"Tərtərlilər ordumuzla birgə hər an torpaqlarımızın müdafiəsinə qalxmağa hazırdırlar"
Tərtərin millət vəkili Sahib Alıyev "Şərq"-ə cəbhədəki vəziyyətdən danışıb. Parlamentari qeyd edib ki, rayonda əhalinə arasında böyük ruh yüksəkliyi hökm sürür. Onun sözlərinə görə, Tərtər cammatı Azərbaycan ordusununun real gücünü öz gözləri ilə görür: " Camaat ordu ilə birgədir.Öz ordusuna arxalanır. İnsanlar işləri ilə məşğul olurlar. Heç bir təlaş və təşviş hissi yoxdur. Azərbaycan Müdafiə Nazirliyinin son yaydığı bəyanat da real vəziyyətin nə yerdə olduğunu ortaya qoydu. Düzdü, yaşayış qəsəbələrimiz atəşə tutulur. 30 -dan artıq evə ziyan dəyib. Bu faktlar var. Mülki insanlarımızdan yaralananlar da olub. Həmin xəbər mediada da yer alıb. Ancaq bir daha söyləyirəm ki, bütün bunlar Tərtər əhalisi arasındakı mövcud yüksək əhval ruhiyyəyə qətiyyən mənfi təsir göstərmir və göstərə də bilməz. İnsanlar öz dövlətinə, ordusuna, Ali Baş komandanına inanır və onun hər bir tapşırığını ləyaqətlə yerinə yetirməyə hazırdırlar".
Millət vəkili xatırladıb ki, hələ ötən əsrin 90- ci illərinin ağır günlərində tərtərlilər ermənilərə bir qarış belə torpaq verməyiblər: " Hazırda da Tərtər rayon sakinləri bu ruhdadırlar. Onlar ordumuzla birgə hər an torpaqlarımızın müdafiəsinə qalxmağa hazırdırlar."
Rusiya və bəzi ölkələrin Ermənistana göstərdiyi informasiya dəstəyindən söz açan parlament üzvü diqqətə çatdırıb ki, bu məsələyə yanaşmada iki tərəf nəzərə alınmalıdır: "Birincisi odur ki, ənənəvi erməni havadarları mövcuddur. Onlar Ermənistanın işğalçılıq faktoru göz önündə olsa da bunu dilə gətirmirlər. Separatçılara əl altdan hərbi və informasiya dəstəyi verirlər. Bunu həmişə ediblər və indi də edirlər. Məsələnin bu tərəfi mövcuddur və onu unutmalı deyilik. Bu, Rusiya və digər dövlətlərə aiddir. Antitürk mövqeyində duran çevrələr əvvəl də ermənilərə dəstək vermişdilər. İndi də verirlər və verəcəklər. Buna rəğmən əsas sözü ordumuz deyir. İndiki məqamda üzərimizə düşən ən böyük vəzifə o olmalıdır ki, hər kəs öz yerində , işində, vəzifəsində məsuliyyətli olsun. Əlimizdən gələn yardımı ordumuz, dövlətimiz və ölkəmizdən əsirgəməyək. Bir daha qeyd edirəm ki, erməni yalanlarının ayaq açıb yeriməsi faktının arxasında duran reallıq tamam başqadır. Bu, ermənilərin bacarıqlı olması anlamına gəlməli deyil. Belə işlər sadəcə erməni havadarlğından irəli gəlir".
Ayyət Əhməd