Ata azyaşlı qızını serebral iflic xəstəsi olduğuna görə küçəyə atıb. Uşağın anası isə övladını və özünü saxlaması üçün valideynlərindən kömək istəsə də, bu, nəticəsiz qalıb. Sonunda ana övladını da götürərək, "Ümid yeri” uşaq sığınacağında məskunlaşmalı olub.
Digər bir vətəndaşımız iflicin "paraplegiya” növündən əziyyət çəkən Sumqayıt şəhər sakini Samir İmanov isə serebral iflic xəstəsi olan 4 yaşlı oğlunun müalicəsi üçün kitab yazıb, satır. Samir və həyat yoldaşı övladlarının əlil arabasına məhkum olmaması üçün çalışırlar. Bütün maddi çətinliklərə, işləmək məhdudiyyətinə rəğmən Samir uşağın əməliyyatı üçün lazım olan 10 min manatı qazanmağa çalışır.
İki fərqli regionda, iki fərqli ailədə mövcud olan vəziyyətlər arasındakı oxşarlıq isə hər ikisində serebral iflic xəstəsi olan azyaşlının taleyindən bəhs olunmasıdır. Birinin valideynləri onu heç vaxt atmaz, sağalması üçün canından-qanından keçər, digərinin isə atası təəssüf ki, bu hisslərdən uzaqdır. Və onu da vurğulamalıyıq ki, ümumiyyətlə, iflic yaxud fiziki məhdudiyyətlə doğulan uşaqların əksəriyyəti elə bu körpə kimi küçəyə, uşaq evlərinə atılır.
Uşaqlar niyə serebral iflic xəstəliyi ilə dünyaya gəlir?
Pediatr Vaqif Qarayev "Sherg.az"a açıqlamasında serebral iflicin səbəblərini izah edib. Həkimin sözlərinə görə, belə xəstəliklərdə hər şey hamiləlikdən başlayır:
"Ona görə, dəfələrlə vurğulayırıq ki, hamilə qadınlar mütləq vaxtlı-vaxtında müayinələr etdirməli, həkim nəzarətində olmalıdırlar. Hamiləliyin gedişatı, əvvəlki dövrdə qadın hansı problemlərlə qarşılaşıb, ölü doğulan, yaxud yarımçıq hamiləliklər olubmu – bütün bunlar araşdırılır. Ailədə, genetikada eyni problemlə doğulan uşaqların olub-olmamasının da böyük əhəmiyyəti var.
Adətən serebral iflic xəstəliyindən əziyyət çəkənlərin valideynləri belə ifadə işlədirlər ki, uşaq doğuş vaxtı travma alıb. Lakin bu, bir qədər kobud ifadədir. İstənilən mexaniki travma serebrel ifliclə nəticələnə bilməz. Ona görə, bu fikri qəbul etmirəm. Əsas problem, yenə vurğulayıram ki hamiləlik zamanı yaranan problemlədir. Bəzi ailələrdə bir neçə uşağın hətta eyni xəstəlikdən əziyyət çəkdiyini görmüşəm. Bu zaman valideynlərin hamısında qohumluq əlaqəsi faktı üzə çıxıb. Yaxın qan qohumlarının nikahında belə hallara çox tez-tez rast gəlinir. Nevrologiya qəbul etməsə də, amma təcrübə bunu sübut edir.
Erkən və gecikmiş hamiləliklər də risk faktorudur. Ananın yaşı az və ya 35-dən çox olduqda belə fiziki məhdudiyyətli uşaqların doğulması riski artır. Belə hamiləliklər ciddi həkim nəzarətində olmalı, vaxtaşırı müxtəlif analizlərdən keçirilməlidir. Xüsusən hamiləliyin son həftələrində iflicdən xəbər verəcək bəzi halları görmək olur”.
Əksər valideynlərin hamiləlik zamanı 4-5 həkimə getdiyini vurğulayan V.Qarayev söyləyib ki, bir həkimin müalicəsi başa çatmamış, digər həkim başqa müalicə, başqa təyinat verir:
"Nəticədə vaxt gedir, heç bir həkimin müalicəsi effekt vermir. Valideynlər çaş-baş qalır, ümidsizləşirlər. Uşağın əlil doğulması isə ailə üçün həm mənəvi-psixoloji, həm də maliyyə baxımından yükdür. Dərmanlar həddindən artıq bahadır və xəstə uşaq bunları illərlə qəbul etməlidir. Bu xəstəlikdən əziyyət çəkən uşaqların reabilitasiyası üçün terapiya çox vacibdir.
İflic olan uşaq fiziki inkişafdan qalır, ona görə intellektual inkişafı önəmlidir. Bu inkişaf edəcəksə, uşaqlar özlərini idarə edə bilirlər. Hətta əllərində, barmaqlarında ciddi deformasiyalar olan uşaqlar fərdi müəllimlə məşğul olur, normal yazırlar. Amma ən çox yerimə problemi olan uşaqları valideynlər daim "əllərində gəzdirməlidir”.
Onu da qeyd etməliyəm ki, bu sosial bəladır. Bütün ailələrin uşaqlarına normal kömək etmək imkanı olmur. Düzdür, serebral iflicdən və digər fiziki məhdudiyyət yaradan xəstəliklərdən əziyyət çəkənlərə dövlət təqaüd ayırır, amma bu o uşaqların baxımı üçün kifayət etmir. Ona görə, bu ailələrə dövlət, QHT-lər və s. qurumlar tərəfindən xüsusi kömək olmalıdır ki, uşaqlar müəyyən yaşa çatanda həm fiziki, həm də intellektual baxımdan özlərini idarə etsinlər”.
Aysel Aslan