“Səhiyyə Nazirliyi səhvi etiraf edibsə...”

“Qalır, vətəndaşa dəymiş ziyanın ödənməsi məsələsi. Bunu da məhkəmə icra etməlidir”



Xəstənin sol ayağı əvəzinə sağ ayağını amputasiya edən həkim işdən azad edilib. Bu barədə qərar Səhiyyə Nazirliyinin dünən keçirilən kollegiya iclasında verilib. Kollegiya iclasında SN-in Xüsusiləşdirilmiş Angiologiya Mərkəzində baş vermiş hadisə - pasiyent Məmmədova Tərlan Həsən qızının ayağının səhv amputasiya olunması müzakirə edilib.

Məlum olub ki, aparıcı mütəxəssislərdən ibarət yaradılmış komissiya hadisəni araşdırıb və mərkəzin həkim-cərrahı Valeh Kərimovun işində ciddi nöqsana yol verdiyi müəyyənləşib. Buna görə də V.Kərimov tutduğu vəzifədən azad edilib, əməliyyat zamanı həkimə assistentlik edən həkim-cərrah Əfsər Rzazadəyə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Bundan əlavə, Mərkəzin direktoru Azər Şəmsəddinski də tutduğu vəzifədən azad edilib.

Bunlar məlum, bəs hər iki ayağından məhrum edilmiş qadının sonrakı taleyi necə olacaq? Hərəkət imkanı sıfırlanan qadına kimsə xidmət göstərməlidir, qaldırıb-oturtmalı, aparıb-gətirməlidir. Burada söhbət vətəndaşın sağlamlığına ağır xəsarətdən gedir. Həkimin işdən

çıxarılması, başqa birinə töhmət verilməsiylə Tərlan Məmmədovaya dəymiş zərbə aradan qalxacaq?!

Məsələyə münasibət bildirən hüquqşünas Müzəffər Baxış qeyd etdi ki, sağlamlığına xəsarət dəymiş vətəndaş məhkəməyə müraciət edib maddi təzminat tələb etmək hüququna malikdir:

- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 112-ci maddəsinə görə, tibb müəssisəsinin əməliyyat zamanı, yaxud, səhv diaqnoz qoyması səbəbindən vətəndaşın sağlamlığına ziyan dəyibsə, müəssisə dəymiş maddi ziyanı tam ödəməlidir. Vətəndaş ya özü, ya da ailəsi məhkəməyə müraciət etməli və tibb müəssisəsinə qarşı iddia qaldırmalıdırlar. Qanunda dəymiş ziyan tibb müəssisəsi tərəfindən ödənməlidir. Əgər vətəndaşa dəymiş ziyan məhkəmədə təsdiqini taparsa və maddi ziyanın ödənməsi də tibb müəssisəsinin üzərinə qoyularsa, bu halda tibb müəssisəsi də qarşılıqlı iddia ilə məhkəməyə müraciət edib maddi ziyanın ödənməsinin həkimin üzərinə qoyulmasını tələb edə bilər, bu əsasla ki, tibb müəssisəsinə ziyan məhz bu həkimin ucbatından dəyib. Yəni, qanunda dəymiş maddi ziyanın birbaşa həkimin deyil, tibb müəssisəsi tərəfindən ödənməli olduğu bildirilir.

M.Baxış qeyd etdi ki, vətəndaşa dəymiş ziyanın sübut olunması bəzən çətinləşir.

- Məsələn, məhkəmə iddia edə bilər ki, əməliyyat pulsuz həyata keçirilib, baxmayaraq ki, pulsuz əməliyyat edilmədiyi hamıya və hər kəsə gün kimi aydındır. Ancaq bundan dəlil kimi istifadə edə bilərlər. Xəstəyə tibb müəssisəsində qaldığı müddətdə çəkilən xərclərin sənədi tələb edilə bilər. İndi xəstənin qohumları necə hesablasın ki, neçə gün ona yemək gətiriblər, taksiyə pul ödəyiblər, tibbi personala pul veriblər və s. Hansı sənədi təqdim etsinlər? Vətəndaşın ayağı kəsilib, bundan sonra onun bir xidmətçisi olmalıdır ki, qulluq etsin. Həmin xidmətçiyə xərc çəkilməlidir. Bunu da əslində, məhkəmə nəzərə almalıdır və vətəndaşa maddi təzminat ödənilməsinə dair qərar verilməlidir. Ancaq biz bəzən məhkəmələrin də qeyri-obyektiv qərar çıxardıqlarını görürük. O qədər sənəd tələb ediləcək ki, bəlkə də o ailə usanıb məhkəmə istintaqından əl çəkəcək. Amma burda hər şey aydındır: görünən dağa nə bələdçi?! Səhiyyə Nazirliyinin kollegiyası həkimin vəzifə başında ciddi nöqsana yol verdiyini təsdiqləyib və bu səbəbdən onu vəzifəsindən azad edib. Deməli, Səhiyyə Nazirliyi səhvi etiraf edir. Qalır, vətəndaşa dəymiş ziyanın ödənməsi məsələsi. Bunu da məhkəmə icra etməlidir.

M.Baxış bildirdi ki, Cinayət Məcəlləsində 131.2-ci maddəsinə görə ehtiyatsızlıqdan şəxsə ziyan vurduqda ən sərt cəza 6 aydır. Amma avtomobil idarə edən şəxs yol hərəkəti qaydasını pozması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda 3-5 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Məsələn, Atletlər kəndində baş vermiş qəzaya görə prokuror təqsirləndirilən şəxslərə ayra-ayrılıqda 3, 5, hətta 7 il azadlıqdan məhrumetmə cəzası istəyib. O hadisədə də ehtiyatsızlıqdan, səhlənkarlıqdan şəxsin sağlamlığına az ağır və ya ağır zərərvurma var. Səhiyyə sistemində isə həkimlərin səhlənkarlığı, ehtiyatsızlığı səbəbindən bu qədər ölüm halları, vətəndaşların sağlamlıqlarını itirməsi, şikəst olmaları hadisələri baş verir, cəzanın "böyüyü” işdən kənarlaşma, kiçiyi də töhmətdir. Həkim xəstənin həyatına cavabdehdir. İstisna deyil ki, həkim də haradasa səhv etsin, hansısa səbəbdən əməliyyat düzgün aparılmasın, heç kim iddia edə bilməz ki, həkim bilərəkdən pasiyentin həyatını təhlükəyə atıb. Amma hər bir əməlin əvəzi olmalıdır. Pasiyentin sağlamlığına zərər dəyibsə, bunun əvəzini həkim ödəməlidir. Həmin həkim ayağını səhv amputasiya etdiyi qadına bəlkə də ömrünün sonunadək xidmət etməli, ya da ona xidmətçi tutub pulunu ödəməlidir. Heç bir əməl cəzasız, əvəzsiz qalmamalıdır.

Məlahət Rzayeva