“Sarkisyan bütün dünyada Putinin marionetkası sayılır”

Sülhəddin Əkbər: “Erməni jurnalistin adını çəkdiyi ölkələr Rusiya ilə birgə batmağa razı olmadıqları üçün Moskvanın asılılığından qopmağa çalışacaqlar”



Rusiya tezliklə Azərbaycan və Ermənistan da daxil olmaqla bir sıra MDB ölkələrində terrora başlayacaq. Bu barədə erməni jurnalist Qalust Qriqoryan məlumat verib. Avropa Komissiyasının başçısı Joze Manuel Barrozunun Davos Forumunda çıxışını əsas götürən Qriqoryan hədəfdə Azərbaycan və Ermənistanla yanaşı, Gürcüstan, Moldoviya və Orta Asiya ölkələrinin də olduğunu bildirib.

Jurnalist məqaləsində rəsmi İrəvanın məsələ ilə bağlı susduğunu bildirir və daha sonra bunun səbəblərini açır: "Serj Sarkisyan bütün dünyada "erməni Yanukoviç”, yəni Putinin marionetkası sayılır”.

Məsələ ilə bağlı "Şərq”ə danışan tanınmış politoloq, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, Rusiya təhlükəsizlik konsepsiyasına görə, keçmiş sovet məkanına, yəni indiki MDB ölkələrinə həyati önəm daşıyan maraq dairəsi kimi baxır. Ona görə də bu sferaya hər hansı müdaxilə olanda çox sərt reaksiya verir: "Biz bunu 2008-ci ildə Gürcüstanda gördük. Ukraynada isə görməkdə davam edirik. Krımın işğalı və daha sonra Dombasda baş verən olaylar Kremlin bölgəylə bağlı aqressiyasının açıq təzahürüdür. Hesab edirəm ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar, neftin dünya bazarında qiymətinin aşağı düşməsi və Rusiyanın müharibəyə cəlb olunması heç şübhəsiz, bu ölkənin iqtisadi maliyyə çöküşünə və sosial gərginliklərə gətirib çıxaracaq. Rusiya maliyyə cəhətdən zəiflədikcə, Kremlin aqressiv və xarici siyasəti də güclənəcək. Yəni Rusiyanın vəziyyəti ağırlaşdıqca, onunla müəyyən mənada bağlı olan ölkələr də sərt müqavimətlə üzləşəcəklər”. Politoloqun sözlərinə görə, erməni jurnalistin

adını çəkdiyi ölkələr Rusiya ilə birgə batmağa razı olmadıqları üçün Moskvanın asılılığından qopmağa çalışacaqlar: "MDB məkanında yerləşən dövlətlər yaxşı bilirlər ki, Rusiya batmağa çalışarkən özü ilə digər ölkələri də batırmaq üçün əlindən gələni edəcək. Rusiya artıq indidən qopmaların qarşısını almaq üçün hərbi-siyasi təzyiq və hədə-qorxu siyasətini həyata keçirərək həmin ölkələrə təsir etməyə başlayıb. Bu ölkələr daxilində ictimai-siyasi gərginliyin artırılması da aqressiv siyasətin bir parçasıdır”.

İsmayıl