Sərdar Cəlaloğlu Siyavuş Novruzova cavab verdi

“Bir papkası, bir sədri və bir möhürü olan təşkilatları hökumətin özü yaradıb”



Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov ölkədəki siyasi təşkilatların fəaliyyətindən danışıb. O qeyd edib ki, Azərbaycanda qeydiyyatdan keçən siyasi partiyaları müxtəlif kateqoriyalara bölmək olar:

"Birinci, bütün ölkə ərazisində fəaliyyət göstərənlər. Bu, Yeni Azərbaycan Partiyasıdır. İkincisi, Bakı və ətrafı bir neçə rayonda, bölgədə fəaliyyət göstərənlər. Üçüncüsü, qəzet üzərində fəaliyyət göstərənlər. Dördüncüsü isə bir sədri, bir möhürü, bir papkası olanlardır. Belə partiyalar var və Azərbaycan cəmiyyətində fəaliyyət göstərirlər. Siyasi partiya yarananda qarşısına məqsəd qoyur və vəzifələr müəyyənləşdirir. Əgər partiyanın məqsəd və vəzifəsi yoxdursa, sadəcə siyasi partiya adını daşıyırsa, bəzi hallarda alqı-satqı obyektinə çevrilirsə, belə partiyalar cəmiyyət üçün ziyanlı bir vasitəyə çevrilir. Bu baxımdan dünya təcrübəsini öyrənmişik. Məsələn, Avropa Birliyinə daxil olan ölkələrdə siyasi partiyanın iki il müddətində ciddi fəaliyyəti olmasa, qeydiyyatı ləğv olunur. Azərbaycanda da belə bir qanun tətbiq oluna bilər”.

N.Novruzovun iddiasına cavab verən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə söyləyib ki, bir papkası, bir sədri və bir möhürü olan təşkilatları hökumətin özü yaradıb: "Bir qrup siyasi təşkilatın fəaliyyəti isə ölkədəki qeyri-demokratik şərait nəticəsində məhdudlaşıb. Onların işi zəifləyib. İşlərini qura bilməyiblər. Biz dəfələrlə adı olub özü olmayan təşkilatların qeydiyyat məsələsini qaldırmışıq. Elə partiya var ki, adını Ədliyyə Nazirliyində bilən yoxdur. Ölkədə müxtəlif hadisələr olur. Qeydiyyatdan keçən 55 təşkilatdan biri durub, fərqli bir mövqe ortaya qoymur. Partiyaların zəifləməsinin günahkarı hökumətin özüdür”.

Ayyət Əhməd