Texnikalar gecə saatlarında, xəlvətcə həyətə daxil olub, yaşıllıqları məhv edib
Bakı şəhəri, Nizami rayon Kamil Balakişiyev küçəsi, bina 46 A, mənzil 46 ünvanında yaşayan Rəfiqə Cəfərli həyətlərindəki ağacların kəsilib, yerində 16 mərtəbəli qoşa binaların inşa olunmasından şikayətlənir. Bu barədə redaksiyamıza təşrif buyuran sakinin özü bildirib. Xanım şikayətçi tikintinin dayandırılmasını tələb edir: "Həmin ərazidə 5 mərtəbəli 5 bina yerləşib. O binlarda təxminən 100-ə yaxın mənzil var.
Sözügedən mənzillərdə məskunlaşan sakinlər eyni həyətə çıxırlar. Hazırda isə həyəti dağıdıb, yerinə çoxmərtəbəli binalar tikirlər. Həyətimiz zəbt edilib. Uşaqlar, azyaşlılar və ya məktəblilərin oynaması, əylənməsi üçün yer qalmayıb. Yaşadığımız binanın qabağına hasar çəkiblər. Həyətə gələn yol bağlanıb. Nəinki maşınla, heç ayaqla keçməyə yol yoxdur. Səkilər
tamamən sıradan çıxıb. Uşaqlar və böyüklər məcbur qalıb avtomobil yolu ilə hərəkət edirlər. Tikinti ilə məşğul olan müfəttişlərə demişik ki, gəlin, uşaqların məktəbinə hansı formada getmələrinə tamaşa edin. Avtobusların araları ilə gedib, gəlirlər. Bu da real təhlükə mənbəyidir. Həmin azyaşlıları maşın vursa, kim cavab verəcək. Onlar maşın yoluna çıxırlar. Bir sözlə, yeni binaların salınması o ərazidəki sakinlərin rahat yaşayışını mümkünsüz edib”.
Tikintinin "FVS-İNŞAAT” MMC şirkəti tərəfindən aparıldığını vurğulayan şikayətçi qeyd edib ki, bu şirkətə məxsus texnikalar gecə saatlarında, xəlvətcə həyətə daxil olub, yaşıllıqları məhv edib: "50-yə yaxın ağac gecəynən kəsilib atıldı. Ağac kəsmək ən böyük cinayətdir. Bir ağac bir insana bərabərdir. Ölkə rəhbərliyi paytaxtın yaşıllaşdırılmasına dair ciddi əhəmiyyətə malik addımlar atır. Buna rəğmən şirkət mövcud yaşıllığı sıradan çıxardır. Buna nə ad verək? Ağacın kəsilməsi, insanların nəfəsinin kəsilməsidir. Üstəgəl, tikiləcək çoxmərtəbəli binalar heç bir sanitar-gigiyenik tələblərə cavab vermir. Normalara əməl olunmur”.
62 və 214 saylı orta məktəblərin məskunlaşdıqları binaya yaxın yerləşdiyini söyləyən R.Cəfərli hesab edir ki, yeni inşa olunacaq çoxmərtəbəli binalar köhnə tikililərlə yanaşı, həmin məktəbləri də günəş şüasından məhrum edəcək: "Hava dövriyyə etməyəcək. Mənzillərimiz yaşanmaz hala düşəcək. Səhhətimizə ciddi ziyan vuracaq. Digər tərəfdən şagirdlər günəş şüası qəbul edə bilməyəcəklər ki, bu da müəyyən müalicəsiz və səbəbi məlum olmayan xəstəliklərə yol açacaq. Çünki günəş şüası qavrama qabiliyyətinə kömək edir. Belə bir deyim var. "Günəş düşməyən yerə, həkimlər tez-tez gələr”. Ən ağır və müalicəsiz xəstəliklər günəş çatışmazlığından əmələ gəlir. Daha təhlükəlisi isə odur ki, günəş şüasının olmaması sonsuzluğa gətirib çıxarır. Gənclər gələcəyimizdir. O gələcəyi korlamaq və ya zədələmək olmaz. Həmin gənclərin intellekti, zəkası əlindən alınır”.
Sakin bəzi televiziyaları problemlərini işıqlandırmamaqda qınayır: "Ağaclar kəsiləndə "ANS”, ATV və s. telekanallara zəng vurdum ki, gəlib çəkiliş aparsınlar. Bəlkə yeni binaların tikintisinə maneə ola bilərlər. Onlar da səsimizə səs vermədilər. Dedim ki, ağaclar kəsilib, məhv olur. Gəlmədilər”. Şikayətçi deyib ki, yeni tikilən bina ilə məskunlaşdıqları bina arasında 2-3 metr məsafə var: "Gələcəkdə orda yaşayanlar evimizin içini görəcəklər. Eyvana çıxıb, nəfəs almaq mümkün olmayacaq”.
R.Cəfərli onu da diqqətə çatdırıb ki, məsələ barədə əlaqədar instansiyalara müraciət etməsinə rəğmən, məhəl qoyan olmayıb: "Sakinlər, qonşular dəfələrlə etiraza qalxıblar. Tikintiyə narazılıqlarını ifadə ediblər. Onlar da əlimizdə sərəncam var deyib, işlərini davam etdirirlər. Nizami Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etdik. Maraqlanan olmadı. Bakı Şəhər İcra Hakimiyyətinə məktub ünvanladıq. Düzdü, müraciətimizə cavab yazdılar. Bunun da heç bir nəticəsi olmadı. Daha sonra Nizami rayon deputatı Rövnəq Abdullayevə müraciət etdik. Ordan da bildirdilər ki, həmin ərazi onun balansıda deyil. Qısası, sadə vətəndaşı saymırlar. Şikayətlərə baxmırlar”.
Həmsöhbətimiz "Şərq” vasitəsilə aidiyyəti şəxslərə və qurumlara səslənib: "Xahiş edirəm, bu məsələni yoluna qoyasınız. Həmin ərazidə yaşayan sakinlərin rahat yaşayışını təmin edəsiniz. Məsələ ədalətli həllini tapmasa, ölkənin birinci xanımı, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti mehriban Xanım Əliyevaya müraciət edəcəm”.
Ayyət Əhməd