
Səbəbsiz heç nə olmur
Gəlin evi yandırıb, özünü 9-cu mərtəbədən atdıMərhumənin atasının iddiasına görə, qızını qayınanası və əri özünü öldürmə həddinə çatdırıb

Hər nə qədər Azərbaycanda qadınlara qarşı zorakılıq faktlarının artdığına, bu sahədə vəziyyətin getdikcə kritik mərhələyə qədəm qoyduğuna dair həyəcan təbili çalınsa da, heç kəs bu istiqamətdə qabaqlayıcı tədbirlər görmək istəmir. Bu da nəticə! Ər evinin basqısı daha bir gənc qadına həyatı bahasına başa gəlib. Son günlərin əsas müzakirə predmetlərindən biri də gəlinin evi yandırıb, özünü 9-cu mərtəbədən ataraq intihar etməsidir.
Hadisə Bakının Nizami rayonunda, 8-ci kilometr bazarının arxasındakı binada yerləşən mənzillərdən birində baş verib. Ailənin gəlini, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb. K.Adıgözəlova hadisə yerindəcə dünyasını dəyişib. Sabunçu xəstəxanasından verilən məlumata görə, A.Könül xəstəxanaya gətiriləndə artıq ölmüş vəziyyətdə olub.
Mərhumənin atasının iddiasına görə, qızını qayınanası və əri özünü öldürmə həddinə çatdırıb: "İki il idi onu incidirdilər, işgəncə verirdilər. Qızımı onlar öldürdü”. Əgər o evdə gəlinə qarşı təzyiq və şiddət vardısa, niyə boşanmağa yox, intihara üstünlük verib?
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, hər cinayətin, baş verən hadisənin bir motivi olur. Səbəbsiz heç nə olmur: "32 yaşlı gəlinin evi yandıraraq intihar etməsi heç də təsadüfi ola bilməz. Əvvəla, bu hadisənin intihar olub-olmadığını istintaq müəyyən edəcək. Ola bilsin ki, evdə yanğın baş verən zaman həmin xanım panik olub və xilas olmaq üçün özünü pəncərədən atıb. Hər halda bu bizim yox, istintaq orqanlarının işidir”.
Psixoloqun sözlərinə görə, hadisənin üzdə olan tərəfi onu deməyə əsas verir ki, gəlinin evi yandıraraq intihar etməsinə səbəb ailədaxili konfliktlər olub: "Həmişə gəlin-qayınana və qohumlar arasındakı gərgin münasibətlərdən əzab çəkən adətən gəlin və onun əri olur. Sözün açığı, bu hadisədə ən çox diqqət çəkən məsələlərdən biri mərhumun atasının açıqlamasıdır. Qızının iki ildir bu ailədə təzyiq və şiddətə məruz qaldığını bilən ata necə olur ki, bir tədbir görməyib? Qızının ailəsində ciddi problemləri olduğunu bilə-bilə niyə həmin problemlərin həllinə çalışmayıb? Sizə onu deyim ki, bu cür situasiyalarda qızın valideynləri ifrat bir mövqe tuturlar. Ailələrin bir qismi qızının evində olan problemləri bilib-araşdırmadan gedib qızını da götürüb gəlir. Bir qismi isə ümumiyyətlə qarışmır. Hər iki halda isə nəticə heç də ürəkaçan olmur. Biz bir şeyi yadda saxlamalıyıq ki, problem varsa, həlli də var. Sadəcə olaraq, ailələr birləşib həmin problemləri doğuran səbəbləri aşkara çıxarmalı və onun həllinə çalışmalıdır”.
Heç bir halda boşanmaların tərəfdarı olmadığını vurğulayan psixoloq deyib ki, boşanma ən sonuncu addım olmalıdır: "Əgər ər hansısa zərərli vərdişlərin aludəçisidirsə, qadının boşanmaq istəyi təbii qarşılanmalıdır. Burada söhbət narkotik, alkoqolizm və ya "qumar”dan gedir. Çünki bu vərdişlər fonunda evliliyin davam etməsi orada böyüyən uşaqların psixologiyasına mənfi təsir göstərə bilər. Şiddət və ya klinik ruhsal problemlər olduğu halda da tərəflərin boşanma haqqında düşünməsi normaldır. Ancaq bu gün Azərbaycan ailələrində konfliktlər çox bəsit səbəblərdən qaynaqlanır. Tərəflərin biri-birini düzgün anlamaması və bu boşluqdan istifadə edən qohumların müdaxiləsi nəticəsində ailələr dağılır. Ailədə boşluq yaradan əsas amil isə iqtisadi müstəqilliyin olmamasıdır. Belə bir deyim var: "Kim pul verəcək, mahnını da o sifariş edəcək”. Çox təəssüf ki, Azərbaycan ailələrində vəziyyət bu səviyyəyə gəlib çatıb. Qayınana, qayınata himayəsində qalan gəlinlər əzilir”.
E.Rüstəmovun sözlərinə görə, ailə münaqişələrinin və boşanmaların qarşısını almaq üçün dövlət proqramı hazırlanmalıdır. Cəmiyyət maarifləndirilməli, ailə institutu formalaşdırılmalıdır. Ailələrdə problem olduğu təqdirdə tərəflər hara, kimə müraciət edəcəklərini bilməlidirlər. Ailədə bir balaca nifaq yaranan zaman onlar dərhal hüquqşünasa üz tuturlar. Yəni sonuncu atılmalı addımı elə ilk başdan atırlar. Bunun isə artıq geridönüşü olmur. Halbuki mövcud problemin həlli üçün psixoloqa və ya təyinatına uyğun mütəxəssislərə müraciət etsələr, bəlkə də problemin həllinə nail ola bilərlər”.
Psixoloq deyib ki, baş verən intiharlar, boşanmalar SOS siqnalıdır. Təcili olaraq bu istiqamətdə tədbir görülməlidir: "Evlənməzdən əvvəl gənclərin tibbi müayinəsi və bunun məcburi olması təqdirəlayiqdir. Ancaq çox yaxşı olar ki, gənclər psixoloji müayinədən də keçsin. Ən azından psixiatrik müayinəni genişləndirmək lazımdır. Ailə quran gənclər arasında konkret psixoloji pozuntusu olanları az deyil. Bununla bağlı əvvəlcədən tədbir görülmədiyi üçün ailə qurandan sonra bu durum bir az daha dərinləşir. Ancaq qabaqlayıcı tədbirlər görülsə, sonradan bu məsələ ciddi problemlərlə nəticələnməz”.
Şəymən