Şəhərdə də belədir, regionda da...

Məişət zorakılığında həmişə polisdən daha çox yardım istənilir
“Məişət zorakılığı və ailə münaqişələri ilə bağlı məsələlərin həllində qadın polislərin böyük köməyi dəyə bilər”



Dünən Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətinin məlumatına görə, iclasda çıxış edən nazir, general-polkovnik Ramil Usubov ötən il ərzində əməliyyat-xidməti fəaliyyətində əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu da bildirib və onların aradan qaldırılmasına dair konkret tapşırıqlar verib. Nazirin üzərində dayandığı məsələlərdən biri də münaqişəli ailələrin vaxtında uçota götürülməsi və barələrində zəruri profilaktik tədbirlərin keçirilməsinə nəzarətin gücləndirilməsi olub.

Bu isə onu deməyə əsas verir ki, münaqişəli ailələrlə iş, məişət zorakılığının qarşısının alınması hüquq-mühafizə orqanları üçün prioritet sahələrdən biridir.

Münaqişəli ailələrin uçota alınması və profilaktik tədbirlər aparılması bu sahədə hansı müsbət dəyişikliklərə səbəb ola bilər?

Məsələ ilə bağlı fikirlərini "Şərq”lə bölüşən "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın fikrincə, əslində, məişət zorakılığının qarşısının alınmasında ən çox iş görən məhz polislərdir:

- Bilirəm ki, məişət zorakılığı, münaqişəli ailələrlə iş DİN-in həmişə diqqət mərkəzindədir. Çünki, bu, hiss olunur. Təşkilatımız regionlarda dəfələrlə gender əsaslı qurbanlarla iş aparılması mövzusunda təlimlər keçirib və hər dəfə də polis əməkdaşları o təlimlərdə iştirak ediblər. Mən polisin bu məsələdə necə həssas olmasının şahidiyəm. Və sizə onu da deyim ki, məişət zorakılığında həmişə polisdən daha çox yardım istənilir. Zorakılığa məruz qalanlar daha çox polisə müraciət edir və ondan kömək gözləyirlər. Amma bu məsələdə qeyri-müəyyənlik və hətta boşluq da yaradan Nazirlər Kabinetinin 206 saylı qərarıdır. Qərara görə, mühafizə orderinin tətbiqi səlahiyyəti yerli icra hakimiyyyəti orqanlarına verilir. Deməli, zorakılığa məruz qalmış şəxs polisə müraciət edir, polis dərhal izahat alır, amma mühafizə orderinin tətbiqi üçün gərək polis icra hakimiyyətinə təqdimat versin. 

Bir halda ki, zorakılığın aradan qaldırılması, bu istiqamətdə profilaktik tədbirlərin aparılması polisə tapşırılır, daha mühafizə orderi niyə icra hakimiyyətinə həvalə edilir? Bu, "baş-ayaq”, dolayı bir sistemdir, sağ qulağın sol əllə qaşınmasıdır. Əgər mühafizə orderinin tətbiqi səlahiyyəti polisə həvalə edilsə, dərhal vəziyyətə uyğun qərar verilər və təxirəsalınmaz ölçü götürülər. Əminəm ki, belədə məişət zorakılığı qurbanlarının müdafiəsi daha güclü olar, cinayətlərin də qarşısı daha çox alınar.

M.Zeynalova məişət zorakılığı ilə bağlı problemlərin istənilən səviyyədə həll edilməməsinin əsas səbəblərindən biri kimi qadınların, ailələrin çox zaman şikayətçi olmamasını göstərdi:

- Hamımız bilirik ki, bu məsələdə mentalitet, adət-ənənə baryeri mövcuddur. Qadınlar çox zaman polisə şikayət etməkdən çəkinir, bunu ailəyə, ərə "xəyanət” hesab edirlər. Nəticələrsə bəzən çox faciəvi olur. Yenə də ağırlıq polisin üzərinə düşür. Polis sosial işçi deyil, onun öz vəzifələri var, amma görürük ki, məhz yenə də polis sosial işçi vəzifəsini də icra etməyə başlayır. Ailənin yola gətirilməsi, kişi və ya qadınla profilaktik söhbətlər, bunların hamısı polisin üzərinə qoyulur. Bu işdə xüsusilə qadın polislərdən istifadə edilməsi müsbət nəticə verər. Son illərdə qadın polislərimizin sayı da artıb. Məişət zorakılığı və ailə münaqişələri ilə bağlı məsələlərin həllində qadın polislərin böyük köməyi dəyə bilər. Məişət zorakılığı ilə bağlı xüsusi mərkəzlər olmalıdır. Hətta mən təklif edirəm ki, İnsan alveri ilə mübarizə idarəsi olduğu kimi, məişət zorakılığı ilə bağlı da xüsusi bir idarə yaradılsın. 

İdarənin ixtisaslaşmış kadrları olmalıdır. Ailə münaqişələri, məişət zorakılığı ilə bağlı müraciətlər daxil olduqda münaqişə yaradan tərəf xüsusi mərkəzlərə yönəldilsin. Orada da sosial işçi, psixoloq, hüquqşünas mütləq olmalıdır. Xüsusilə sosial işçi-polis tandemi güclü olmalıdır. Bu mərkəzlərdə tərəflərə hüquqi-psixoloji yardım göstərilməlidir. Bir məsələyə xüsusi diqqət ayrılmasını istərdim, bu da ondan ibarətdir ki, bu mərkəzlərə məişət zorakılığı məruz qalan tərəf yox, məhz zorakılıq etmiş tərəf yönləndirilməlidir. Zorakılığa məruz qalan və zorakılığı törətmiş tərəflə tamam fərqli iş aparılmalıdır. Çalışmalıyıq ki, zorakılığı törədən və buna meyilli olanlarla tərbiyəvi, profilaktik iş aparılsın.

Məlahət Rzayeva