Səhiyyə Nazirliyindən Xızıda aptekin olmamasına münasibət: "Biz aptek açan deyilik"





"Səhiyyə Nazirliyi (SN) rayonlarda aptek açmır”.

Bunu "Sherg.az”a 16 minlik əhalisi olan Xızı rayonunda bir dənə də olsun aptekin olmamasına münasibət bildirərkən SN sözçüsü Liya Bayramova deyib. 

O bildirib ki, hansısa rayonda aptek yoxdursa, bunun məsuliyyətlisi nazirlik deyil:

"Apteklər özəl müəssisələrdir. SN yalnız dərmanların keyfiyyətinə, tərkibinə nəzarət edir. Apteklərin lisenziya məsələsi isə İqtisadiyyat Nazirliyinin tabeliyindədir. SN nə xaricdən dərmanlar gətirir, nə də ölkədə satışını həyata keçirir. Dolayısı ilə, Xızı rayonunda aptek yoxdursa, Səhiyyə Nazirliyi orada aptek aça bilməz. Biz aptek açan deyilik”.

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə, Azərbaycanın paytaxt Bakıya ən yaxın turizm rayonu olan Xızıda aptek yoxdur. Əhalisi 16 370 nəfər təşkil edən rayonda aptek olmaması ictimaiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə obyekti olub.

Xatırladaq ki, Xızı rayon İcra Hakimiyyəti (İH) də rayonda aptekin olmadığını təsdiqləyib. Qurumun məlumatına görə, insanlar dərmana olan ehtiyaclarını Sumqayıtdan və digər yaxın rayonlarda olan apteklərdən qarşılayırlar.

Aysel Aslan