"Sapojnik" dərdi...

Elə bil, kimsə uduzub, kimsə qazanıbAysel Əliyeva
Məhləmizin "sapojnik"i vardı. Bu məhəlləyə köçəndə ilk onunla salamlaşmışdım. Daha doğrusu, ilk o, "salam" demişdi. Buranın ən əzəli sakinləri, deyilənə görə, məşhur bir bakılı nəsli olub. Məşhurluqları da "lotu”luqlarıdı. 
O vaxtlar bura "Kubinka”dan gətirib, yerləşdiriblər. Deyirlər, onda bu məhəllədəki yan-yana beşmərtəbələri bu, "dəlidir nə yapsa, yeridir" tərzindəki bakılılar doldururmuş. Aşirət kimi yaşayırmışlar. Məhlədə onlardan xəbərsiz quş uçmazmış. Sonra, sağ olsunlar, bir-birilərini "azaltmağa” başlayıblar. Qayın qardaş arvadını doğrayıb, qardaş qardaşı şişləyib, arvad ərini, ər arvadını...
Elə birinə mən də şahid olmuşdum. İki əmi oğlu həyətdə cəmi on dəqiqə dalaşandan sonra, biri o birinin başına maşın düzəldən açarı vurdu, məsələ kökündən həll olundu.
Ən sonuncu ailənin balaca oğlu da atasıyla ağızlaşandan sonra, dama çıxıb özünü asdı. 14 yaşında.
Narkotikdən tutulanlar, canını qurtarmaq üçün qaçanları ilə bərabər indi o bakılılardan kimsə qalmayıb burada.
"Sapojnik" deyirdim. O da bakılıydı.
Deyirlər, cayıl vaxtlarından damara işləyirmiş. İçəri girib-çıxıb, girib-çıxıb, yenə girib, yenə çıxıb. Axır ki, daş-divarın mərəzinə yoluxub. Vərəm idi. Bir balaca "butka”nın içinə bir divan, bir köhnə televizor, bir çaydan, bir peç, bir də ayaqqabı yamayan alətlərini sığışdırmışdı.
Səhərlər iş yeri olurdu, axşamlar evi. Tək idi.
Hava qaraldıqdan sonra, gün ərzində qazandığı 3-5 manatla məhlənin pişiklərinə sosiska, özünə də ucuz araq alırdı. Araqdan içəndə, arada pişiklərə atdığı sosiskadan özü də yeyirdi. Pis adam deyildi. Dalaşqan idi, amma hər dəfə məni görən kimi gülümsünürdü. Deyirdi, "bu məhlədə bircə dənə sən ee, özüm ölüm."
Niyə elə deyirdi, bilmirəm. Heç maraqlanmırdım da. Hal-əhval tuturdum, amma heç işim düşməmişdi. Bir, iki dəfə yerdə yıxılı halda görmüşdüm onu.
Birində, məhlənin yeniyetmə oğlanları ilə savaşanda bir şilləylə yerə sərmişdilər. Güc-bəla ayağa qalxmışdı. İkincidə qalxa bilmədi. Möhkəm içmişdi. Vərəmi də bir tərəfdən. Üzü üstə qaldı eləcə, "butka” evinin qabağında. Bir dəri, bir sümük canını təcili yardım qaldırdı yerdən.
Bu səhər çox sevdiyim ayaqqabımın kənarı qopdu. Getdim o "butka”ya. İndi orada başqa "sapojnik" var. Butkanı söküb, yenidən yığıb. Divanı, televizoru bayıra atıb. İçəridən daha ucuz araq, pişik, ayaq qoxusu gəlmir. Heç pişiklər də qalmayıb həndəvərdə. Yeni adam da ciddi, sərhədli biri. Sanarsan məktəb müəllimidi. Dedi, gətir düzəldim ayaqqabını, axşam götürərsən.
Aparmadım. Qəribsədim, o səliqə, təmizliyi. Maraqlı olub. Elə bil, kimsə uduzub, kimsə qazanıb. Elə bil, birinin evi, işi, yeməyi, içkisi, ailəsi, uşağı, olanı-qalanı başqasının xudmani "ayaqqabı təmiri dükanı" olub. Nəsə olub, amma dəqiq bilmirəm nə. Hər nədirsə, olması gərəkəndi.