Sarkisyanı beynəlxalq ədalət tribunasına çıxara bilərik

Bunun üçün əlverişli hüquqi əsaslar və lazım olan siyasi zəmin var
Onun çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılması isə bu prosesi sürətləndirə bilər


Qarabağda, Xocalıda əli azərbaycanlıların qanına batmış sabiq prezident, cinayətkar Serj Sarksiyanın törətdiyi cinayətkar əməllərinə görə, Azərbaycanda mühakimə edilməsinin zəruriliyi ilə bağlı fikirlər son zamanlar İrəvanda baş verən hadisələrin fonunda yenidən aktuallaşıb.

İllər əvvəl Xocalı soyqırımını törətməkdə birbaşa əli olan düşmən ölkənin devrilmiş rəhbəri Sarkisyana qarşı Azərbaycanda cinayət işi də açılıb. Amma onun prezidentliyi dövründə Sarkisyanı real olaraq məsuliyyətə cəlb etmək mümkün olmayıb. İndi isə həmin şəxs hakimiyyətdən uzaqlaşdırılıb.

Maraqlıdır, Azərbaycan tərəfi Sarkisyanı mühakimə edə bilər?

Yaxud da beynəlxalq məhkəməyə müraciət edərək onun cəzalandırılmasına nail olmaq mümkündürmü?
Politoloq Nəzakət Məmmədova hesab edir ki, biz gec-tez Ermənistanda uzun illər cinayətkar rejimin başçısı olmuş Sarkisyanın beynəlxalq ədalət tribunalına verilməsinin və mühakimə olunacağının şahidi olacağıq. Bunun üçün əlverişli hüquqi əsaslar və lazım olan siyasi zəmin var. Onun çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılması isə bu prosesi sürətləndirə bilər: "Dünya tarixində son onilliklərdə onlarla, yüzlərlə misal çəkə bilərik ki, bu cür müharibə cinayətkarları qanuni cəzalarını alıblar. 

Xüsusilə, İkinci Dünya müharibəsindən sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin yaradılması, Rafael Lemkin tərəfindən soyqırım cinayətinin bəşəriyyətə qarşı cinayət kimi təsbit olunması və bu barədə müvafiq konvensiyanın, normativ-hüquqi bazanın yaradılmasından sonra müharibə cinayətkarları, soyqırım törədənlər məsuliyyətə cəlb olunmağa başladılar. Nürmberq prosesində faşist müharibə caniləri, bəşəriyyətə qarşı cinayətlər etmiş onlarla şəxs layiq olduğu cəzalara məhkum edilib. Daha sonra isə müasir dövrümüzdə Ruanda və keçmiş Yuqoslaviyada cinayət törətmiş canilər mühakimə olunub. Təbii ki, Sarkisyan da istisna oluna bilməz. Heç bir cinayətkarın cəzadan yayınmaq üçün immuniteti yoxdur və ola da bilməz. 

Hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir”. Sarkisyanın müharibə cinayətkarı olduğunu vurğulayan N.Məmmədova onun Qarabağda dinc mülki əhaliyə qarşı amansız cinayətlər törətməsini xatırladıb. Və deyib ki, bu cinayətlər minlərlə şahid ifadələri, sənədlərlə sübuta yetirilib, eyni zamanda cinayətkarın özü tərəfindən dəfələrlə etiraf edilib: 

"Sarkisyan və onun cinayətkar əlaltıları Qarabağ müharibəsinin gedişatında beynəlxalq humanitar hüququn bütün tələblərini pozmuş, bəşəriyyət əleyhinə ən ağır cinayət hesab olunan soyqırımı törətmişlər.

 Haaqa və Cenevrə konvensiyaları kobud şəkildə pozulmuş, minlərlə insan soyqırıma məruz qalmışlar. İndiyədək onun prezident və baş nazir kürsüsündə olması bu caninin mühakimə olmasına mane olurdu. Eyni zamanda, sirr deyil ki, Sarkisyan Qarabağ müharibəsi zamanı vuruşan digər erməni quldur səhra komandirləri kimi Rusiya Baş Kəşfiyyat İdarəsinin agenti olub və bu, onu mühakimə olunmaqdan qorunmağa yardımçı olub. Lakin keçmiş Yuqoslaviyada dinc əhaliyə qarşı cinayət törədən serb generallar Mladiç, Miloşeviç də bir zamanlar adıçəkilən böyük dövlətin himayəsində olmuşlar. Yaxud xorvatiyalı cinayətkar hərbçilər də Avropanın böyük dövlətlərinə bağlı olub. Lakin onların mövqeləri zəifləyən kimi Haaqa Tribunalına təhvil verilmiş, beynəlxalq hüquq əsasında mühakimə olunaraq cəzalarını almışlar. Sarkisyanı da eyni aqibət gözləyir. Çünki heç bir cinayət cəzasız qalmır. 

Srebrennitsa qurbanları kimi Xocalı faciəsində və işğal olunmuş digər ərazilərimizdə törədilən soyqırımlar zamanı həlak olmuş insanlar da bəşəriyyətə qarşı cinayət qurbanlarıdır. Azərbaycan indiyədək siyasi motivlərlə bu məsələdə təmkin nümayiş etdirib. 

Lakin bundan sonra hakimiyyətini və nüfuzunu itirən Sarkisyanı beynəlxalq ədalət mühakiməsinə vermək daha asan ola bilər. Azərbaycan İnterpol xəttilə Zori Balayanı da axtarışa vermişdi və bunun nəticəsində ona qarşı beynəlxalq səviyyədə müəyyən tədbirlər görülmüşdü. Düşünürəm ki, Sarkisyana qarşı da analoji tədbirlər görüləcək və o, yaxın zamanlarda öz layiqli cəzasını alacaqdır”.

Şəymən