Akif Nağı dükanların önünə yazılan bu elanlardan narahatdır
"Axı şəhid övladı cibində arayış gəzdirmir ki, mağazaya yaxınlaşan kimi çıxarıb göstərsin"
Tahir Kərimli: "Şəhid ailələrinə, şəhid övladlarına bu cür qayğı göstərən insanları isə alqışlayıram"
Son vaxtlar hansısa mağazaların, meyvə-tərəvəz dükanları və ya kafelərin önündə "Şəhid övladlarına çörək pulsuzdur. Hesabları ataları tərəfindən ödənilib!” kimi kağız elanlara və ya lövhələrə rast gəlirik. Bu addımı atan sahibkarlar məqsədlərinin şəhidlər və onların ailələrinin unudulmaması, daim diqqət və qayğı görmələri və insanlarda vətənpərvərlik ruhunun artırılmasına bir töhfə verməkdən ibarət olduğunu deyirlər.
Şəhid ailələrinə qarşı göstərilən bu diqqət cəmiyyətdə müsbət qarşılansa da, müəyyən iradlar da var. Məsələnin çox həssas olduğunu vurğulayan ictimaiyyət üzvləri inanmır ki, hansısa şəhid övladının yolu o mağaza, dükan və ya kafenin yanından düşüb və onlar içəri girib "mən şəhid oğluyam, mənə pulsuz meyvə verin” desin.
Belə çıxır ki, bu elanlar reklam xarakteri daşıyır?
Qarabağ Azadlıq Təşkilatının sədri (QAT) Akif Nağı da "Şərq”ə açıqlamasında şəhid övladları üçün verilən elanlar, keçirilən kampaniyalarla ara-sıra rastlaşdığını deyib. Ancaq QAT sədri bu kampaniyaların bu cür açıq formada aparılmasının, böyük ölçülü hərflərlə yazıb mağazanın pəncərəsində vurmağın mənəvi baxımdan düzgün olmadığını deyib: "Bu addım insanlara xoş təsir bağışlasa da, bəzilərinin reklam məqsədi ilə istifadə etməsi xoşagələn deyil. Bu cür elanlar mağazanın daxili qərarlarında öz əksini tapa bilər. Yaxud da hansısa formada şəhid övladlarını müəyyənləşdirib, yardım etməyin bir yolunu tapmaq olar. Axı şəhid övladı cibində arayış gəzdirmir ki, mağazaya yaxınlaşan kimi çıxarıb göstərsin. Konkret elə bir arayış da yoxdur”.
Bu cür elanların məhz təbliğat xarakterli olduğunu vurğulayan QAT sədri deyib ki, bu cür kampaniyalar yerli icra orqanları tərəfindən nizama salınmalıdır. Bəlkə bu mağaza sahibləri özlərinə xüsusi imtiyaz almaq, vergidən azad olunmaq məqsədi ilə edirlər?
Millət vəkili Tahir Kərimli isə şəhid övladlarına qarşı bu cür diqqətli olan şəxsə təşəkkür edib və onun bu addımını cəmiyyətə mesaj kimi dəyərləndirib.
Başqa ölkələrdə şəhidlərə və onların ailələrinə böyük qayğı ilə yanaşıldığını deyən millət vəkili konkret olaraq, qonşu İranla, qardaş Türkiyəni misal çəkib: "Şübhəsiz, xalqımızın da şəhidlərə dərin hörməti var. Bu elanları yazan mağaza, dükan, kafe sahiblərinin bu addımı isə bir nümunədir.
Hesab edirəm ki, bütün yeməkxanalarda, restoranlarda və digər xidmət sahələrində də analoji addım atılsa, daha yaxşı olar. Biz hər zaman şəhid ailələrinə xüsusi diqqət, qayğı göstərməliyik ki, şəhidlərin yaxınları, bütün xalq onlarla fəxr etsin. Bəzilərinə qarşı pis münasibət göstərilməsi peşmançılıq yaradır. Lakin şəhid ailələrinə, övladlarına yaxşı münasibət isə onları qürurlandırır.
Mənim öz bacım şəhid anasıdır. Artıq yaşlanıb, şəhid övladından başqa övladları da var, ancaq gecə-gündüz şəhid oğlunu düşünür. Ona görə, belə təşəbbüsləri çox müsbət dəyərləndirirəm. Bütün xidmət sahələrində bu cür aksiyaların keçirilməsini arzu edirəm. Hətta növbədənkənar xidmət göstərmək də lazımdır. Şəhid ailələrinə, şəhid övladlarına bu cür qayğı göstərən insanları isə alqışlayıram”.
Şəymən