Şəhərdə saxta su peyda olub

İşbazlar qapı-qapı düşüb 19 litrlik su satırlar
“Ümumiyyətlə, qablaşdırılmış sulardan kənar durmaq məsləhətdir”


Son zamanlar diqqət mərkəzində olan məsələlərdən biri su bazarındakı saxta suların satışıdır. Qapı-qapı gəzib suların satışı ilə məşğul olan işbazlar insanların sağlamlığına zərər dəyəcəyini fikirləşmirlər. Belə ki, evlərə aparılıb satılan 19 litrlik suların "ölü su” olduğu aşkarlanıb.

Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov əvvəllər bu sahədə mübarizənin daha güclü aparıldığını deyib: "Son vaxtlar bir çox saxtakarlar sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması ilə bağlı fərmandan sui-istifadə edirlər. Buna görə də su bazarında saxta suların satışı artıb. 19 litrlik saxta suların satışı müşahidə olunur. Halbuki, həmin sulardan dükanlarda satılmır. İstehlakçılar da diqqət etməlidirlər, əgər həmin sudan dükanda satılmırsa, deməli saxtadır. Antisanitar qaydada istehsal edilən, mənbəyi bilinməyən bu su insanda xəstəlik yarada bilər. Əhalinin diqqətinə çatdırmaq istəyirəm ki, 19 litrlik suları alıb içməsinlər”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında suyun qeyri-adi bir istehlak malı olduğunu, insanların keyfiyyətsiz suyu ayırd etməklərinin çətinliyini deyib: "Çox təəssüflər olsun ki, bəzi işbazlar insanları aldadaraq xeyli pul qazanırlar. Hətta "brend” suyun belə saxta variantı vardır. İnsanlar suyun dadı və rəngi olmadığı üçün bu saxtalığı seçməkdə çətinlik çəkirlər. Azad İstehlakçılar Birliyi (AİB) daim yollar axtarır ki, bu məsələyə aydınlıq gətirsin. Məsləhətim budur ki, insanlar müxtəlif sulardan istifadə etsinlər. İnsan orqanizmi daim dəyişir. Ona görə də sudan istifadə zamanı daim dəyişikliklər eləmək lazımdır. Ümumiyyətlə, qablaşdırılmış sulardan kənar durmaq məsləhətdir. Hazırda AİB bazarda olan 20-yə qədər su filtirçiləri üzərində müəyyən işlər aparır. Biz insanları aldadan saxtakarları ifşa edəcəyik. Çox təəssüflər olsun ki, bəzi dövlət orqanları bu hadisəni kənardan izləyir və heç bir müdaxilə etmirlər. İnsan orqanizminin 85 faizi su olduğu üçün xəstəliklərin də çoxunu suda aşkarlamaq lazımdır”.

Yeganə Bayramova