməni kimi vəhşi və qəddar düşmənin əlində olan girovlardan söhbət gedir. Təki eşitdiklərimiz düz olsun, girovlarımızın vəziyyəti həqiqətən normallaşsın, işgəncə görməsinlər. Bizim də arzumuz budur. Ancaq ən çox istədiyimiz girovlarımızın azad olunmasıdır. Bir az vicdan sahibi olan hər kəs yaxşı bilir ki, Şahbaz və Dilqəm günahsızdır, öz vətənlərində girov götürülmələri ağlasığmaz və qanunsuz əməldir, cinayətdir”.

İsmayıl