“Sanki ermənilər bunların qardaşlarıdır”

“Gərək monitorinqlərin birində ATƏT və ya BQXK əməkdaşlarından birini öldürə, meyitləri qoşunların təmas xəttində qala, ancaq ondan sonra ermənilərin hansı xislətdə olduğunu görərlər”


Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) əməkdaşlarının Ağdam istiqamətində ermənilər tərəfindən atəşə tutulması barədə məlumatlara münasibət bildirib.

BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova açıqlamasında deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında BQXK təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələr həyata keçirir:
"Biz müntəzəm olaraq bu icmalara baş çəkir, cəbhə xəttinin hər iki tərəfində iş aparırıq. BQXK-nin yerli orqanlarla birgə həyata keçirdiyi layihələrdən biri də Ağdam rayonunun Əhmədağalı kəndində artezian quyusunun təmiri ilə bağlı həyata keçirilən layihədir. Mediada olan məlumatla əlaqədar deyə bilərik ki, biz əməkdaşlarımızın 4 may tarixində orda olduğunu təsdiqləyirik. Lakin BQXK əməkdaşlarının və ya nəqliyyat vasitəsinin hədəf olduğunu bildirən heç bir əlamət və əsas yoxdur” (azvision.az). 


BQXK-nin açıqlaması ilə bağlı "Şərq”ə danışan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov deyib ki, hələ buna da şükür edək ki, Komitə atəşkəsin Azərbaycan əsgərləri tərəfindən pozulduğunu iddia etməyib: 

"ATƏT-in monitorinq qrupu və Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları qoşunların təmas xəttində olan zaman nəqliyyat vasitələri hər səfərində ermənilər tərəfindən atəşə tutulur. Bu ermənipərəst təşkilatlar isə ermənilərin atdığını bir dəfə də olsun öz hesabatlarında qeyd etmirlər. Guya ki, açılan atəşin hansı tərəfdən olduğunu bunlar bilməyib. Ermənilərin özlərini tərbiyəsiz uşaq kimi apardığını vurğulayan millət vəkilinin sözlərinə görə, ermənilər nə beynəlxalq prinsiplərə əməl edir, nə də beynəlxalq təşkilatları sayır. Ermənilər özbaşına, elə-belə qudurğanlıq etmir ki, onları istiqamətləndirən, havadarlıq edənlər var. Əks halda, doğmalarının qəbrini ziyarətə getdiyi üçün qanunsuz yerə həbs olunan Dilqəm Əsgərovla Şahbaz Quliyevin girovluqdan azad olunmasına kömək edərdilər. Ən azından ermənilərin onlara atəş açdığını öz hesabatlarında təqdim etsinlər, onların cəzalandırılmasına nail olsunlar. Ancaq onlar bunu etmirlər. Gərək ermənilər monitorinqlərin birində ATƏT və ya BQXK əməkdaşlarından birini öldürə, meyitləri qoşunların təmas xəttində qala, ancaq ondan sonra ermənilərin hansı xislətdə olduğunu görərlər”.

ATƏT-in və BQXK-nin ermənilərə kor-koranə havadarlıq etməsinin səbəbinə gəldikdə isə millət vəkili deyib ki, onlar heç vaxt Azərbaycanla Ermənistanı eyni gözdə görməyiblər: "Onlar münaqişə başlayan gündən ermənilərin yanında yer alıb, həmişə onların mövqelərini müdafiə ediblər. Azərbaycan onlara qarşı ermənilərin göstərdiyi münasibətin birini göstərsə, indi başımıza Allahın oyununu açmışdılar. Sanki ermənilər bunların doğma qardaşlarıdır. Bunun dəqiq səbəbini deyə biləmərəm. Bir özləri, bir də Allahları bilir. Yəqin ki, din faktoru ilə əlaqəli olar. Ya da ki ermənilərə qarşı xüsusi bir simpatiyaları var”.
Şəymən