Sebastiyan Kurts Qarabağın həllinə kömək edə bilməz

Çünki, sadəcə ATƏT deyil, Avropa ölkələrinin əksəriyyəti Rusiyanın gücünü etiraf etməyə üstünlük verirlər



Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın XİN rəhbəri Sebastiyan Kurts arasında görüş olub.

Lavrov ATƏT-ə sədrlik edən avstriyalı həmkarının proqramını öyrəndiyini deyib. Rusiya XİN başçısı həmçinin bildirib ki, Avropa qitəsindəki gərgin vəziyyətə baxmayaraq, Rusiya-Avstriya münasibətləri uğurlu şəkildə inkişaf edir: "Ümid edirik ki, siziin yeni proqram konkret nəticələrə istiqamətlənəcək. Proqramın uğurla həyata keçirilməsinə yardım etməyə hazırıq. Rusiya və Avstriya əmindir ki, ATƏT ümumavropa məkanında gündəlikdə olan əsas məsələlərin vacib müzakirə meydançası olaraq qalmalıdır”. Kurts isə Avstriyanın ATƏT-ə sədrliyi dövründə qarşısına üç əsas məqsəd qoyduğunu açıqlayıb: "Başlıca məqsədimiz Ukraynanın şərqindəki münaqişənin həllinə yardım etməkdir. İkinci məqsəd ənənəvi olaraq Qərblə Şərq arasında körpü rolunu oynamaq, Avropada yenidən yaranan blok düşüncəsini keçmişə göndərməkdir. Üçüncü məqsədimiz isə radikalizmə və terrorçuluğa qarşı mübarizə aparmaqdır”. Görüşdə ATƏT məkanındakı münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi də müzakirə mövzusu olub. Lakin göründüyü kimi, ATƏT-in yeni sədrinin prioritet saydığı münaqişələr arasında Dağlıq Qarabağ problemi yer almayıb. Deməli, təşkilat Avstriyanın sədrlik dönəmində də yerində saymağa davam edəcək. Diqqət çəkən digər məqam isə odur ki, Rusiya tamamilə təklənmək siyasətindən uzaq durmağa çalışır. Bu məqsədlə də bir sıra Qərb təşkilatları ilə münasibətləri normal saxlamağa səy göstərir.

Görüşlə bağlı "Şərq”ə açıqlama verən siyasi ekspert Natiq Miri deyib ki, ATƏT-in müvəqqəti sədrliyinin Avstriyaya keçməsi fundamental qaydada, yəni prinsipial olaraq heç nəyi dəyişməyəcək: 

"Bundan öncə təşkilatın müvəqqəti sədri Avropanın ən hegemon ölkəsi sayılan Almaniya idi. Rəsmi Berlin müəyyən prioritetləri açıqlayanda Dağlıq Qarabağ məsələsinin həllini qabarıq şəkildə gündəmə daşımışdı. Münaqişənin həlli üçün çox ciddi cəhdlər ortaya qoyacağını bildirmişdi. Ancaq nəticədə Almaniya Qarabağ probleminin həllində əsas, həlledici tərəf kimi Rusiyanı gördü və bunu açıq şəkildə etiraf etdi. Almaniyadan dəfələrlə kiçik və zəif bir ölkə olan Avstriya da eyni mövqedən çıxış edir. Kurts öz açıqlamasında Cənubi Qafqaz problemlərinin həllində birbaşa Rusiyanın rolunu qabardır. O baxımdan Kurtsun sədrliyi dönəmində hansısa müsbət dəyişikliyin olacağına inanmıram”. 

Politoloqun fikrincə, ümumiyyətlə, ATƏT bir təşkilat olaraq özünü xərcləyib bitirib: 

"1975-ci ildən üzü bəri ATƏT beynəlxalq struktur kimi hər hansı ciddi münaqişənin həllində öz ağırlığını qoya bilməyib. Əgər qurum problemin həllini konkret bir ölkəyə həvalə edirsə, bunun özü təşkilatın gücsüzlüyünün etirafıdır”. Ekspert vurğulayıb ki, Rusiya Suriyada və Ukraynada göstərdiyi aqressiv siyasətdən dolayı məruz qaldığı diplomatik izolyasiyadan qurtulmaq istəyir: "Moskva ilk növbədə bölgə siyasətində mühüm rol oynayan Türkiyə ilə əlaqələri düzəltdi. Eyni zamanda Rusiyanın Suriyada ortaya qoyduğu mövqe və müəyyən mənada istəyinə nail olması bir daha göstərdi ki, regionda Moskvasız hansısa münaqişəni həll etmək, qalıcı sülh yaratmaq mümkün deyil. Ona görə də sadəcə ATƏT deyil, Avropa ölkələrinin əksəriyyəti Rusiyanın gücünü etiraf etməyə, qarşıdurmaya getmək əvəzinə, normal münasibət saxlamağa üstünlük verirlər”.

İsmayıl