“Sarkisyan çıxış edəndə girovlarımızın fotolarını qaldırdım”

Əhməd Şahidov: “Etiraz zamanı oradakı deputatlar da fotolara baxdılar”


"Tələb edirdilər ki, kameradakı görüntüləri silim. Amma hüquq müdafiəçisi olduğumu bildikdən sonra bir qədər ehtiyatlı davrandılar”


"Ermənistan prezidenti Serj Sarkisyan AŞ PA-da çıxış edərkən, səssiz etiraz aksiyası keçirdim”. Bunu "Şərq”ə açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov deyib.

Uzun müddətdir Avropanın nüfuzlu təşkilatları çərçivəsində ermənilər tərəfindən girov götürülmüş kəlbəcərli girovlarımız - Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad olunması istiqamətində iş aparan Əhməd Şahidov AŞ PA-da iki-üç gün ərzində bu istiqamətdə xeyli iş görüldüyünü diqqətə çatdırıb.
Hüquq müdafiəçisi etiraz zamanı zaldan çıxarılmasından və daha sonra ermənilərin ona təzyiq etmək istəməsindən söz açıb: "Yanvar ayının 22-dən Avropa Şurası Parlament Assambleyasının qış sessiyası öz işinə başladı. Biz də ilk gündən sessiyaya qatıldıq. Birinci işimiz AŞ PA-da müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşmək, onlara azərbaycanlı girovlarla bağlı məlumat vermək, özümüzlə apardığımız 500-ə yaxın bukletləri, fotoları onlara paylamaq və onlardan Azərbaycanın haqq səsinə dəstək vermələrini xahiş etmək idi. Həmçinin, Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı zamanı ona suallar verməyi, Ermənistanın nümayəndə heyəti ilə bu istiqamətdə tələb şəklində danışmağı qarşımıza məqsəd qoymuşduq. Bu məqsədlə ilk növbədə Türkiyə, Gürcüstan, Albaniya, Moldova, Ukrayna, İtaliya, Fransa, Almaniya və Avstriya nümayəndə heyətləri ilə görüşlər keçirdik. Onlara girovlarımızla bağlı məlumat verdik. Çox sevindirici haldır ki, bir vətəndaş cəmiyyəti olaraq bizim təşəbbüsümüzə azərbaycanlı millət vəkilləri də yaxından dəstək oldular. Xüsusi olaraq xanım deputatımız Qənirə Paşayevanın bu istiqamətdəki fəaliyyətini qabartmaq istəyirəm. Qənirə xanım bütün iclaslara bizi də dəvət etdi. Bizi özü ilə gəzdirərək bir-bir deputatlarla tanış elədi. Girovlarla bağlı məlumat verməyimizə şərait yaratdı, özü də bu istiqamətdə çalışdı”.
Hüquq müdafiəçisi bildirib ki, ayın 24-ü saat 10-da Serj Sarkisyan AŞ PA-da çıxış etdi: "Biz isə səhər saat 8-dən AŞ PA-nın binasındaydıq. Əsas plenar iclasların keçirildiyi zalda, düz qapının yanında stend hazırlamışdıq. Həmin stenddə girovlarımızın fotoları, ingilis və fransız dillərində bukletlər yerləşdirmişdik. Təqribən 3 saat ərzində, yəni saat 9-dan 12-yə qədər 60-a yaxın deputat bizə yaxınlaşdı və fotolarla maraqlandılar. Biz deputatları məlumatlandırdıq və onlara buklet payladıq. Maraqlı cəhət ondan ibarətdir ki, Sarkisyan AŞ PA-ya, iclas zalına daxil olarkən bizim stendin qarşısından keçdi və nifrət dolu nəzərlərlə bizi süzdü. Daha sonra biz də iclas zalına daxil olduq. Sarkisyan çıxışının birinci hissəsində Ermənistanın "inkişafından” və ölkədəki "insan haqlarından” danışdı. Mən hamının görə biləcəyi bir yerdə, düz Sarkisyanın qarşısında əyləşmişdim. Ermənistan rəhbəri çıxışının ikinci hissəsində qondarma Dağlıq Qarabağ respublikası ilə bağlı fikirlər səsləndirəndə girovların özümlə apardığım fotolarını yuxarı qaldırdım. Təqribən 3 dəqiqə səssiz şəkildə etirazımı bildirdim”. Ə.Şahidov vurğulayıb ki, onun əyləşdiyi sektorda oturanların hamısı erməni olub: "Sarkisyan zala daxil olanda onlar ayaq üstə durub alqışladılar. Ermənilər mənim bu cür aksiya keçirməyimi çox təəccüblə qarşıladılar və isterikaya düşdülər. Ancaq mənə heç cür müdaxilə edə bilmədilər. İçlərindən bir-iki nəfər gedib AŞ PA-nın təhlükəsizlik xidmətinin əməkdaşlarına xəbər verdi. Mühafizənin əməkdaşları gəldilər və məndən aksiyanı dayandırmağı, zalı tərk etməyimi tələb etdilər. Təbii ki, mən onlarla mübahisə edə bilməzdim. Onsuz da məqsədimə çatmışdım, mesajımı vermişdim. Sarkisyan əlimdə tutduğum fotoları görmüşdü və bir neçə dəfə udqunmuşdu. Hətta çıxışında fasilə vermək məcburiyyətində qalmışdı. Etiraz zamanı oradakı deputatlar da fotolara baxdılar. Zaldan çıxandan sonra özümü təqdim etdim və hüquq müdafiəçisi olduğumu dedim. Çünki Ermənistan prezidentinin mühafizə xidmətinin əməkdaşları mənə təzyiq göstərməyə cəhd edirdilər. Tələb edirdilər ki, kameradakı görüntüləri silim. Amma hüquq müdafiəçisi olduğumu bildikdən sonra bir qədər ehtiyatlı davrandılar. Həm də AŞ PA-nın nümayəndələri də imkan verməzdilər ki, ermənilər mənə hansısa təzyiq göstərsinlər. Ermənistan prezidenti zalı tərk etdikdən sonra mən dəhlizdə gəzişərkən erməni deputatların kin və nifrətinin şahidi oldum. Ancaq ən azından iki-üç gün ərzindəki təbliğat fəaliyyətimiz və Ermənistan rəhbərinə qarşı səssiz etirazımızla AŞ PA-da girovlarımızla bağlı məsələni yenidən gündəmə gətirdik.

İsmayıl