Salam Gəncə, salamat qal ilk paytaxtımız

“Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”



Artıq yay fəsli öz qızmar günəşi və cansıxıcı istiləri ilə gəlişini lazımınca hiss etdirir. Məhz ona görə də, adətən bu aylarda paytaxtda yaşayan insanlar istilərdən yaxa qurtarmaq və bir sözlə, dincəlmək məqsədilə regionlara, təbiət qoynuna çəkilirlər. Müvəqqəti də olsa, mən də paytaxtın nəfəskəsən istilərindən "qaçıb”, ötən həftə sonunu ata-baba yurdum olan Qazaxda keçirmək fikrinə düşdüm. "Həm ziyarət, həm də ticarət” olsun deyə, Gəncə Şəhər İcra Hakimiyyəti və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi jurnalistlərarası müsabiqə ilə bağlı da qədim Gəncə şəhərindən bir reportaj hazılayaram deyib, fikrimi qətiləşdirdim.

Və ötən şənbə səhər saat 11 radələrində Bakı Beynəlxaq Avtovağzalından "Gəncə tur” sərnişindaşıma avtobusu ilə Nizami və Məhsəti Gəncəvi kimi incilərin vətəni olan Gəncəyə yola düşdüm. Həmin gün saat 16 radələrində hələ Gəncə avtovağzalına çatmamış dahi Nizami Gəncəvinin əzəmətli məqbərəsi qarşısında avtobusdan düşdüm. Qədim və müasir tikililəri ilə özünəməxsusluğunu saxlayan Nizami yurdunda qonaq oldum. Elə bu şəhərə gələn bütün qonaqlar kimi, məni də şairin görkəmli məqbərəsi qarşıladı. Heç kimə sirr deyil ki, məqbərəni dəyərli edən onun ölkə əhalisi və xarici qonaqların ziyarətgah məkanına çevrilməsidir. 1141-1209-cu illərdə yaşamış dünya ədəbiyyatı karifeyi, "Xəmsə” müəllifi Nizami Gəncəvinin qəbri üzərində türbə hələ qədimdən inşa olunub. İlk türbənin tikintisi XIII-XIV əsrlərə aid edilir. 1947-ci ildə isə şairin qəbri üzərində yeni məqbərə ucaldılıb. Hazırkı məqbərə isə 1990-91-ci illərdə yenidən qurulub, qədim arxitektura ənənələri saxlanılmaqla müasirləşdirilib. Mərkəzi xiyabanın uzunluğu 125 m, eni 40 m, məqbərənin hündürlüyü isə 20,9 m-dir. Burada Nizaminin "Xəmsə”sinə daxil olan əsərlərdən bəhs edən heykəltəraşlıq kompleksi var. Kompleksin müəllifi heykəltəraş Qorxmaz Sücəddinovdur. 2011-ci ildə Nizami məqbərəsində yenidən təmir-bərpa işləri görülüb.

Qafqazın ən böyük parkı - Xan bağı

Dahi Nizaminin məqbərəsini ziyarət etdikdən sonra Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı, ölkəmizin ikinci böyük şəhəri, dahi şəxsiyyətlər yurdu Gəncəyə daxil oluruq. Şəhərə girər-girməz ən çox qırmızı kərpic və qırmızı kirəmitli qədim evlər, nəhəng xan çinarları diqqətimizi çəkir. Yol yorgunluğunu çıxarmaq üçün "Xan bağı”nda ayaq saxlayıb, bu gözoxşayan bağla tanış oluruq. Gəncəyə gələn bütün qonaqların sevərək üz tutduğu bu park Azərbaycanın ən qədim bağıdır. Həm də Qafqazın ən böyük parkı hesab edilir. Hicri təqvimlə 996-cı ildə salınıb, 414-415 illik tarixi var. Lakin bəzi tarixi mənbələr parkın tarixinin daha qədim olduğunu göstərir. Bu bağın Fərhad Paşanın oğlu - Mehmet Paşa oğluna məxsusluğu və 1582-ci ildə salındığı da tarixi mənbələrdə öz əksini tapıb. Cavad xanın dönəmində bağda abadlaşdırma, böyük yaşıllaşdırma işləri aparılıb. Bundan sonra onun şərəfinə buranı Xan bağı adlandırmağa başlayırlar və bağın tarixi də bu dövrdən hesablanmağa başlayır. Cavad xan səfərə gedən tacirlərə nadir ağaclar gətirməyi sifariş verərmiş. Əcnəbi qonaqlar da hədiyyə olaraq ona müxtəlif ağac və gül tingi gətirərmişlər. Təbiət vurğunu Cavad xanın dövründə bu bağın ərazisi 52 hektara çatırmış. Bağın bir hissəsi Gəncə qalasına qədər uzanırmış. Onu da deyək ki, Cavad xanın ruslara qarşı mərdanə vuruşu da orada olub. Buna görə də Qafqaz canişini M.S.Vorontsov Gəncə qalası ilə bərabər Xan bağını da yer üzündən silməyi qərara alır. 1847-ci ildə Vorontsovun təşəbbüsü ilə Xan bağının aşağı hissəsində təqribən altı hektar sahədə yeni şəhər parkının bünövrəsi qoyulur. Çar hakimiyyəti dövründə qala tamam dağıdılır, Xan bağı isə Vorontsovun şərəfinə Sərdar bağına çevrilir. Bu gün Gəncə qalasının yalnız bir hissəsi bağın girişində qorunur. Parkda bir çox nadir tapılan, nəsli kəsilməkdə olan ağac növləri var. Onlardan Himalay sidri, maqnoliya, yapon əzgili, hind qozu, bambuk ağacları maraq doğurur. Mərkəzdəki əzəmətli çinar xiyabanı isə parka ayrıca özəllik və gözəllik verir. İlin hansı fəslində olursa-olsun, Gəncəyə qonaq gəlmisinizsə, yolunuzu mütləq bu qədim bağdan salın.

AXC-nin fəaliyyət göstərdiyi tarixi bina

1897-ci ildə Xan bağının yanında qırmızı kərpicdən tikilən bina da hazırda öz memarlığı ilə Gəncəyə yaraşıq verən tikililərdəndir. Bina tikilərkən burada Duma adlandırılan Zemstvo idarəsi yerləşib. 1908-ci ildə Gəncə qubernatorunun iqamətgahı olan binada 1918-ci ildə Azərbaycan Xalq Demokratik Cümhuriyyəti fəaliyyət göstərib. İndi isə Azərbaycan Dövlət Aqrar Universiteti bu binada yerləşir.

"Gəncənin tarqovısı” - Cavadxan küçəsi

Eyni zamanda Gəncənin gəzməli-görməli yerlərindən biri də Cavadxan küçəsidir. Başqa adla desək, "Gəncənin tarqovısı”. Uzunluğu 500 metr olan küçədə quraşdırılan buta formalı oturacaqlar, müxtəlif maraqlı heykəllər, qədim binaların yaratdığı tarixi ab-hava insanlara xoş ovqat bəxş edir. Küçə boyunca tarixi və yeni binaların vəhdəti maraqlı görüntü yaradır. Nizami Gəncəvinin mənsub olduğu Şeyxzamanovlar nəslinin yaşadığı ev də burada yerləşir. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə "Azərbaycan” qəzetinin ilk nömrəsinin dərc olunduğu tarixi mətbəənin binası da Cavadxan küçəsindədir. AXC-nin qurucularından olan Xasməmmədov qardaşlarının yaşadığı ev, həmçinin 1899-cu ildə tikilən və alman mühəndisi Zingerin yaşadığı ev də Cavadxan küçəsinin tarixi tikililərindəndir. Gəncəyə gəlib bu məşhur küçədə gəzişmədən, geri dönməyi ağlınıza belə gətirməyin.

Dünyanın 5 ən böyük parkından biri - Heydər Əliyev parkı

Bu ilin yanvarında istifadəyə verilən Heydər Əliyev parkı da Gəncənin ən füsunkar və gözoxşayan məkanlarından biridir. Dünyanın 5 ən böyük parkı arasında bu parkın da adı var. Ərazisi 450 hektar, uzunluğu isə 2 kilometrdir. Burada gəzinti, istirahət üçün bütün imkanlar var. Parkın girişində möhtəşəm "Zəfər tağı” ucaldılıb. Eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metr olan "Zəfər tağı”nın ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydançası da var. Meydançaya qalxmaq üçün pilləkənlər və lift quraşdırılıb. Parkda yaradılan süni göl və şəlalə də bu məkana xüsusi görkəm verir. Heydər Əliyev Parkında Müasir İncəsənət Muzeyi və Amfiteatr da inşa edilib. Burada tanınmış rəssamların müxtəlif əl işləri və digər sənət nümunələri nümayiş etdirilir. Parkda foto çəkdirən şəhər sakini Şaiq Nəzərov da bizimlə söhbətində bu parkın möhtəşəmliyindən ürəkdolusu danışdı: "Çox geniş parkdır. Əlbəttə, havaların isti olduğu vaxtlarda gəlib otururuq və ya da gəzirik. Azyaşlılar, qocalar da bu parka daha çox üz tuturlar. Həm də bu park çox yaşıllıqdır. Adam gəzdikcə, oturduqca rahatlıq tapır. Ən yaxşı tərəflərindən biri də odur ki, gənc gitaraçılar gitaralarını götürüb bura gəlirlər. Çalıb, oxuyurlar. Hamı da başlarına cəm olur. Bu da bir əyləncə növüdür. Biz bu parkda həm də əylənirik”.

Qəhrəmanlıq nümunəsi - Cavad xan məqbərəsi

Gəncənin ən məşhur tarixi şəxsiyyətlərindən biri Gəncə xanı Cavad xandır. Ziyadoğullar nəslinin nümayəndəsi, Gəncənin son xanı olan Cavad xanın qəhrəmanlıq nümunəsi bu şəhərdə dillər əzbəridir. 1804-cü ildə ruslar şəhəri mühasirəyə aldıqda bir aydan artıq müqavimət göstərən Cavad xan düşmənlərinin belə etiraf etdiyi şücaətlə vuruşaraq həlak oldu. O, general Sisianovun hədə-qorxu dolu məktubuna cavab verdiyi kimi, "Gəncəni ancaq mənim cənazəmin üstündən keçərək tuta bilərsiniz” sözlərinə sonunadək sadiq qaldı. Cavad xanın mərdliyi və şücaəti qarşısında heyrətlənən, onun cəsarətinə heyran qalan knyaz Sisianov xanı bir hökmdara yaraşan şəkildə, tabutunu Gəncə bayrağına sarıyaraq dəfn etməyi əmr etdi. Cavad xan və oğlu Hüseynqulu xan təntənəli dəfn mərasimi ilə Şah Abbas meydanındakı Xan qəbiristanlığında torpağa tapşırıldı. 1925-ci ildə Xan qəbiristanlığı ləğv edildi. Cavad xanın sümükləri Səbzkar məhəllə qəbiristanlığındakı Gorani türbəsinə gömüldü. Nəhayət, 2004-cü ildə xanın sümükləri yenidən əvvəlki yerinə qaytarıldı və üstündə türbə tikildi. Onun tabutuna sarılan məşhur bayraq isə hazırda Tarix-Diyarşünaslıq muzeyində qorunur.

Tarixilik nişanəsi - Şah Abbas məscidi

Biz də Gəncənin tarixində və gəncəlilərin ürəyində, hafizəsində önəmli yeri olan bu böyük şəxsiyyətin məqbərəsini ziyarət etdikdən sonra eyni meydanın ərazisində yerləşən digər tarixi abidələri - Çökək hamamı və Şah Abbas məscidini ziyarət etdik. Səfəvi hökmdarının tikdirdiyi məscid. Şəhərin mərkəzindəki Şah Abbas meydanının 400 il yaşı var. Burada məscid, karvansaray (XVII əsr), Çökək hamam, Hacı Bağır kəhrizi və xan qəbiristanlığı olub. Meydandakı Şah Abbas məscidi 1606-cı ildə inşa edilib. Şərqdə yaxşı tanınmış memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında tikilən bu məscid Cümə məscidi kimi də məşhurdur. Binanın tikintisində yumurta ağı ilə gil-əhəng qatışığından və qırmızı kərpicdən istifadə olunub. I Şah Abbas tərəfindən tikdirilən məscidi XVIII əsrdə Cavad xan 2 dəfə əsaslı təmir etdirib. 1776-cı ildə binaya əlavə olaraq qoşa minarə tikilib. Minarələrin üstündə hicri 1271-ci il (yəni 1851-ci il) tarixi yazılıb. 1920-ci ildə bolşevik Rusiyası tərəfindən şəhərə atılan mərmilərin dağıdıcı təsirindən minarələrin birində əyilmə baş verib. Məscidin daxilində 12 imamın şərəfinə tikilmiş 12 hücrə var. Əvvəllər burada mədrəsə fəaliyyət göstərib. Məscidin diqqətçəkən əlamətlərindən biri budur ki, günorta vaxtı binanın günbatan divarına düşən kölgə itir. Bu da günorta namazına başlamağın vaxtını bildirir. Ərdəbil, İsfahan və Qəzvin şəhərlərində bənzər məscidlər var. Məscidin 3 yerində şəbistan, yəni gecə vaxtı yeri var. Bunlar dindar və qonaq qadınların oturması üçün yaradılıb.

Şəhərin ən maraqlı tikilisi - "Butulka ev”

Ardınca, nəinki azərbaycanlıları, hətta bütün əcnəbi qonaqları heyrətləndirən "butulka ev”ə də baş çəkdik. Onu görən hər kəsin diqqətini çəkən bu ikimərtəbəli yaşayış evi şəhərin qəribə tikilisi hesab edilir. 1960-1964-cü illərdə evin sahibi buranı tam 50.000 şüşədən, daha dəqiq desək, butulkadan hazırlayıb. Gəncəlilərin "butulka ev” adlandırdığı bu mülk də tarixi əsərlər siyahısına daxildir.

Mədəniyyət ocağımız- Gəncə Dövlət Dram Teatrı

Gəncəyə gəlib böyük mədəniyyət ocağımız olan Gəncə Dövlət Dram Teatrını ziyarət etməmək günahdır deyib, bu mədəniyyət ocağını da ziyarət etdik.

Məlumdur ki, Gəncə Dövlət Dram Teatrının binası XIX əsrin 80-ci illərində alman sahibkarı Xristofor Förer tərəfindən inşa olunub. Teatrın binası XIX əsr tarix-memarlıq abidəsidir. Gəncə Dövlət Dram Teatrı 1921-ci ildə noyabr ayının 13-də Bakıda yaranıb. 1932-ci ilin dekabr ayında teatr bütün heyəti ilə birlikdə Gəncəyə köçürülüb və fəaliyyətini burada davam etdirib. Gəncəyə gələn aktyorlar içərisində İsmayıl Talıblı, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli, Ağahüseyn Cavadov, Mehdi Məmmədov, Kazım Ziya, Fatma Qədri, Əmir Dadaşlı, Rəmziyyə Veysəlova kimi müqtədir sənətkarlar vardır.

Gəncəlilərin əsl istirahət parkı - Gəncə çay bulvarı

Ardınca, axşam saatlarında Gənçə çayının sol sahilində yerləşən və çay boyu uzanan bulvara üz tutduq. Bulvarda insan izdihamının canlı şahidi olduq. Gənc xanım Günay Mərdalıyeva sualımızı cavablandırarkən bura dincəlmək üçün gəldiyini söylədi: "Çay kənarıdı. Hava sərin olur. Özünüz görürsünüz. Söz deməyə ehtiyac yoxdur. Hamı bura gəlir. Bizə yaradılan şəraitdən çox razıyıq”. Daha sonra çayın sağ sahilində yerləşən Məhsəti çay evinə də getdik. Çayın zümzüməsi və quşların cəh-cəh sədası altında kəklikotlu çay içdik. Və həmin gün üçün işimizi bitirdik. Məni Gəncədə qarşılayan və bir növ bələdçilik edərək şəhəri mənə tanıdan dostum Tahir Həsənligildə gecələdim. Və səhərisi gün dostumla ölkəmizin ən qabaqcıl turistik məkanlarından olan Göygöl və Maral gölə üz tutduq. Orada bir neçə saatlıq istirahətdən sonra birinci günü redaksiyada olmağımı nəzərə alıb, Qazax səfərimdən imtina edərək Bakıya qayıtdım. Doğrudur, ata-baba yurduma gedə bilməsəm də, Gəncə səfərindən əliboş qayıtmadım. Oxucularımız və məlum müsabiqə üçün maraqlı reportajla geri döndüm”.

Ayyət Əhməd

Yazı Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.